Mahmud Hacıyev: “Narkomaniyaya və Narkobiznesə Mübarizə İdarəsi DİN-in tərkibindən çıxarılmalıdır”
İyulun 11-də Gürcüstan sərhədçiləri Azərbaycandan keçən 3 tona yaxın narkotik maddəni saxladıqlarını elan etdilər. Azərbaycan dövlətinin müvafiq orqanları olaya hələ də rəsmi reaksiya verməyiblər. Ancaq bunun əvəzində bir sıra rayonlarda tonlarla çətənə kolunun aşkarlanıb məhv edildyini bildirdilər. Ardınca da bir neçə gənc fəalı həbs etdilər.
Sabiq DİN polkovniki Mahmud Hacıyevlə söhbətimizdə bu vəziyyətin yaratdığı suallara cavab verməyə cəhd etdik.
–
Mahmud müəllim, Azərbaycanda narkotika dövriyyəsi o qədərmi genişlənib ki, həbs olunlar daha çox dindarlar və siyasi fəallar olur?
– Mən məsələyə Gürcüstanda ərazimizdən keçən 3 tona yaxın narkotik maddənin saxlanması fonundan yanaşmanızı istərdim… Əvvəla, Azərbaycandan Gürcüstana keçən 3 tona yaxın narkotik maddənin qonşu ölkənin sərhədçiləri tərəfindən saxlanmasından başlayaq. Bir hüquqşünas, keçmiş əməliyyatçı, istintaqçı kimi məlum olaya təəccüblənmirəm. Çünki artıq son 7-10 ildə beynəlxalq qurumlar tərəfindən Azərbaycan narkotranzit ölkə kimi qəbul olunub. Azərbaycan narkotranzit ölkədirsə, bizim ərazimizdən geçib qonşu respublikalarda tonlarla narkotik maddənin tutulmasına “qanunauyğunluq” kimi baxmaq lazımdır. Bu, öz yerində. İkinci, bir neçə il əvvəl Rusiyanın istintaq komitəsi böyük cinayət işi aparırdı, cinayət işində Azərbaycana ittiham elan etdilər ki, Rusiyaya 1 ton yarım narkotik maddə sizin ərazidən keçib. O zaman Azərbaycan hüquq-mühafizə orqanları bir az səs-küy salsalar da, sonra məsələnin üstü örtüldü. Yəni Gürcüstan olayı yenilik deyil. Bütün bunları götürdükdə, KİV-ə məlum olmayan başqa faktlar da var, ona görə dedim ki, “qanunauyğunluq” kimi qəbul etməliyik. Siz Gürcüstan olayından sonra Azərbaycanda gənc fəallar və dindarların da həbs olunduğunu bildirdiniz. Bu məqamda gülməli və absurd durum yaranır, söhbət Azərbaycandan keçən 3 tona yaxın narkotik maddədən gedirsə, heç siyasi fəal olmasın, adi bir gəncin üstündən yarım qram narkotik maddə aşkarlanırsa, bu, tonlar qarşısında narkomaniyaya qarşı mübarizə demək deyil. Bu mənada baş verənlərə bir neçə kontekstdən yanaşmalıyıq: birinci, Azərbaycanın daxilində narkomaniyaya qarşı mübarizə gedir və gənclər həbs olunur. İkinci, Azərbaycandan başqa ölkəyə narkotik maddə keçirilir, bu, artıq mübarizə deyil. Azərbaycan reallığından yanaşdıqda o gənclər kimlərdir sualı ortalığa çıxır, fəallardırmı, dindarlardırmı, internetdə fəllıqları ilə seçilənlərdirmi? Əgər bu məsələləri də onların üstünə gətirsək, tamam başqa mənzərə yaranır.
–
Mən bir məqama diqqətinizi yönəltmək istərdim. Bir neçə il əvvəl baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov çox ciddi bəyanatla çıxış etmişdi. O, demişdi: “Hazırda ölkədə 23 min 254 nəfər narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir. Növbəti iclasda görəcəksiniz nələr hazırlayacağam. Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam”. Bir daha deyirəm, bu açıqlamanı Əli Həsənov vermişdi, o, məmur övladlarını nəzərdə tutsa da, nədənsə ardı gəlmədi. Və çox qəribədir ki, komissiya sədri, baş nazirin müavini məmur övladları haqqında danışır, amma müxalifətçilər və dindarlar həbs olunur…
– Həmin bəyanatdan xəbərim var və kifayət qədər ciddi bəyanat idi. Düzdür, Əli Həsənov sonradan filan işləri görəcəyini demişdi, amma nəsə heç biri olmadı. Bu mənada hər şeyə Azərbaycan reallığından yanaşmalıyıq. Azərbaycan reallığında Əli Həsənova imkan verməzlər ki, sonrakı, gələcək çıxışlarında filan dövlət məmurunun oğlundan, yaxud oliqarxın bacısı oğlundan danışsın. Belə olanda, onun bəyanatı reallğı əks etdirmirdi. Adi bir bəyanat idi, verdi, sonra da dayandı. Mən bir dəfə “Gündəm-xəbər” qəzetində “Azərbaycanda narkomaniyaya qarşı mübarizə gedirmi?” başlıqlı məqalə yazmışdım. Müəyyən islahatlara diqqət çəkmişdim ki, filan islahatlara ehtiyac var.
–
Konkret hansı islahatları nəzərə tutursuz?
– Yaxşı sualdır, çıxışımızı kompaktlaşdıraq. Birinci, struktur islahatı aparmaq lazımdır. Struktur islahatı nədir, Azərbaycanda narkomaniya və narkobiznesə qarşı mübarizə qurumu DİN-nin tərkibindədir. Bu, sovet dövründən qalma qurumdur, bir az ştatlarını artırıblar. SSRİ Şimali Koreya kimi qapalı ölkə olub, o zaman Azərbaycanda narkomaniya qarşı mübarizə qurumu DİN-nin nəzdində bir bölmə idi, rəhbəri də polkovnik İsrafil müəllim idi. Həmin 10-12 nəfərlik bölmə bütün respublikada yüksək səviyyədə narkomaniyaya qarşı mübarizə aparırdı. Bəzi adamlar SSRİ-nin qapalı ölkə olduğunu, giriş-çıxışa ciddi nəzarət edildiyini deyə bilərlər, imperiya dağıldı, bu isə Azərbaycana xoşbəxtliklə bərabər bədbəxtlik də gətirdi. Bu gün Azərbaycanın xaricə 8 qapısı var, hava, su, şimal, qərb, cənub və s. Sivil ölkələr üçün çoxqapılı ölkə olmaq xoşbəxtlikdirsə, Azərbaycan üçün bədbəxtlikdir. Bizdə buna qarşı mübarizə aparan qurumda da düzgün islahat aparıb normal vəziyyət yaradılmadı. Yəni nakomaniyaya qarşı mübarizə düzgün aparılmadığından 8 qapı Azərbaycana bədbəxtlik gətirdi.
–
O zaman nə etmək lazımdır?
– SSRİ dağılandan sonra MDB ölkələrində narkomaniya və narkobiznesə qarşı mübarizə polisin tərkibindən çıxarılıb. Konkret olaraq, Qazaxıstan və Rusiyanın adını çəkə bilərəm. Saakaşvili prezident seçilən kimi birinci fərmanı ilə Dövlət Yol Polisini ləğv etdi, ikinci fərmanla narkomaniyaya və narkobiznesə qarşı qurumu polisin tərkibindən çıxarıb, Nazirlər Kabinetinə hesabat verən müstəqil quruma çevirdi. Çünki Gürcüstanda narkomaniya həddindən artıq sürətlə yayılırdı. Beləliklə, yeni qurum kifayət qədər effektiv iş qurdu və narkomaniyanın “inkişafı” ləngidi. Başqa bir uğur o idi ki, yazışmanı da dayandırdı. Məsələn, Gürcüstanda narkobaron həbs olunanda, əməliyyatçı işi bir həftəyə məhkəməyə göndərir, daha bürokratik uzatma olmur.
–
3 tona yaxın narkotik maddə olayından sonra DİN məlumat yaydı ki, filan rayonda 17 ton, yaxud 5 ton çətənə aşkaranaraq yandırılıb, məhv edilib. Bu, təbliğat məqsədilə yayılan informasiya idi, yoxsa…?
– O cür səs-küylü hadisədən sonra bu, insanların gözünə “kül üfürmək”di, deyirlər ki, baxın, mübarizə aparılır. Yəni “filan yerdə 100 ton kol yandırdıq”, “filan yerdə bir gənc fəalı həbs etdik” deyə… Amma bu, mübarizə deyil. Təsəvvür edin ki, narkomaniyaya və narkobiznesə qarşı bölməni böyüdüb DİN-nin daxilində baş idarə etdilər, onun da daxilində orta, aşağı idarələr var, rəhbəri də generaldır. DİN-i bütöv götürdükdə ən böyük şəxsi heyəti olan narkomaniyaya və narkobiznesə qarşı mübarizə qurumudur. Bəs mübarizə necə gedir? Son 7-10 ildə müəyyən mənada külli miqdarda narkotik maddə tutulması əməliyyatı olub, onu da MTN həyata keçirib. Halbuki, mübarizə qurumu DİN-ə tabedir, bəli, onlar da 5-10 qram tuturlar, amma külli miqdarda narkotik vasitələrin tutulması MTN hesabına olub.
–
Nə üçün belə vəziyyət yaranır?
– Çünki DİN-nin məlum idarəsi mübarizə apara bilmir, bu, polisin işi olsa da, qurum ölü vəziyyətdədir.
–
Mahmud müəllim, başqa bir bəyanat isə Azərbaycanın nəzarət etmədiyi Dağlıq Qarabağda narkotik maddələrin becərilməsi haqqındadır. Rəsmilərin bu barədə açıqlamalarının mənası nədir?
– Mənasız açıqlamalardır. Tutalım ki, Ermənistanın nəzarət etdiyi Dağlıq Qarabağda becərilir, bəs bizə keçib necə xaricə gedir?
–
Elə faktlar varmı?
– Gürcüstana keçən narkotik maddə hardan gəlib?
–
Məlumata görə İrandan, Əfqanıstandan gətirilib…
– Lap tutalım ki, həmin ölkələrdən gətirilir. Axı necə və nə cür gəlib?
–
Yaxud 10 DYP postunu necə keçib?
– Post nədir, ortalıqda gömrük, sərhəd xidməti və DİN-nin narkomaniyaya və narkobiznesə qarşı böyük bir qurumu var. Mən bir məlumatı xatırlatmaq istərdim: BMT bir neçə ay əvvəl bəyanatla çıxış etdi. Söhbət nə Mahmud Hacıyevin, nə də Meydan TV-nin bəyanatından gedir. BMT bəyanat verib öz arayışına saldı ki, dünyada narkomaniya və narkobiznes inkişafı həddindən artıq çoxdur. Sənədin 3 bəndinə Azərbaycanın adı salınıb, birinci, islah-əmək düşərgələrində, yəni kalonlarda narkotika qəbul edənlərin sayı artıb, ikinci, iynəylə qəbul edilən narkotik maddələrdə güclü inkişaf var. Nəhayət, üçüncü bənd, Azərbaycan qadınları arasında narkomaniya sürətlə inkişaf edir. Söhbət BMT-nin sənədindən gedir və çox ağır bəndlərdir. Suallar yaranır, kalonlara narkotika necə gedir? İynəylə qəbul olunan narkotika niyə artsın ki? Çünki bununla başqa xəstəliklər yaranır. Üçüncü bənd, Azərbaycan qadını şərq qadını olaraq öz tərbiyəsi və dünyagörüşü ilə seçilirsə, narkomaniya niyə onların arasında artsın? Əgər BMT öz arayışında Azərbaycanda qadınlar arasında narkomaniyanın artdığını göstərirsə, bu, biabırçılıqdır.
–
Eyni zamanda, dindar bölgə sayılan cənub regionlarında da narkomaniya sürətlə yayılır…
– Hər yerdə yayılır, sadəcə, hüquq-mühafizə orqanları oranı çox reklam edir. Mən özüm Qazax rayonunda doğulmuşam, o zanada da narkomaniyanın “inkişafı” artıb.
–
Hüquq-mühafizə orqanlarının insanların “gözünə kül üfürdüyünü” deyirsiz. Bəs sizcə, Azərbaycanı hansı fəlakət gözləyir?
– Azərbaycanı çox ağır narkofəlakətlər gözləyir. Çünki narkomaniya sürətlə artır, mən BMT-nin arayışını misal çəkdim, özümün də kifayət qədər məlumatlarımı dedim. Narkomaniya qadınlar, gənclər arasında yayılır, hətta kalonlara da daxil olur və ona qarşı mübarizə də düzgün qurulmur.
–
Bu mənada Avropa ölkələrində tətbiq olunan mübarizə metodlarını götürmək olarmı? Məsələn, Hollandiyada narkotikdən istifadəni leqallaşdırdılar, bu, Azərbaycanda mümkündürmü?
– Niyə olmur ki? Yaxşıdan yaxşını götürmək lazımdır, pisdən pisi yox. Əslində, DİN-ə həmin idarəni öz tərkibində saxlamaq sərf edir.
–
Niyə sərf edir?
– Azərbaycan polisi hər rübün, yarım illiyin, 9 aylığın, illiyin sonunda hökumət qarşısında hesabat verir. Yəni nə qədər cinayət oldu, nə qədəri açıldı, nə qədəri bağlı qaldı suallarına cavab verilir. Bağlı qalmış cinayətləri azaldıb və əvəzində cinayətlərin ümumi sayını artırırlar. Fikrimi əsaslandırım, təsəvvür edək ki, il ərzində 10 min cinayət hadisəsi baş verib, DİN də ilin sonunda hökumət və Statistika Komitəsinə hesabat verəndə tarazlığı qoruyur. Bax bu cür: ümumi sayın fonunda narkomanlığa görə tutulan cinayətlərlə manipulyasiya edirlər. Məsələn, 10 min cinayətdən 8 mini açıqdırsa, onun 4 mini narkotiklə bağlıdır. Yəni gizli şəraitdə baş verən mənzil oğurluğunu, quldurluğu, şəxsi əmlak mənimsəməsini aça bilmirlər, ona görə 6 ayda 2 min narkotiklə bağlı cinayət tərkibli əməli aşkar edi, bunu necə etdiyini isə hamımız bilirik, onu da hesabata salırlar. Həmin cinayətlərin 2 mini narkotiklə bağlıdır, bu, açıq cinayətdir. Ümumi cinayətlərin fonunda açıq cinayət kimi hesabata salırlar, yəni rəqəmlərlə manipulyasiya edirlər.
–
Bununla da gənc fəalları və dindarları həbs edirlər…
– Bir daha deyirəm, həmin idarəni DİN-in daxilindən çıxardandan sonra həm açıq cinayətlərin sayında azalma olacaq, həm də ümumi cinayətlərin. Bu isə statistik rəqəmlərdə DİN-ə sərf etmir. Halbuki, sivil ölkələr statistik rəqəmlərdən imtina edib, çünki sovet dövründən qalmadır. Necə ki, kolxozlar, sovxozlar öhdəliyi vardı, o zaman DİN öz statistikanı mərkəzə ötürürdü.