”Azərbaycanın Şaakaşvilisi” varmı?

Təhlükə ondadır ki, Azərbaycanda bolşevizim meyləri artıb

Source:


Təhlükə ondadır ki, Azərbaycanda bolşevizim meyləri artıb

Azərbaycanda nə baş verir? Nüfuzlu Qərb mətbuatı bu suala cavab axtarır və olduqca bədbin proqnozlar irəli sürürlər. Kənardan görünən budur ki, artıq heç bir addım ölkəni xilas edə bilməyəcək. Siyasi elitanın qarşısında iki yol qalır – ya demokratiyaya yumşaq keçidi reallaşdırmaq, ya da xaosun girdabında ölkənin sonunu yaxınlaşdırmaq.

Bu gün əyalətlərdə ilk baxışdan, kortəbii təsir bağışlayan etiraz aksiyaları keçirilir. Bu aksiyaları kimin təşkil etməsindən asılı olmayaraq, bir həqiqət meydana çıxır. Əhali acdır, etiraz aksiyası lümpenləşmiş kütlə üçün bir nümunədir. Sosioloqlar əmindirlər ki, idarəolunmaz xaos olmur. Xaos baş veribsə, deməli, bu, kiməsə lazımdır. Heç də təsadüfi deyil ki, bölgələrdə xaosun ayaq səsləri dövlət başçısının martın sonunda ABŞ-a səfər edəcəyi xəbərləri ilə üst-üstə düşdü. Əslində, rəsmi Bakıya şans verilmişdi. Siyasi məhbusları azad edəcəyi, ciddi islahatlara başlayacağı təqdirdə dövlət başçısının Birləşmiş Ştatlara səfəri baş tutacaqdı və Vaşinqton geosiyasi tərəfdaşına dəstək verməyi düşünürdü. Lakin Azərbaycan hakimiyyəti nəinki islahatlara getdi, əksinə, parlamentdə ABŞ-a savaş elan edən tragikomik layihəni müzakirəyə çıxardı. Bununla da yekunlaşmadı. Bakı Rusiyaya reveranslarını davam etdirdi. Neftin qiymətinin kəskin aşağı düşməsi Rusiyanın çöküşünü qaçılmaz etdi. Rusiya artıq özünü müdafiə etməyə qadir deyil. Malik olduğu nüvə silahı şantajdan uzağa getmir. Putin anlamaq belə istəmir ki, müasir dünyada nüvə şantajı işləmir və maliyyə bombası daha effektlidir.

Bu gün elə vəziyyət yaranıb ki, istər ABŞ, istərsə də Rusiyanın Bakını məğlub etmək imkanları mövcuddur. Sadəcə, bunu kimin həyata keçirəcəyi müzakirə predmetidir. Bütün bunların fonunda İlham Əliyevin ABŞ-a səfəri planlaşdırılır. Ölkə rəhbəri Birləşmiş Ştatlara hazırlıqlı gedə bilər. Siyasi məhbusları azad edə, ciddi islahatlara start verə və bununla da ötən ilin dekabrında itirdiyi şansı bərpa edə bilər. Lakin bu dəfə asan olmayacaq. Bölgələr qaynayır. Görünür, kimlərsə yenidən situasiyaya nəzarəti ələ keçirmək istəyirlər.

Maraqlıdır ki, Rusiya mətbuatı Azərbaycanda baş verənlərin Qərb tərəfindən həyata keçirildiyində israr edirlər.  Qərb isə qətiyyətlə belə bir ehtimalı təkzib edir.

Bölgələrdə baş verənlər, ölkədə insanların aclıq təhlükəsi ilə üzbəüz qalması bir həqiqəti də üzə çıxardı – ciddi islahatlar olmasa, müsbət proses yaşanmayacaq. Vətəndaşlara real azadlıqların verilməsi, müstəqil məhkəmə sisteminin yaradılması, normal siyasi münasibətlərin formalaşdırılması vəziyyətdən çıxış yolu ola bilərdi. Lakin bütün bu islahatlar siyasi elitanın hakimiyyətdən dinc yolla  getməsi anlamına da gələ bilər. Təbii ki, siyasi  elita buna hazır deyil.   Odur ki, ölkədə sabitliyin pozulması qaçılmaz görünür.  Etiraz edənlərin hamısını zərəsizləşdirmək sadəcə mümkün deyil. islamçılar, demokratlar, jurnalistlər, sadə vətəndaşların hamısını həbs etmək imkansızdır. Bütün bunlar ölkədə qanlı olaylar perspektivini yaradır.  Kənar qüvvələr də bu vəziyyətdən faydalana və ölkədə sabitliyi qəti şəkildə pozmaq üçün ictimai simalardan kimisə aradan götürə də bilərlər. İlk baxışdan, hakimiyyət üçün heç bir təhlükə kəsb etməyən simanın fiziki mövcudluğuna son qoyularsa, artıq kataklizmlərin qarşısını heç kəs ala bilməyəcək. Burada, ABŞ Milli Demokratiya İnstitunun Bakı ofisinin sabiq rəhbəri Aleks Qriqorevsin son açıqlamasını da xatırlamaq lazım gəlir. Vaşinqtonun nüfuzlu eksperti hesab edir ki, yaxın zamanlarda Azərbaycanda etirazlar artacaq və hakimiyyət belə çıxışları amansızlıqla yatıracaq.  Ekspert sanki Birləşmiş Ştatların ultimatiumunu Bakının nəzərinə çatdırır – xalq etirazları Bakıya da çatacaq və hakimiyyət təmsilçiləri arasında maliyyəyə nəzarət uğrunda həlledici döyüş başlayacaq. A. Qriqoriyevs baş verənlərin dini çalar alacağını da bildirir. Amerikalı ekspert sanki Vaşinqtonun mövqeyinin nəzarə alınmayacağı təqdirdə Bakını gözləyən perspektivi də açıqlayır – “mövcud hakimiyyət iflasa məhkumdur və onun gedişi zaman məsələsidir.  Təəssüf ki, mövcud hakimiyyətin əvəzlənməsi zamanı müsbət heç nə baş verməyəcək. Hər bir variant mümkündür- hətta Azərbaycanın Rusiya və İran tərəfindən işğalı da istisna edilmir”.

Əgər rəsmi Baki ABŞ-la birmənalı şəkildə münasibətini pozarsa, onda Rusiyanı əsas tərəfdaş kimi seçə bilər. Belə olan təqdirdə, Kreml rəsmi Bakiya nə təklif edə bilər? Heç də təsadüfü deyil ki, hakimiyyətdə təmsil olunan və Rusiyanın maraqlarina birbaşa qulluq edən məlum qrup Qarabağda hərbi əməliyyatlar başlayarsa, Kremlin dəstəyi ilə Azərbaycanın işğal edilən altı rayonunu azad edilə biləcəyini təbliğ edir.

Bir sözlə, Bakı  Kreml tərəfindən savaşa təhrik edilir. Bu, bir  tələdir. Jurnalist Rauf Mirqədirovun həbsində Kremlin bu oyununu de- şifrə etməsi versiysi daha inandırıcı səslənir. Belə ki Azərbaycan hərbi əməliyyatlara şirnikləndirilərsə, Moskvanın öz forfosdu olan Ermənistana kömək edəcəyi şəksisdir. Bu isə yeni torpaq itkisi və hərbi məğlubiyyət anlamına gəlir.  Heç şübhəsiz ki, Qarabağ savaşında yeni məğlubiyyət onsuzda devalvasiya nəticəsində diz çökdürülmüş Bakıya yeni qaçqın ordusunun gəlişi ehtimalını artırır.  Bu isə artıq fəlakətdir. Belə bir acınacaqlı prespektiv Rusiyadan Bakıya yüz minlərlə soydaşımızın qovulması ilə müşayiət edilə bilər.  Heç kəs zəmanət verə bilməz ki, həmin şəxslərin sırasında Rusiya kəşfiyyat orqanlarına xidmət edən agentlər olmayacaq. Bir sözlə, Moskva Bakıda kütləvi iğtişaşlar və acların qiyamını asanlıqla həyata keçirə bilər. Bu müstəvidə ölkədə dini və etnik zəmində savaşlar da alovlandırıla bilər. Belə bir perespektiv onunla qəlizləşir ki, proseslərə İran da müdaxilə edə bilər. Ötən təhlilimizdə məhz bu məsələyə toxunmuşduq və A. Qriqorevs yuxarıda göstərilən proqnozunda arqumentlərimizin əsaslı olduğunu təsdiq etmiş oldu. Rusiyanın Azərbaycanın mövcudluğuna son qoymaq iqtidarında olan bu planına qarşı Vaşinqtonun əks planı varmı? Təbii ki, belə bir plan mövcuddur və bu, demokratiyaya keçidi özündə ehtiva edir.  İlk növbədə, Nazirlər Kabineti tam tərkiblə istefaya göndərilməli və gənc, peşəkar mütəxəssislərdən ibarət yeni hökumət formalaşdırılmalıdır. Ən əsası isə bir nəfər müxalifətçinin belə təmsil olunmadiği Milli Məclis buraxılmalı, yeni böhran dövrünün parlamenti formalaşdırılmalıdır. Son parlament seçkiləri iqtidarın sonunu yaxınlaşdıran amilə çevrildi. Hətta konstruktiv müxalifətin qanunverici orqanda təmsil edilməməsinin bədəli olmalı idi.

Azərbaycanda ağır iqtisadi böhran yüz minlərlə insanı bir anın içində dilənçi vəziyyətinə saldı, bölgələrdə acların qiyamı reallaşmaqdadır, ölkə uçuruma gedir, parlament isə nə baş verdiyi anlamır, nəinki müzakirə etmək. Sual yaranır: Madər Musayevin 26 illik deputatlığı kimə və nəyə lazım idi? Bu gün böhrandan çıxış yolları göstərən müstəqil iqtisadçı ekspertlər parlamentdə təmsil edilsəydi, hakimiyyət bundan nə itirəcəkdi ki? Yeni, peşəkar, savadlı və gənc deputatlar böhranı müzakirə etməyə qadir idilər. Onlar məsuliyyət hiss edəcəkdilər və siyasi karyeralarına uğurla başlamaq üçün çıxış yolu tapmağa məhkum olacaqdılar. Yaranmış vəziyyətdə mövcud parlament iflic olub. Yeni parlamentə ehtiyac var. Bu gün ölkə reallığı  tamamilə yeni qanunların qəbulunu vacib edir. 26 il parlamentdə əyləşib, bir kəlmə belə danışmayan Madər Musayev çətin ki anti-böhran planına malik olsun.

Yeni parlamentlə də məsələ yekunlaşmır. Azərbaycanda 30 ilə yaxın eyni nazir postunda əyləşən çoxsaylı simalar mövcuddur. Ətalət içində olan bu şəxslər hansı reformalar həyata keçirə bilərlər ki? Mövcud durum onlara sərf edir və onlar nəyisə dəyişmək barədə düşünmürlər. Bu məsələdə Qazaxıstan nümunəsinə müraciət etmək olar. Qazaxıstanın nazirləri, digər vəzifəli şəxsləri tez-tez rotasiya olunurlar. Qazaxıstanda kadr islahatlarına cəmiyyət öyrəşib və bu, ciddi fəsadlar, problemlər yaratmır. Qazaxıstanda vəzifəli şəxs 2-3 ildən sonra dəyişilir, yenisi ilə əvəz olunur. Belə vəziyyətdə hətta başçı olmasa belə, struktur öz-özlüyündə işləyir.

İstənilən halda ABŞ strateqlərinin hesablamalarına görə, 2019-cu ilə qədər Avrasiya bölgəsində Birləşmiş Ştatların maraqlarına cavab verən hakimiyyətlər təmsil edilməlidirlər və bu ssenariyə qarşı çıxanlar fiaskoya uğrayacaqlar. Bütün bu deyilənlər yumşaq keçidi zəruri edir və ilkin mərhələdə oliqarxiyanın maraqları qoruna bilər. Lakin ölkə siyasətinin zirvəsində olanların yumşaq keçid zamanı təhlükəsizliklərinə zəmanət ala biləcklərinə inamları yoxdur. Son 10 ildə ölkədə o qədər proses baş verib ki, qisasçılıq əsas amilə çevrilib. Burada daha bir amilə diqqət yetirmək lazım gəlir.

Hakimiyyət dəhlizində ölkə başçısının hər əmrini yerinə yetirəcək demək olar ki, bir nəfər də yoxdur.  Odur ki, hakim komanda son anda öz liderini asanlıqla sata bilər. Belə bir komanda əsl təhlükə mənbəyidir. Hakim komanda artıq öz təhlükəsizliyini düşünmək zorundadır.  Təsdiqini tam tapmamış məlumatlara görə, bəzi rayon icra hakimiyyətlərinin başçıları artıq ölkəni tərk ediblər və bəzi məmurlar da belə addım atmağa hazırlaşır. Bu, artıq komandanın məğlubiyyətidir. İndi başqa sual yaranır. Hakimiyyət dəyişikliyi olarsa, alternativ kim olacaq? Elə bir sima seçilməlidir ki, həm Qərbi, həm də Rusiyanı razı salsın.

Təhlükə ondadır ki, Azərbaycanda bolşevizim meyləri artıb. Bu, real təhlükədir. Son hadisələrlə bağlı hətta ən ağıllı ictmai fəallar da sosial şəbəkələrdə “aclıqdır, nə yeyək” ritorikasından uzağa getmirlər.  Böhrandan çıxış yollarını göstərən iqtisadçı ekspertlərdən başqa heç kəs vəziyyətin faciəliliyini anlamır və bolşevizim əsas amilə çevrilib. Yeni parlament seçkilərin keçirilməsi ilə yanaşı, müxalifətə ofis və qərargahın verilməsi, mətbuata real yardımın edilməsi (söhbət mətbu orqan rəhbərlərinin zənginliyinə xidmət edən güzəştlərdən, sıravi jurnalistləri isə səfil vəziyyətə salan tendensiyadan getmir) və vətəndaş cəmiyyətinə yaradılan əngəlin götürülməsinə nail olmaq lazım gəlir.

Kim edəcək bunu? Belə bir siyasi iradə varmı? Yeni maliyyə bölgüsünə səbəb olmamaq üçün hakim elitanın içərisindən kiməsə “stavka” edilə bilər. Bu gün Azərbaycana vəzifəyə qayıtmağa hazır olduğunu bəyan edən sabiq spiker Rəsul Quliyev və sabiq nazir Əli İnsanov qruplaşması real prespektiv vəd etmir. R.Quliyev artıq uzun illərdir ABŞ-dadır və indiyə qədər bu ölkənin siyasi elitası ilə təmas qura bilməyib. Post-neft dövründə isə o, ümumiyyətlə, siyasi baxımdan müflis simaya çevrilib. Ə. İnsanova isə ən azı yaşı böhran dövrünün lideri olmaq şansı vermir. FHN şefi Kamaləddin Heydərovun belə bir iddiası ola bilər. Müxtəlif maliyyə qruplarını birləşdirən sima kimi K.Heydərovun namizədliyi nəzərdən keçirilə bilər. Lakin o, yeni imic yarada bilmir və patronajlıq etdiyi mətbuat ictimai rəyə təsir baxımından tam dişsiz vəziyyətdədir. Baş nazirlik və 2018-ci ildə prezidentliyə namizəd olmaq üçün iddiası olduğu bildirilən sabiq baş prokuror Eldar Həsənov – sabiq vitse-spiker Tamerlan Qarayevin ölkədə ciddi dəstəyi və sosial bazası növcud deyil. Qismən də olsa islahatlara meyli kimi tanınan, hakimiyyətin yeganə uğurlu layihəsi olan  ASAN –ın müəlliifi, güc strukturlarına nəzarət edən PA-nın şöbə rəhbəri Fuad Ələsgərov Qərbi Azərbaycan – Naxçıvan qruplaşması tərəfindən də qəbul edilir. Lakin onun siyasi məhbus problemini həll edə bilməməsi ciddi maneədir. Ancaq Qərb və Rusiyanın razılaşarsa, ölkənin yeni baş naziri kimi F. Ələsgərovun adı üzərində durula bilər.

Lakin yeni baş nazir heç nəyi həll etməyəcək. Ölkəyə “Saakaşvili variantı” lazım olacaq. İqtidarın şinelindən çıxan, status-kvonu dəyişmək istəyən, yeni ideyaları ilə cəmiyyətə müsbət enerji verəcək yeni simaya ehtiyac yaranıb. Məsələ ondadır ki, hətta gerçək islahatların (söhbət yumurta islahatından getmir) həyata keçirilməsi ilə də vəziyyət dəyişə bilməz.  Tam iflic olan, böhran yaşayan siyasi sistemin dəyişməyincə, idarəetməyə baxışın özü dəyişməyincə, ölkədə müsbət gözləntilər də olmayacaq. Bu gün Azərbaycan hakimiyyətinin tarixə necə düşəcəyi problemi də mövcuddur. Ya islahatlar tərəfdarı kimi düşəcək, ya da “ərəb dərsləri” davam edəcək. Sadə seçim deyil…

Ana səhifəAnalitika”Azərbaycanın Şaakaşvilisi” varmı?