”Pensiyaçıların yaşayış minimumunda ərzaq xərcləri üstünlük təşkil edir”
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) yaşayış minimumunun gerçək dəyərini hesablayıb.
Alternativ hesablamalara görə, oktyabrda yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4, pensiyaçılar üçün 199,9, uşaqlar üçünsə 259,9 manat olub.
2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155, əmək qabiliyyətli əhali üçün 164,5, pensiyaçılar üçün 130,2, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək.
İTM ekspertləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minimumunun dəyərini hesablayıblar. Ekspertlərin cari ilin oktyabrında olan qiymətlər əsasında apardığı hesablamalara görə, yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4, pensiyaçılar üçün 199,9, uşaqlar üçün 259,9 manat olub:
“Ötən aya olan yaşayış minimumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən – əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz – çoxdur. Hesablamalar arasında daha böyük kənarlaşma, 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumunun dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minimumunun dəyərinin yuxarı olmasının başlıca səbəbi onların qida və geyim məhsullarının baha olması ilə izah olunur”.
İTM tərəfindən aparılan hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minimumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minimumunun dəyərində payı 61 faiz təşkil edib:
“Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumunun dəyərində daha çox paya malikdir”.