Azərbaycanın filmi Brno festivalında

Rejissor Novruz Hikmət filmin ideyasının təsadüfən yarandığını deyir

Source:


Rejissor Novruz Hikmət filmin ideyasının təsadüfən yarandığını deyir

Azərbaycanlı rejissor Novruz Hikmətin “Qara” (“Black”) filmi oktyabrın 15-dən 18-nə qədər Çexiyanın Brno şəhərində keçirilən “Brno16” beynəlxalq qısametrajlı kino festivalının müsabiqə proqramında iştirak edir.

“Qara” filmi Azərbaycan və Ukraynanın birgə layihəsidir. Çəkilişlər Bakıda və Kiyevdə aparılıb. Bütün rollarda qeyri-peşəkar aktyorlar çəkilib.

Film kriminal qurumlarla əlaqələri olan gəncin qəribə taleyindən bəhs edir.

“Filmin ideyası təsadüfən yaranıb. İki həftəliyinə Bakıya gəldikdə doğma şəhərdə nə isə çəkmək istədim. Əvvəlcə Sərxanla – baş rolun ifaçısı ilə tanış oldum və dərhal başa düşdüm ki, o, mütləq bu layihədə iştirak etməlidir, baxmayaraq ki, hələ filmin nə haqqında olacağı barədə qəti fikrim yox idi.

Bir müddət sonra Qobustanda təsadüfən Sabiri (ikinci baş rolun ifaçısı) gördüm və tədricən ümumi bir mənzərə formalaşmağa başladı”, deyə rejissor Novruz Hikmət filmin yaranması tarixini danışır.

Ssenari müəllifləri Novruz Hikmət və Samirə Nəcəf, operator Seymur Seyidbəylidir. Baş rollarda Sərxan Məmmədov və Sabir Kərimov oynayır.

Novruz Hikmət Azərbaycan İncəsənət Universitetinin rejissorluq fakultəsinin məzunudur. Son beş ildir Ukraynada yaşayır və işləyir. Onun bundan əvvəlki “Sakura” filmi beynəlxalq festivallarda iştirak edib.

“Brno16” artıq 54-cü dəfə keçirilən nüfuzlu festivaldır. Forumun adı 16 mm eni olan film lenti formatını ifadə edən kinematoqrafiya slenqindən gəlir.

Hər il Brno şəhərində tələbə, həvəskar və peşəkar işlərini təqdim edən rejissorlar toplaşır. Bu il Festivalda Polşa, Almaniya, Meksika, Kolumbiya, İran, Hindistan, Xorvatiya və digər ölkələrin kinematoqrafçılarının filmləri iştirak edir.

Filmləri Böyük Britaniya, Slovakiya, Polşa, Çexiya və Serbiya nümayəndələrindən ibarət peşəkar münsiflər heyəti qiymətləndirir.

Ana səhifəXəbərlərAzərbaycanın filmi Brno festivalında