Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi bir neçə il uzanacaq

”Danışıqların uzanmasının səbəbləri siyasidir”

Source:


”Danışıqların uzanmasının səbəbləri siyasidir”

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinin bir neçə il də uzanacağına işarə verib.

Nazir müavini bu barədə dekabrın 12-də jurnalistlərə

danışıb

.

O, deyib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır:

“Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun”.

Nazir müavini Avropa İttifaqı ilə danışıqlarda sektoral və siyasət blokunda irəliləyişin olduğunu, ancaq ticarət və investisiya sahəsi üzrə danışıqlarda ləngimənin müşahidə edildiyini də söyləyib:

“Bu, Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlı ola bilər. Onlar hər bir maddəyə ÜTT-ni daxil edirlər”.

Demokratiya Monitorinqi Təşkilatının sədri Fuad Həsənov Meydan TV-yə xatırladıb ki, Gürcüstan və Ermənistan Azərbaycandan fərqli olaraq uzun müddətdir ÜTT üzvüdür. Qazaxıstan 2015-ci ildə üzv olub, hətta Əfqanıstan və Nigeriya da təşkilatın üzvüdür:

“Ümumdünya Ticarət Təşkilatı 1995-ci ilin yanvarında yaranıb. Təşkilatın 162 üzvü var və 24 ölkə ilə danışıqlar gedir, onlardan biri Azərbaycandır. Təşkilatın məqsədi üzv ölkələrin əhalisinin maneəsiz ticarət mübadiləsi etməsinə, rifahının yaxşılaşmasına dəstəkdir”.

Mahmud Məmmədquliyev foto APA

Onun sözlərinə görə, dəfələrlə ÜTT-dan Azərbaycana üzvlüklə bağlı müraciətlər edilib, amma rəsmi Bakının cavabı belə olur: bu bizim üçün həddən artıq aktualdır, təəssüf ki, hazırda mümkün deyil.

“Nə üçün mümkün deyil, problem nədən ibarətdir? Başqa bir məqam. Təsəvvür edin, Avropa İttifaqı Azərbaycanla birlikdə 46 tvinninq – texniki məqsədli layihələr həyata keçirib, iqtisadi islahatlarla bağlı dövlət institutlarına çoxlu vəsait ayırıb ki, QHT-lərə bu qədər qrant heç zaman ayrılmayıb. 2007-ci ildən 48 layihə gerçəkləşdirilib, hər bir layihənin ortalama qiyməti 1 milyon avrodur. Bu islahatlar layihəsi gömrük, vergi və digər sahələri əhatə edir. Amma söhbət ÜTT-ya çatanda, rəsmi Bakı hazır olmadığını deyir. Hökumət bu barədə heç vaxt konkret danışmır ki, yerli və xarici ictimaiyyət məlumatlı olsun”.

Fuad Həsənov Mahmud Məmmədquliyevin peşəkarlığına şübhəsi olmadığını, ancaq hakim siyasi elitanın siyasi iradəsinə ehtiyacın olduğunu deyib:

Fuad Həsənov

“Bugünlərdə nazir müavinin “Şərq Tərəfdaşlığı sazişi” barədə müsahibəsindən belə çıxır ki, yenə də günahkar qarşı tərəfdir. Guya, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqe istənilən səviyyədə deyil. Halbuki, Avropa Şurası və Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələri və bəyanatları var. Düzdür, hər iki qurumun sənədlərində insan haqlarına yönəlik bəndlər də olub ki, bu, təbiidir. Çünki Avropa Şurasının missiyası konfliktlərin həlli yox, demokratikləşmə və insan hüquqlarının müdafiəsi ilə bağlıdır. Avropa İttifaqı daha əhatəli qurumdur. Birliyin əsas üzvü Almaniya Bundestaqı bir neçə ay əvvəl Azərbaycanın ərazi bütövlüyü barədə qətnamə qəbul edib. Nədənsə, hökumət bəhanə tapmağa çalışır, amma səbəb axtarışında ciddi deyil. Ona görə Avropa İttifaqı ilə sazişi uzatmaq, yaxud ÜTT-na qəbul olmağı yubatmağın anlamı yoxdur. Əslində, səbəb siyasidir, hakimiyyət bu məsələdə tərəddüd edir. Mahmud Məmmədquliyevin açıqlaması da siyasi iradənin olmadığını göstərir”.

Avropa İttifaqının ekspertləri də dəfələrlə Azərbaycanın ÜTT üzvlüyünün olmamasının yeni saziş üzrə danışıqlara maneə olduğunu qeyd

ediblər

.

Onlar bildirirlər ki, Avropa İttifaqının standart müqavilələri Ermənistan və Qazaxstanın nümunəsində olduğu kimi ölkənin bu təşkilata üzvlüyünü nəzərə alır və müqavilə həmin hesabla tərtib olunur. Avropa İttifaqının rəsmiləri bildirirlər ki, Azərbaycan məsələsində isə ÜTT-a üzvlük olmadığından standartdan kənara çıxmaq məcburiyyətində qalırlar.

ÜTT 1995-ci il yanvarın 1-də yaradılıb. Təşkilatın yaradılmasında məqsəd üzv ölkələr arasında beynəlxalq ticarətin liberallaşmasıdır. Keçmiş SSRİ-nin yalnız dörd respublikası – Azərbaycan, Belarus, Özbəkistan, Türkmənistan – təşkilatın üzvü deyil.

Azərbaycan 1997-ci ildən təşkilatda müşahidəçi statusu əldə edib. Həmin ilin 16 iyulunda ÜTT-in katibliyində Azərbaycan üzrə işçi qrup yaradılıb.

Azərbaycan 2004-cü ildən ÜTT-a üzv ölkələrlə danışıqlara başlayıb.

Ana səhifəXəbərlərAzərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi bir neçə il uzanacaq