Azərbaycanla Ermənistan anlaşa biləcəkmi: Bakı təklif, Yerevan reaksiya verdi

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Rauf Mirqədirov: “Rusiyanın təkbaşına vasitəçiliyi qəbulolunmazdır”

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün Yerevana təqdim etdiyi təkliflər paketi açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

5 hissədən ibarət təkliflər arasında dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması ilk sırada gəlir.

Digər 4 təklif aşağıdakı kimi sıralanıb:

  • Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  • Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
    Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Ermənistan XİN Azərbaycanın təkliflərinə reaksiya verib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, Azərbaycanın son göndərdiyi 5 təklifə cavab olaraq beynəlxalq sənədlərə istinadla, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət ediləcək.

“Azərbaycanın təklifləri, Ermənistanınsa reaksiyası normaldır”

Politoloq Rauf Mirqədirov Azərbaycanın təkliflərini və Ermənistanın reaksiyasını normal sayır.

O, Meydan TV-yə deyib ki, Bakının təklifləri standartdır:

“Sonuncu bənddə komunikasiyaların açılması şərt kimi qoyulur ki, bu da Yerevanın maraqlarına cavab verir. Qalan 4 təklif isə iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün vacib təkliflərdir, yəni bunlarsız sülh müqaviləsi imzalamaq mümkün deyil. Ermənistanın reaksiyası da normaldır və bu danışıqlar müxtəlif formatda keçirilə bilər. Amma bütün formatlarda, yəqin ki, qarant verən dövlətlər də lazım olacaq”.

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəflərin birbaşa, vasitəçi olmadan danışıqlar aparmasını təklif edib. Bu, daha yaxşı olardı. Sadəcə, vasitəçilərsiz keçinmək çox çətin olacaq. Ən azı Rusiya vasitəçi kimi çıxış etməyə çalışacaq. Bu halda ATƏT-nin vasitəçi kimi çıxış etməsi hər iki tərəfin maraqlatına cavab verir, əgər Moskvanın vasitəçiliyindən imtina etmək mümkün olmayacaqsa”, – deyə siyasi şərhçi bildirib.

Rauf Mirqədirov
Rauf Mirqədirov, Foto: Meydan TV

R.Mirqədirov hesab edir ki, Rusiyanın təkbaşına vasitəçiliyi qəbulolunmazdır: “Çünki Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən dövlət deyil. Ukrayna hadisələri bir daha sübut etdi ki, Kremldə oturanlar bütün razılaşmaları pozmağa hazırdırlar”.

Onun sözlərinə görə, bu cür şəraitdə danışıqların sürətlənməsi çox vacibdir: “Ən azı dövlətlərarası münasibətlərdə bir aydınlıq ola bilər. Növbəti böhranların qarşısını almaq üçün beynəlxalq aləm fəal olmalıdır”.

“Rusiyanın Ukraynadakı uğursuz əməliyyatları Ermənistanı qorxuya salıb”

Siyasi şərhçi hesab edir ki, hətta həmin 5 bəndi ehtiva edən müqavilə imzalansa da, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin problemi həll olunmur:

“Hələlik onlar Azərbaycanın bölgədə suveren hüquqlarını tanımaq istəmirlər və özlərini Azərbaycan vətəndaşı saymırlar. İkincisi də, Azərbaycan həmin ərazilərə nəzarət edə bilmir. Bölgədə nəzarət tamamilə Rusiyanın əlindədir. Ona görə də problemin tam aradan qaldırılması məhz Qarabağdakı ermənilərin məsələsinin həllindən asılıdır. Bakı hansı vasitələrdən istifadə edəcək, bu, artıq başqa məsələdir. İstənilən vaxt Rusiya təsir imkanlarını işə sala bilər”.

Siyasi şərhçi Əhməd Əlili isə Bakının Tehranla dəhliz razılaşmasının Azərbaycanın təsir imkanlarını gücləndirdiyi qənaətindədir:

Əhməd Əlili
Foto: Əhməd Əlilinin şəxsi arxivi

“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı asılılığı artıq azaldığından tələb səviyyəsini qaldıra bilər. Artıq tələb səviyyəsini qaldırdığı da sezilir. Eyni zamanda, XİN-nin son bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyanın son sülh açıqlamalarına bir reaksiyası idi”.

O deyir ki, Rusiyanın Ukraynadakı uğursuz əməliyyatları Ermənistanı qorxuya salıb:

“Çünki Azərbaycanın Ermənistanın şərtlərini qəbul etməyəcəyi məlumdur. Ona görə də Yerevan mümkün qədər diplomatik fəallığını artırır ki, Moskvanın Ukraynada zəif performansının onlara əks təsirini azalda bilsin”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.
Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Ana səhifəSiyasətAzərbaycanla Ermənistan anlaşa biləcəkmi: Bakı təklif, Yerevan reaksiya verdi