”Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarında rəqabət imkanları azalacaq”

Vüqar Bayramov: ”Rusiya rublunun ucuzlaşması, Azərbaycan məhsullarının bu bazarda qiymətini artırıb”

Source:
Vüqar Bayramov
Vüqar Bayramov


Vüqar Bayramov: ”Rusiya rublunun ucuzlaşması, Azərbaycan məhsullarının bu bazarda qiymətini artırıb”

“Rusiyada Azərbaycan məhsulları bahalaşıb. Buna səbəb rublun ucuzlaşmasıdır”.

Bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, hazırda bu rəqəm 4084 rubl təşkil edir.

“Deməli, son bir ayda şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz Rusiya bazarında 408 rubl bahalaşıb”.

İqtisadçı əlavə edib ki, Rusiya rublu yenidən ucuzlşamağa başlayıb.

“Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl idisə, indi 69 rubladək qalxıb. Rusiya pulu “1 dollar – 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq, rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir”.

V.Bayramov bildirib ki, 2017-ci ildə Rusiyanın ixracaatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub.

“Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracaatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə, rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq”.

Ekspert əlavə edir ki, rubl dəyərsizləşməkdə davam edərsə, Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarında rəqabət imkanları azalacaq:

“Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq rublun ucuzlaşmasının ixracaatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

Sentyabrın 6-da keçirilən ən son valyuta hərraclarda rublun dollar və avroya nisbətən məzənnəsi kəskin ucuzlaşıb.

Avronun məzənnəsi 80,4, dollarınki isə 69,05 rubla qədər yüksəlib. Bu, 2016-cı ilin martından ən yüksək göstəricidir.

“Renessans Kapital”ın analitikləri dolların 82 rubla qədər bahalaşacağını proqnozlaşdırırlar. İqtisadçılar hesab edirlər ki, buna ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar səbəb olacaq.

Ana səhifəXəbərlər”Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarında rəqabət imkanları azalacaq”