“Azərbaycanı Avrasiya İttifaqına sürükləmək çox çətin olacaq” (VİDEO)

Zərdüşt Əlizadə: “Azərbaycanın xarici ticarətini inhisara götürmüş oliqarx-məmurlar bütün oyun qaydalarını öz xeyirlərinə müəyyənləşdirirlər”

Həmişə olduğu kimi politoloq Zərdüşt Əlizadə Azərbaycanın siyasi-ictimai həyatına fərqli baxış sərgilədi. Politoloq Azərbaycanın Avrasiya İttifaqına qoşulacağı təqdirdə heç bir ziyan görməyəcəyini bəyan edir. Bu məqsədlə Zərdüşt Əlizadə ilə görüşüb fikirlərini əsaslandırmağı istədik.



Z


ərdüşt bəy, Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə heç bir ziyan görməyəcəyini bildirmisiniz. Fikrinizi isbatlaya bilərsinizmi?

–         Azərbaycan ictimai şüurunda bir ətalət var, indiki vəziyyət 1991-ci ili xatırladır. Həmin ilin dekabrında prezident Ayaz Mütəllibov MDB müqaviləsinə imza atanda müxalifət şivən qopartmışdı ki, ay qoymayın, yeni imperiya yaranır və bu qurum imperiyaya bir pillədir. O zaman demişdim ki, MDB beynəlxalq təşkilatdır, dinc “boşanma” mexanizmi olduğundan heç bir təhlükə yoxdur. İllər keçdi və sübut olundu ki, şivən qoparan müxalifət yox, mən haqlıyam. MDB həqiqətən də sovet məkanında respublikaların tez “boşanma” mexanizmi oldu və dərin ziddiyyətlərin qarşısını aldı. İndi başqa bir proses başlayıb, Rusiya çalışır ki, bəzi respublikaları hansısa yeni iqtisadi ittifaqa cəlb etsin.



B


əziləri deyəndə, Orta Asiya və Cənubi Qafqazı…

–         Bəli. Amma bəzi respublikaların yeni ittifaqa getməyəcəyi bilinir. Söhbət Moldova, Gürcüstan və Ukraynadan gedir ki, onlar Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamağa hazırlaşır. Qalır Belarus, Qazaxıstan və Rusiya-əsas üç ölkə, üstəlik Ermənistan və Qırğızıstan razılıq veriblər ki, müəyyən “Yol xəritəsi” sənədi əsasında üzv olacaqlar. Azərbaycana da təklif ediblər.



T


əklif, yoxsa təzyiq edirlər?

–         Təklif edirlər, təzyiq belədir ki, sıxırlar, polis üsulu ilə. Gəlib deyirlər ki, Azərbaycanın da bu ittifaqda olmasını istəyirlər.



G


üman ki, Rusiyanın xarici işlər nazirinin Bakı səfəri də bununla bağlıdır?

–         Ola bilsin, amma dəqiq bilmirəm. Çünki Rusiyanın xarici siyasət gündəliyində bu məsələ ikinci-üçüncü mərhələdə dayanır. Yəni birinci qaz, ikinci Ukrayna, sonra Avrasiya İttifaqı gəlir. İqtisadiyyatdan az-çox bilən adam kimi düşünürəm, bu ittifaq Azərbaycana nə verə bilər? Çünki bu böyük bazar olduğundan gömrük rusumları götürülür, ya eyniləşdirilir, hansısa iqtisadi inkişaf qanunları öyrənilir. Təəssüf ki, Azərbaycan iqtisadiyyatı neft məhsulları və qazdan üzərində qurulduğundan bu ittifaq bizə heç nə verə bilməz. Hətta kənd təsərrüfatı məhsullarını da Türkiyə və İrandan alırıq. Ona görə biz Avrasiya İttifaqına üzv olsaq, bazar qazandığımızı düşünə bilmərik. Neftimizin, qazımızın alıcısı Qərbdədir, satmışıq, pulu da ordan gəlir. Öz məhsulu olmayan dövlət belə bazardan heç nə götürə bilməz. O zaman “biz nə itirə bilərik” sualı yaranır, məncə, heç nə! Məgər bizim Rusiya ilə münasibətimiz azdırmı? Bəli, azalan xətlə gedir, amma Qərblə əlaqələrimiz sıxlaşır. Bu proses davam da edəcək. Çünki Azərbaycan daxili bazara yalnız sata biləcəyi malları gətirəcək. İndi məgər Avrasiya İttifaqında olmamağımız Rusiyadan gələn malları ala bilməyimizə mane olur? Yox! Əslində, indiki proses Rusiyanın postsovet məkanında bazarı itirməyimizlə bağlıdır.



Deməli, Rusiya mövcud durumla barışmır?

–         Rusiya prosesi dayandırmaq və dəyişmək istəyir.



İstəyinə nail olacaqmı?

–         Bu istəkdə bir cinayət yoxdur, yəni hər bir dövlət öz xarici ticarəti üçün daha gözəl şəraitin yaranmasını istəyir. Şərq Tərəfdaşlığı Proqramının mənası da bundan ibarətdir. Ki, yeni bazarlar açılsın, rüsumlar götürülsün, azad ticarət yaransın. Təbii ki, Qərb şirkətləri daha güclü olduğundan yerli şirkətləri “boğacaq”.



Əgər Azərbaycan Rusiyanın təklifi ilə razılaşmasa, ardınca təzyiq gəlirmi?

–         Bəli, təzyiq gəlir və bu, çox maraqlıdır. Azərbaycan ötən ilin avqustunda, seçki öncəsi təzyiqə həssas idi. Rusiya da müəyyən siyasi texnologiyalardan istifadə edirdi, “Milyarderlər ittifaqı”, hansısa şura, Rüstəm İbrahimbəyovun namizədliyi və s. Hakimiyyət həqiqətən də təlaş keçirirdi. Amma Rusiya prezidenti Putinlə razılaşdılar və o, gəlib xeyir-duasını verdi. İndi sakitlikdir və növbəti seçkilərə 5 il qalıb. İkinci təzyiq vasitəsi Qarabağ olsa da, Ermənistan heç cür müharibə istəmir. Çünki torpağı alsa da, yeni müharibəni başlasa, diplomatik, psixoloji və mənəvi baxımdan əldə etdiklərini itirəcək.



Yəni Azərbaycan ordusu o qədərmi güclüdür?

–         Yox, sadəcə, Ermənistan Şərq Tərəfdaşlığı Proqramı müqaviləsini imzalamamaqla Qərbdə imicini sıfra endirdi və Rusiyanın “əlaltısı” kimi tanındı. Bundan sonra Ermənistan Qərbin münaqişənin qaynaq mərhələyə keçməsini istəmədiyini bildiyi halda Rusiyanın əmri ilə müharibəyə başlasa, Avropada olan bütün hörmət-izzətini, bir sözlə, kapitalını itirir. Bir daha deyirəm, Qərb Ermənistanın Rusiya xarici siyasətinin aləti olduğunu görürsə, bu zaman Azərbaycana dəstək verəcək. Rəsmi İrəvan bunu anladığından müharibənin baiskarı kimi çıxış etməməyə çalışır. Deməli, Qarabağ da təzyiq vasitəsi kimi sıradan çıxır. Digər “qarmaq” vasitələri, məsələn, qardaşlarımız ləzgilər, talışlar, Moskva onları qaldırmağa çalışar, ancaq ictimai-siyasi və istiqadi şərait ötən əsrin 90-cı illəri ilə müqayisədə xeyli dəyişib. Yəni hakimiyyət həmin regionlara kifayət qədər olmasa da, səmərəli şəkildə nəzarət edir.



Siz Rusiyanın təzyiqlərinin olmadığını deyirsiniz, amma Rusiyanın XİN rəhbəri Lavrov və Avropa Birliyinin rəsmisi Borroza Bakıya gəlir. Bir sıra politoloqlar onların Bakıdan seçim etməsi üçün gəldiklərini deyirlər, bunlar yanlış, yoxsa doğrudur?

–         Borroza neftq-qaz məsələsi üçün gəlir. Azərbaycan indiki vəziyyətində asılı dövlətlərdən deyil. Ermənistandan bunu tələb edə bilərlər. Avropa eyhamla Ermənistan rəhbərliyinə 6 milyard dollar verə biləcəyini demişdi. Ermənistan üçün 6 milyard nəhəng puldur, ölkənin oliqarxları, caniləri artıq pulu necə oğurlayacaqlarını düşünürdü. Azərbaycanın isə Avropanın 6 milyardına ehtiyacı yoxdur. Rusiya da Ermənistana ildə 1 milyard vəd edib. Ona görə İrəvan Moskvanın əmri ilə hərəkət edir. Amma Azərbaycanın həmin 1 milyarda da ehtiyacı yoxdur. İkinci, Avropadan gəlib insan haqlarının pozulduğunu deyəndə “gözüm aydın” cavabını alıb və hətta Bakı filankəslərin xuliqan, narkoman olduğunu deyir. Sonda məhkəmələrin müstəqil olduğunu söyləyib, onların işinə qarışmağa ixtiyarları olmadığını bəyan edirlər. Bununla da məsələ bitir.



Siz Avrasiya İttifaqının köhnə SSRİ-nin bərpası olmadığını iddia edirsiniz, amma Belarusun sabiq prezidenti Stanislav Şuşkeviç SSRİ-nin qayıtmasından danışır. Ümumiyyətlə, bu mövqedə olanlar az deyil və Rusiyanın SSRİ-ni iqtisadi baxımdan bərpa etdiyini hesab edirlər. Bu fikirlər barədə nə deyərdiniz?

–         Şuşkeviç vaxtilə ağıllı kişi idi, akademik olub. Amma o, artıq öz tarixi funksiyasını həyata keçirib, onun kimi insanları görəndə Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsini xatırlayıram. Sovet hökuməti qurulub, əski müsavatçılar bulvarda oturub “bəlkə də qaytardılar” düşüncəsinə dalıblar. Ona görə də Şuşkeviç kimi insanların vaxtı keçib, düşüncələri də köhnəlib. SSRİ yaşamağa qadir olsaydı, yaşayardı.



“Varşava müqaviləsi” şərtləri ilə də bərpa mümkün deyil?

–         Xeyr, baxın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hansı dövlətlər var; Qazaxıstan, Belarus, Rusiya və Ermənistan. Ermənistanın düşməni kimdir? Əlbəttə, Azərbaycan. Bəs Ermənistan bizə qarşı müharibədə təşkilat daxilində olan Qazaxıstan və Belarusa ümid edə bilərmi? Əsla edə bilməz. Deməli, bu təşkilat təşkilat deyil. Ermənistan mətbuatını oxuyanda təlaşlı şəkildə “müharibə başlasa, Rusiya bizi müdafiə edəcəkmi” suallarını görməyə bilmirsən. Yəni Rusiyaya da şübhə edirlər. “Varşava müqaviləsi”ndə vəziyyət beləydi ki, Rusiya Çexoslavakiyaya “giririk” deyəndə hamısı hazır olurdu, Polşa, Macarıstan, Bolqarıstan və digərləri öz ordularını hazır duruma gətirirdi. Amma indiki dövrdə tarixdə olmuş təşkilatları qaytarmaq mümkün deyil.



Ancaq tarix Rusiyanın gözlənilməz ölkə olduğunu da sübut edib…

–         Hazırda Rusiyada bütün proseslər gözlənilən və qanunauyğun şəkildə gedir. Gözlənilən odur ki, Rusiyanın hakim zümrəsi anti-milli, korrupsiyaya uğramış, öz uşaqlarının gələcəyini Qərbdə görən insanlardan ibarətdir. Belə adamlar öz vətənləri üçün “ağ gün” ağlamazlar. Çünki bu adamlar Rusiyaya yalnız gəlir mənbəyi kimi baxırlar. Qazı, filizi, nefti, meşələri qırıb, satıb, ciblərini doldururlar.



Bütün hallarda siz Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını normal sayırsınız?

–         Əgər Azərbaycanın hansısa çeşidli məhsul sahəsi olsaydı, ölkə rəhbərliyi ittifaqa üzv olmaqda maraqlı olmalıydı, çünki orda bazar var. Amma bizdə çeşidli məhsul buraxan sahə yoxdur.



Ancaq ümumi gömrük rejimi qurulacaqsa, məmur oliqarxlar itirməyəcəkmi?

–         O zaman mən də sual verirəm; məmur oliqarxlar imkan verərlərmi ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsun?



Onların əksəriyyəti Rusiyadan asılı deyilmi?

–         Yox, pul gələndə məsələ fərqli olur. Bununla bağlı sizə bir lətifə danışım: sovet dövründə Suxumidən Moskvaya təyyarə qalxır, bir az keçir stüardessa pilotlara deyir ki, bir nəfər əlində qumbara İstanbula sürməyi tələb edir, əks təqdirdə partladacağını deyir. Təyyarə yerə terroçunun məqsədini deyib İstanbula getdiyini xəbər verir və eyni zamanda, sərnişinləri məlumatlandırır. Bir azdan stüardessa salona qayıdanda görür ki, terrorçu yıxılıb, başı kəsilmiş vəziyyətdə və üstündə də bir kişi “İstanbul, İstanbul, kimə lazımdır orda mənim mandarimlərim” deyə çığırır. Yəni təyyarə İstanbula getsəydi, o, mandarinlərini sata bilməyəcəkdi. Azərbaycanın xarici ticarətini inhisara götürmüş oliqarx-məmurlar indiki şəraitdə özləri ağadır və bütün oyun qaydalarını öz xeyirlərinə müəyyənləşdirirlər. Yəni mandarini özləri satırlar. Belə olanda onlar təyyarəmizi İstanbula sürməyə qoyarlar? Söhbət əlbəttə ki, Moskvadan gedir. Ona görə indiki qayda və təfəkkürə görə Azərbaycanı Avrasiya İttifaqına sürükləmək çox çətin olacaq. Çünki hakim zümrə bunu istəmir.



Deməli, qeyri-müəyyənlik qalır?

–         Bəli, bütün dünyada hər şey müəyyən olmur axı. Qeyri-müəyyənlik də həyatın tərkib hissəsidir.

Ana səhifəVideo“Azərbaycanı Avrasiya İttifaqına sürükləmək çox çətin olacaq” (VİDEO)