”Azərbaycandakı vəziyyəti media yox, hakimiyyətin özü yaradıb”

Mehman Əliyev: ”Hökumət ötən illərdə bu sahəni elə bir vəziyyətə saldı ki, indi sosial şəbəkələrdən, mediadan şikayətlənməyə haqqı yoxdur”

Source:


Mehman Əliyev: ”Hökumət ötən illərdə bu sahəni elə bir vəziyyətə saldı ki, indi sosial şəbəkələrdən, mediadan şikayətlənməyə haqqı yoxdur”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İnternetdə məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü bildirib. O, AzərTAC-a müsahibəsində bunu İnternet medianın son hadisələr barədə şayiələr yayması ilə izah edib.

“Münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal  bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə İnternet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edirlər. Təəssüf ki, bir çox hallarda İnternet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi İnternet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar”, – Ə.Həsənov bildirib.

O, buna nümunə kimi devalvasiyadan sonra bəzi saytların Azərbaycanda “xalq etirazı”nın başlanması, xarici “ekspertlər”ə istinadla Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyi barədə yazılar dərc etdiyini göstərib.

“Bəzi hallarda isə dolların məzənnəsinin astronomik səviyyəyə qalxacağı, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”, – deyə prezidnetin köməkçisi vurğulayıb.

“Turan İA”nin direktoru Mehman Əliyev Əli Həsənovun fikirlərini Meydan TV-yə şərh edib.

Mehman Əliyev hesab edir ki, Əli Həsənov tarixçi olsa da, tarixi əhatəli öyrənməyib. O, prezidentin köməkçisinə Karl Marksın 1842-ci ilin oktyabrında  “Rheinische Zeitung”  nəşrində

“Altıncı Reyn Lantdaqda debatlar”

məqaləsini oxumasını tövsiyə edir: “Mən sovet dövründə Moskvada jurnalistika fakültəsində təhsil alanda bu məqaləni bizə dərs vəsaiti kimi keçirdilər. Totalitar, birpartiyalı SSRİ-də mətbuatın rolunu bu cür görmək adi bir şey deyildi. Məqalə Hollandiya parlamentində keçirilən debatlara həsr olunub. Debatlar zamanı təklif olunur ki, mətbuat vəziyyəti qızışdırdığından, qeyri-sabitlik yaratdığından fəaliyyəti məhdudlaşdırılmalı, hətta qapanmalıdır. Marks həmin məqaləsi ilə deputatalara ironik cavab verirdi ki, məgər, Hollandiyada burjua inqilabı olanda, media vardı? Ardınca yazırdı ki, qeyri-sabitlik, inqilab hakimiyyətin yarıtmaz idarəetməsinin nəticəsidi. Eyni zamanda, Marks qeyd edirdi ki, media hadisələri işıqlandırır, inqilab yaratmır. Bəli, bu gün İnternet, informasiya texnologiyaları dövründən danışıb, Misiri də misal çəkə bilərlər. Amma “ərəb baharı”nı da media, sosial şəbəkələr yaratmadı, hakimiyyətlərin korrupsiyaya qurşanması, bərbad idarəçiliyi yaratdı. Misirdə mətbuat tam şəkildə Hüsnü Mübarəkin nəzarətindəydi və bu cür idarəetmə, mediaya münasibət onun hakimiyyətini itirməyinə səbəb oldu. Son 10-15 ildə də Azərbaycandakı vəziyyəti media yox, hakimiyyət özü yaradıb. Bütün sahələr korrupsiyalaşıb, inhisarlaşıb və bu gedişat mediaya da sirayət edib. Hanı reklam bazarı, müstəqil televiziyalar, çap mətbuatı? Hökumət ötən illərdə bu sahəni elə bir vəziyyətə saldı ki, indi sosial şəbəkələrdən, mediadan şikayətlənməyə haqqı yoxdur”.

Mehman Əliyev “mətbuat cəmiyyətin və dövlətin güzgüsüdür” fikrinə diqqət çəkərək bildirib ki, hakimiyyət danışdığı yalanı cəmiyyətə yönəldir: “Mətbuat özündən yalan uydurmur. Hakimiyyət hər şeyin sabit olduğunu bəyan edir, ardınca pulları manatla saxlamağı tövsiyə edir və xarici investorları dəvət edir”.

Agentlik direktoru fikirlərini isbatlamaq üçün faktları misal çəkdi: “2014-cü ilin payızında Mərkəzi Bankın hesabatında xarici investorların pullarını çox böyük sürətlə çıxarıldığı qeyd olunmuşdu. 2015-ci ilin yanvarın 10-da prezident Əliyev xarici investorlara pullarını manatla saxlamaq barədə çağırış etdi. Elə ötən ilin 19 fevral devalvasiyasından 1-2 gün əvvəl baş bankir ictimaiyyəti arxayın etdi ki, devalvasiya olmayacaq, amma ardınca 34 faizlik devalvasiya elan etdi. Bununla pullarını dollarla saxlayanlar qazandı, manatla saxlayanlar uduzdu, yaxud banka dollarla borclu olanlar zərərə düşdü. 21 dekabr devalvasiyasında isə banka borcu olan vətəndaşlar daha ağır zərbə aldılar. Sual yaranır; niyə yerli iş adamlarına və vətəndaşlara dollarla kredit verilir? Məgər, dükanda malın qiyməti dollar və manatla yazılır? Yaxşı, banklar özlərini sığortalayır və dövlət onların arxasında dayanır. Bəs vətəndaşın arxasında kim dayanacaq?! Əgər banklar qanunu pozublarsa, dövlət niyə onların tərəfindədir? Axı onlar bütün əməliyyatları manatla həyata keçirdikləri halda vətəndaşlara və iş adamlarına dollarla kredit veriblər. Hakimiyyətin bu məsələdə mövqeyi vətəndaşa vədlər verib yerinə yetirməmək üzərində qurulub, yəni aldatmaqdan ibarətdir. Məgər, bu vədi də mətbuat verir? Yaxud insanlar narazılığını ifadə etmək üçün küçələrə çıxır, mətbuat deyir ki, get, aksiya keçir? İnsanlar ailələrini saxlaya bilmədikləri üçün, xəstələrinə dərman ala bilmədikləri üçün, işsiz olduqları üçün küçələrə çıxır. Əslində, rayonlarda insanları müxalifət, yaxud mətbuat yox, hökumətin yarıtmaz idarəçiliyi, yalan vədləri küçələrə çıxardır. Vətəndaşlar hökumətdən adekvat addımların atılmasını gözləyir, amma hakimiyyət qərar qəbul etmək əvəzinə hər şeyin yaxşı olduğunu, Azərbaycanın inkişaf etdiyi deyir. Vətəndaş bu inkişafı öz yaşamında görməyəndə nə etməlidir? Real olaraq dükanlarda ərzaq və məişət texnikasının qiyməti artıb, səbəb də ölkənin idxaldan asılı olmasıdır. Başqa bir misal, Mərkəzi Bankın sədri niyə “biz neftin qiymətinin 20 il də yüksək olacağını düşünürdük” deməlidir? Niyə iqtisadiyyatı neft amili üzərində qurursunuz? Bəs iqtisadiyyatın şaxələnməsi harda qaldı? Proqnozun düz çıxmayıbsa, istefa ver.  Lap neftin qiyməti qalxdı, sonra düşdü, nə olsun, bir daha deyirəm, hökumət nə üçün bütün gözləntisini neftə bağlayır? Ölkənin bütün potensialını neftə bağlamaq cinayətkarlıqdır. Harda qaldı insan amili, təhsil, səhiyyə? Niyə 10 ildə bu sahələr inkişaf etdirilmədi? Axı azərbaycanlılar sübut edib ki, onlar işləyə bilirlər. Baxın, Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkiyəyə, həmyerlilərimiz yer süpürmürlər, iş qururlar. Neft gəlirləri zamanı onların potensialından istifadə etmək lazım idi, yoxsa, indi mətbuatı, sosial şəbəkələri suçlamaqla nə demək istəyirlər? Son 10 il göstərdi ki, hökumət bu potensialı işlədə bilmədi, yalnız neft amilindən yapışdı”.

Mehman Əliyev neft amilində Amerikanın təcrübəsindən istifadə etməyin vacibliyini vurğuladı: “Vəsaitlər Neft Fondunda saxlanmalı, ardınca insan kapitalına və kənd təsərrüfatına yönəldilməliydi. Yalnız bu yolla ölkəni uzun müddət sabit saxlamaq olardı və böhran dövründə o vəsaitlərdən istifadə oluna bilərdi. Əslində, sosial şəbəkələr və azad media dəfələrlə bu barədə yazdı, amma hökumətdən reaksiya olmadı. Nəhayət, manat ekvalentiylə qiymətlər artsa da, maaşlar artmayıb, devalvasiya 94 faiz olub, təqaüdlərin baza hissəsi isə 10 faiz qaldırılıb. İnsanların maaşlarının artmaması, amma qiymətlərin qalxması ikitərəfli zərbədir, çox ciddi fərq yaranıb, kim cavab verəcək buna?! Biri var inflyasiya prosesi gedir və qanuna əsasən maaşlar da ona uyğun artırılır, bəs indi niyə qanun işləmir? Bunun da günahı mətbuat və ya sosial şəbəkələrdir?  Bir daha təkrar edirəm, sosial şəbəkələrdə, mediada dəfələrlə bu barədə yazdılar, təkliflər verildi, əvəzində bunu deyənləri həbs etdilər”.

Mehman Əliyev hesab edir ki, indiki vəziyyəti hakimiyyət yaradıb: “Mətbuat bu cür proseslərdə təşkilatçı yox, hadisələri işıqlandıran iştirakçı olur, yəni xəbər daşıyır  və ona uyğun təhlillər aparır”.

Ana səhifəXəbərlər”Azərbaycandakı vəziyyəti media yox, hakimiyyətin özü yaradıb”