Rasim Ağayev: “Azərbaycan Ermənistanla bütün sahələrdə əlaqələri müzakirə edə bilər”
Elxan Şahinoğlu: “Ukrayna və Rusiya arasında imzalanan Minski sazişi Azərbaycanın işinə yarayır”
Martın 11-də ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə məlumat verib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən sözügedən iclasda çıxış edilərək bildirilib ki, ATƏT-in DaimiŞurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlıATƏT-in üzv dövlətlərinin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan platforma rolunu oynaya bilər.
Daimi Nümayəndəlik tərəfindən qeyd edilib ki, Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır. Eyni zamanda, Ermənistan prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsini təmin etməlidir:
“Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir. Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmişərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üçgörüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvo-nu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli”yanaşma cəhdinin daha bir bariz nümunəsidir”,-Hacıyev belə deyib.
XİN rəsmisi Ermənistanın mövcud status kvo-ya arxayın olmasını tarixi səhv adlandırıb. “Ermənistanın onilliklər boyu davam edən siyasəti Ermənistanı regional inkişafdan məhrum edir. Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik. ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər”.
Bəs üzv dövlətlər rəsmi İrəvana təzyiq edəcəkmi? Meydan TV bu sualla politoloqlar Rasim Ağayevə və “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna müraciət edib.
Politoloq Rasim Ağayev hesab edir ki, Azərbaycan tərəfi bu məsələdə gecikib, gərək, Bakı çox əvvəl iri dövlətləri, beynəlxalq təşkilatları və həmsədr ölkələri Ermənistana təzyiqə təşviq etməli idi: “Problem ondadır ki, Xəzər hövzəsində enerji məsələsi müzakirə olunarkən Azərbaycan indiki mövqeyini oraya qoymalıydı. Yəni Bakı bütün enerji dəhlizlərinə hazır olduğunu birdirməli, amma konfliktin də əngəl olacağını deməliydi. Açıq şəkildə deyilməliydi ki, Ermənistan terrorçu ölkədir və həmişə bununla məşğul olub. Münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmayınca, enerji mənbələrinə təhlükələr də qalır. Ona görə Ermənistana işğal olunmuş əraziləri boşaltmaq üçün təzyiqlər edilməlidir. Bundan sonra Azərbaycan Ermənistanla bütün sahələrdə əlaqələri müzakirə edə bilər. Əks təqdirdə, anormal durum yaranır. “Əgər böyük ölkələr Ukrayna məsələsində hay-küy salıb, amma Qarabağ probleminə susub, Ermənistana dəstək göstərirlərsə, hansı ədalətdən danışmaq olar?”,-deyə Ağayev sual edir.
Rasim Ağayev bildirdi ki, Azərbaycan böyük güclər qarşısında “əgər Ermənistanla bacara bilməyəcəksinizsə, biz işimizi bilək” – tələbini qoymalıdır: “Konkret təklif vermək lazımdır ki, Rusiyaya qarşı qoyduğunuz sanksiyaları Ermənistana da qoyun. Bunun üçün Azərbaycan informasiya və diplomatik dəstək almalıdır. Birinci növbədə hökumət daxildə və xaricdə konfranslar və müxtəlif səpkili görüşlər təşkil etməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Böyük Sülh Sazişinin özünün də mərhələli həll planını ehtiva etdiyini və Azərbaycanın maraqlarına müəyyən qədər cavab verdiyini dedi. Sazişə görə ilkin mərhələdə Dağlıq Qarabağ ətrafı rayonlar azad olunmalıdır: “Amma Ermənistan bu təkliflərlə razılaşmır və inanmıram ki, qəbul etsinlər. Birinci səbəb böyük dövlətlərin Ermənistana təzyiq etməməsidir. Baxın, Ukrayna və Rusiya arasında imzalanan Minski sazişi Azərbaycanın işinə yarayır. Sənəddə Ukrayna öz sərhədlərinə nəzarət etməli, Donbasa böyük muxtariyyat verilməli və separatçılar da ölkənin ərazi bütövlüyünü tanımalıdır. Bütün bunların Ermənistan-Azərbaycan münaqişəsinə tətbiq olunması bizim xeyrimizədir. Ona görə Azərbaycan XİN rəsmiləri Azərbaycana da eyni mövqenin göstərilməsini istəyirlər. Amma fərqli yanaşmalar var, böyük dövlətlər Dağlıq Qarabağ probleminə eyni mövqe sərgiləmədiyindən Ermənistan Böyük Sülh Sazişinə maraq göstərmir”.
Bütün hallarda Elxan Şahinoğlu Qərb ölkələrinin yanaşmasında müəyyən dəyişikliyi də sezdiyini dedi: “Ukrayna hadisələrindən sonra ABŞ başda olmaqla Avropa ölkələri ərazi bütövlüyü məsələsini ön plana çıxartmağa başladılar. Bu mənada Almaniya kansleri xanım Merkelin Azərbaycanın ərazi bütövlüyünü tanıması və işğalçının adını konkret çəkib, ona Rusiyanın dəstək verdiyini söyləməsi diqqətdən yayınmadı. Yaxud son zamanlar Amerika diplomatları da Qarabağ ətrafı rayonlarının boşaldılması və iki girovun azad olunmasını deyirlər. Müsbət atmosferin yaranması yaxşıdır, amma yenə də azdır. Biz sözdən işə keçilməsini gözləyirik. Amerikanın bu yöndə imkanları var, çünki Vaşinqton İrəvana və Qarabağ separatçılarına ianələr ayırır. Hesab edirəm ki, ABŞ vəAvropa dövlətləri müəyyən açıqlamalardan sonra təzyiqlər də etməlidir. Baxın, Ukrayna separatçılarına qarşı sərt viza tətbiq olunur, bank hesabları dondurulur, hələ bunlar erməni separatçılarına qarşı olmadığından qarşı tərəf heç bir addım atmır”.