“Azərbaycanda vəkillər təhqiramiz rəftara məruz qalırlar”

Jurnalist vəkilinə qarşı özbaşınalıqlara son qoyulmasa, yenidən aclıq aksiyasına başlayacağını bəyan edib

Source: google.az


“Freedom House” təşkilatı vəkil Nemət Kərimli ilə bağlı bəyanat yayıb

Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir.

Belə bir bəyanatla “Freedom House” hüquq müdafiəsi təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Mark Berendt çıxış edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, M.Berendt bəyanatında daha sonra bildirib ki, Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar:

“Vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir”.

Bəyanatda deyilir ki, “Freedom House” Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırır.

Vəkil Nemət Kərimli sentyabrın 20-da 16 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Muxtarlı ilə görüşə gedərkən təzyiqlə üzləşdiyini bildirib.

Penitensiar Xidmət isə öz növbəsində bəyan edib ki, vəkil Nemət Kərimli ilə bağlı Vəkillər Kollegiyasına şikayət edəcək.

Penitensiar Xidmət bildirilib ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.


Nemət Kərimli

isə Meydan TV-yə deyib ki, Penitensiar Xidmət yalan məlumat yayır: “Əgər mən yalan deyirəmsə, həbsxana qarşısındakı kameraları da təqdim etsinlər. Mən bu gün də Əfqan Muxtarlı ilə görüşdüm, amma hər hansı təzyiq olmadı. Ötən dəfə isə zorakılıqla qarşılaşdım”.

Vəkilinə edilən təzyiqə etiraz əlaməti olaraq Əfqan Muxtarlı sentyabrın 21-dən aclıq aksiyasına başladığını bildirmişdi. Üç gün sonra şəkərli diabet olan Əfqan Muxtarlı səhhətində yaranan problemlərlə əlaqədar olaraq aksiyanı dayandırıb. https://www.meydan.tv/az/article/efqan-muxtarlinin-acliq-aksiyasini-dayandirdigi-bildirilir/?ref=list-news

Jurnalistin mühacirətdə olan xanımı Leyla Mustafayeva onunla telefonla danışıb. “Facebook” sosial şəbəkəsindəki profilində bu barədə məlumat paylaşan Leyla Mustafayeva qeyd edib ki, Əfqan Muxtarlı aclıq aksiyasının üçüncü günü gözündə kəskin ağrılar başladığından aclığı dayandırmaq məcburiyyətində qalıb.

“Ağrıları hələ də keçməyib. Təcili müayinəyə ehtiyacı var”, – Leyla Mustafayeva yazıb.

Bundan başqa onun sözlərinə görə, Əfqan Muxtarlı vəkili Nemət Kərimliyə qarşı təzyiqlərin araşdırılmasını Ədliyyə Nazirliyinin üzərinə götürməsini istəyib:

“Əfqan dedi ki, araşdırmalar yekunlaşanadək 16 saylı CÇM-nin rəisi Şəfayət Abbasov və Emin Eminəliyev vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki həbsxanada olan məhbuslardan məcburi şəkildə Nemət Kərimliyə qarşı ifadə alırlar. Məhbuslardan ancaq biri ifadəni imzalamaqdan imtina edib. Eyni zamanda, o söylədi ki, Penitensiar Xidmət Nemət Kərimli ilə bağlı şikayət etməzdən əvvəl Vəkillər Assosiasiyasının rəhbəri Anar Bağırov vəkillə bağlı hədələyici açıqlamalar verib. Əfqan hesab edir ki, Vəkillər Kollegiyası və Penitensiar Xidmət Nemət Kərimli haqda əvvəlcədən planlaşdırılmış təxribat hazırlayıblar. Məqsəd Nemət Kərimlini Vəkillər Kollegiyasından və onun müdafiəsindən uzaqlaşdırmaqdır. Nemət Kərimli 2018-ci ildə məhz onu müdafiə etdiyinə görə kollegiyadan 1 illik uzaqlaşdırılmışdı”.

Jurnalist vəkilinə qarşı özbaşınalıqlara son qoyulmasa, yenidən aclıq aksiyasına başlayacağını bəyan edib:

“Bu dəfə aclıq aksiyasına başqa məhbuslar da qoşulacaq”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə şöbənin rəisi Mehman Sadıqov Meydan TV-yə məhbus jurnalistin dediklərinin doğru olmadığını bildirib:

“Bu, mümkün deyil. Çünki vəkil Nemət Kərimli həmin Cəzaçəkmə Müəssisəsində yalnız Əfqan Muxtralının vəkilidir. Başqa məhkumların ona aidiyyatı yoxdursa, onlardan vəkilə qarşı necə ifadə almaq olar?”.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasət“Azərbaycanda vəkillər təhqiramiz rəftara məruz qalırlar”