Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Natiq Cəfərli: ”Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir”

Source:


Natiq Cəfərli: ”Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir”

1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. dollar (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8 faiz təşkil edib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 58,6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32,9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8,5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Cari ilin 1 yanvar tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8,8 faiz, valyutalar üzrə isə dollar ilə – 66,3 faiz, avro – 20,4 faiz, yapon yeni – 2,5 faiz, BƏƏ dirhəmi – 0,8 faiz, İslam dinarı – 0,6 faiz, Səudiyyə rialı – 0,4 faiz, Küveyt dinarı – 0,2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən iqtidisadçı Natiq Cəfərli hesab edir ki, əslində, sırf dövlət borcu o qədər də çox deyil. Azərbaycandan qat-qat borclu olan dövlətlər var. Problem borcların sürətlə artması və hökumətin borclanma yollarını axtarmasıdır.

Natiq Cəfərli

İqtisadçı deyib ki, bu yaxınlara qədər prezident başda olmaqla rəsmilər dövlət borcunun ÜDM-nin cəmi 8-9 faizini təşkil etdiyini iddia edirdilər. Rəsmi etirafın müsbət cəhəti rəqəmlərdə anlaşılmanın olmasıdır. Maliyyə Nazirliyinin məlumatında dövlətin aldığı borclardan söhbət gedir. Dünya praktikasında isə ölkələrin borcu konsolidə olunmuş borc şəklində hesablanır. Yəni həm birbaşa dövlət borcları, həm dövlət zəmanətiylə alınmış borclar, həm də kommersiya qurumlarının müxtəlif kanallarla cəlb etdiyi borclar. Əgər dövlət təminatıyla borcdan söhbət gedirsə, rəsmi göstəriləndən daha çox bor var. Bura SOCAR, Azenerjinin və digərlərinin cəlb etdiyi vəsait daxildir, açıqlamalara görə rəqəm 8 milyarddan çoxdur. Dövlət borcu 6,9 milyard olduğu halda, dövlət zəmanətiylə qəbul olunmuş borclar 8 milyarddan çoxdur. Bundan əlavə Beynəlxalq Bank və və digər bankların 5,7 milyard dollar borcu var. Ancaq bunun nə qədəri Beynəlxalq Banka aid olduğu barədə açıqlama verilmir. Bütün bunları toplayanda Azərbaycanın 20 milyarda yaxın borcu olduğu aydınlaşır. Bu isə ÜDM-in təxminən 60 faizini təşkil edir, Azərbaycan üçün çox yüksək rəqəmdir.

“Çox maraqlı məqam ondan ibarətdir ki, borcların təxminən 58 faizi 10 ilə qədər ödənməlidir. Amma hansı qrafiklə ödəniləcəyi açıqlanmır. 10 ildən 20 ilə qədər ödənilən borclar isə 33 faiz təşkil edir. Deməli, yaxın 10-20 ildə Azərbaycan borc ödəyəcək və bundan sonra qurulan hökumətlər də borc qaytarmalı olacaqlar. İndiki iqtisadi modeldə Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir”,-deyə Cəfərli bildirib.

Ana səhifəXəbərlərAzərbaycanın xarici dövlət borcu açıqlanıb