Ziya Quliyev: “Azərbaycan BMT-nin “Bütün Şəxslərin Məcburi Yoxaçıxmalardan Müdafiəsi” Konvensiyasına qoşulmayıb”
“Üzərimə səkkiz nəfər hücum etdi. Başıma torba keçirdilər, ağzıma əski bağladılar. Ayağıma elektroşok verib, başı aşağı vəziyyətdə maşına basdılar. Nəfəs almaq mümkün deyildi. Hiss edirdim ki, burnumdan qan gəlir”.
Bunu jurnalistlərə açıqlamasında yanvarın 9-da mülki geyimli şəxslər tərəfindən oğurlanan bloqqer, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Mehman Hüseynov bildirib.
Mən yolumdan dönməyəcəm
Mehman Hüseynov naməlum şəxslərin ona 3 saat ərzində işgəncə verdiyini qeyd edib: “Məni başıtorbalı halda, üzüaşağı vəziyyətdə döyürdülər, təhqir edirdilər. Mən onlara istəsəniz məni zorlaya da bilərsiniz, hər nə istəsəniz edə bilərsiniz, amma mən yolumdan dönməyəcəm dedim”.
Daha sonra Mehman Hüseynov Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib: “Başımdan torbanı çıxaranda özümdən getdim”.
Mehman Hüseynov yanvarın 9-da yoxa çıxdıqdan sonra vəkili Elçin Sadıqov və dostları Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bloqqerin yoxa çıxması barədə məlumat verib.
“Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli bildirir ki, yanvarın 9-da gecə saatlarında onları 22-ci Polis Bölməsinə dəvət ediblər: “Bölməd mənə bildirdilər ki, Mehman barədə “102” xidmətinə zəng etdiyimə görə gəlib bölmədə ərizə yazmalıyam. Bizdən izahat alıb dedilər ki, Mehmanın adı sistemdə var və axtarırlar”.
Yanvarın10-da isə 22-ci Polis Bölməsindən vəkil Elçin Sadıqova zəng edərək, Mehman Hüseynovun həmin bölmə tərəfindən həbs edildiyi bildirilib.
Ülvi Həsənli deyir ki, baş vermiş hadisə adam oğurluğudur: “Biz 22-ci Polis Bölməsində olarkən Mehman da orada olub. Amma polis Mehmanın saxlanması barədə bizə, ailə üzvlərinə və vəkilinə məlumat verməyib. Əksinə, faktı gizlədiblər. Səhəri gün isə deyirlər ki, həbs etmişik. Bu necə ola bilər? “102” xidmətinə şikayət edilib, şikayət üzrə həmin bölmədə izahat alınıb. Guya Mehmanı axtardıqları barədə məlumat verirlər və səhər məlum oldu ki, bunların hamısı tamaşa imiş. Bütün bunlar onu göstərir ki, Mehman hakimiyyətin sifarişi ilə yoldan oğurlanıb. Ona işgəncə verilib”.
Yanvarın 16-da “Nida” Vətəndaş Hərəkatının Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Rəhim Vəliyev küçədən oğurlanaraq polisə aparılıb. Yanvarın 20-də Rəhim Vəliyevin vəkili Elçin Sadıqov onunla görüşə bilib. Vəkilin verdiyi məlumata görə, Rəhim Vəliyev küçədə oğurlanaraq 18-ci Polis Bölməsinə və daha sonra Nərimanov rayon Polis İdarəsinə aparıblar. Polislər aktivistə işgəncə verib və ondan “facebook” sosial şəbəkəsində yazmış olduğu statusları silməyi tələb ediblər. Rəhim Vəliyev yazılı müraciətində bildirib: “Polislər mənə dedilər ki, statusları silməsəm ananı işdən çıxaracaqlar və evimizə gedib ailə üzvlərimin alt paltarının içində axtarış aparacaqlar”.
Rəhim Vəliyev 30 sutka müddətinə azadlıqdan məhrum edilib.
Vəkil Fariz Namazlı bildirir ki, saxlanılan şəxslər barəsində yaxınlarına və vəkilinə məlumat verilməməsi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” haqqında qanunun tələblərinə ziddir:
“Qanunun 15.1.1 maddəsinə əsasən, saxlanılan şəxsin yaxınlarına, vəkilinə dərhal telefonla məlumat vermək hüququ var. Eyni zamanda Cinayət Prosessual Məcəlləsində saxlanılan şəxslərə geniş hüquqlar verilir. Lakin Azərbaycan hüquq – mühafizə orqanları qanunları açıq şəkildə pozurlar”.
Dörd nəfər məni döydü
Azərbaycanda jurnalistlərin və siyasi fəalların dövlət orqanları əməkdaşları tərəfindən oğurlanması dəfələrlə müşahidə edilib. Müstəqil jurnalist Ramin Deko da mülki geyimli polislər tərəfindən oğurlanan jurnalistlərdən biridir. O, “Azadlıq” qəzetində işləyərkən 2011-ci ilin aprel ayının 3 -də Bakının Rəsulzadə qəsəbəsi ərazisində mülki geyimlilər tərəfindən oğurlanıb: “Qarşımı kəsib maşına oturtdular. Məni tanımadığım yerdə köhnə bir evə saldılar. 4-5 saat həmin evdə qaldım. Bir növ “proflaktik” söhbət etdilər, hədələdilər. Fiziki güc tətbiq edilmədi. Daha sonra şəhərin mərkəzinə yaxın ərazidə buraxdılar”.
Ramin Deko deyir ki, baş vermiş hadisəni ictimailəşdirdikdən sonra naməlum şəxslər tərəfindən döyülüb: “Növbəti gün ayın 4-də axşam “Azadlıq” qəzetinin redaksiyasından çıxıb evə gedərkən, iki nəfər də qarşıdan iki nəfər arxadan mənə hücum etdi. Dörd nəfər məni döydü”. Jurnalist qeyd edir ki, döyülməyi ilə bağlı etdiyi şikayətə baxılmayıb: “Döyülməyimlə bağlı həkim rəyi almışdım. Polisə şikayət etdim. Daxili İşlər Nazirliyinə dəvət etdilər, izahatımı aldılar. Lakin heç bir nəticəsi olmadı”.
Başıma torba keçirib döydülər
Hazırda həbsdə olan vicdan məhbusu, jurnalist Seymur Həzi 2011-ci ilin mart ayının 26-da 6 nəfər mülki geyimli və maskalı şəxslər tərəfindən oğurlanıb. Seymur Həzi “Amerikanın səsi” radisosuna verdiyi müsahibəsində Ceyranbatan qəsəbəsi ərazisində basqına məruz qaldığını bildirib:
“Ceyranbatan qəsəbəsində avtobusdan düşüb 200 metr getmişdim, “Mercedes” markalı mikroavtobusu gördüm və şübhələndim. Geri dönmək istəyərkən iki nəfər maskalı şəxs məni saxladı. Dörd nəfər maskalı şəxs də onlara qoşuldu və məni 15-20 saniyə ərzində mikroavtobusa tərəf sürüdülər. Onlar başıma torba keçirib döyə-döyə, ehtimal ki, Biləcəri qəsəbəsinə apardılar və orada iz qalmaması üçün mexaniki üsulla döydülər”.
Jurnalistin telefonu əlindən alınıb, noutbukunda axtarış aparılıb. Rus dilində danışan basqınçılar ondan hakimiyyət əleyhinə yazılarına və fəaliyyətinə son qoyulmasını tələb ediblər. O zaman daxili işlər naziri Ramil Usubov məsələnin araşdırılacağına söz versə də, basqınçılar tapılmayıb.
Ötən il sentyabrın 16-da Meydan TV-nin əməkdaşı Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlanıb. Şirin Abbasovun idarədə saxlanması barədə vəkilinə və ailə üzvlərinə məlumat verilməyib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının etirazlarından sonra Şirin Abbasov barəsində 30 sutka müddətinə inzibati həbs verildiyi barədə məlumat verilib. Lakin həbsdə olduğu müddət Şirin Abbasova vəkili ilə görüşməyə icazə verilməyib. Şirin Abbasov idarədə fiziki və mənəvi işgəncəyə məruz qaldığını bəyan edib.
Azərbaycan hökuməti isə oğurluq və işgəncə faktlarını inkar edir. Mehman Hüseynovun oğurlanması və işgəncəyə məruz qalması barədə iddalarını şərh edən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Ehsan Zahidov bildirib ki, jurnalist yalan məlumat verir:
Onun aldığı nəfəs də yalandan gəlib gedir
Daxili İşlər Nazirliyi eyni zamanda Mehman Hüseynov barəsində Baş Prokurorluq qarşısında vəsatət qaldırıb. Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Mehman Hüseynov polisi ağır cinayətdə ittiham edib və bu səbəbdən Daxili İşlər Nazirliyi onun əməlinə hüquqi qiymət verilməsini istəyir.
Rejim mövcud olduqca, adam oğurluğu davam edəcək
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirir ki, Azərbaycan hakimiyyəti siyasi rəqiblərinə qarşı zorakı metodlardan istifadə edir: “Jurnalistlərin, müxalif partiya üzvlərinin, QHT nümayəndələrinin və aktiv vətəndaşların hüquq mühafizə orqanları tərəfindən oğurlanması adi hal alıb. Müsavat Partiyasının üzvləri də bu hallarla qarşılaşıb. Partiya başqanının müavini Fərəc Kərimli və qardaşı Sirac 2014-cü ilin iyulunda oğurlanıb. Yalnız dörd gündən sonra onların həbs edildiyi məlum olub. Etiraz edən kəsimin oğurlanması Əliyevlər hakimiyyətinin son 24 illik dövründə hər zaman aktual olub”.
Elman Fəttah deyir ki, hakimiyyət Elmar Hüseynovun, Rafiq Tağının timsalında siyasi qətlləri törətməkdən də çəkinməyib. Siyasi qətllərin üstü açılmamış qalıb:
“Belə qanlı idarəetmə keçmiş SSRİ-nin mirasıdır. Mövcud hakimiyyət bolşevik və KQB idarəetmə formasını mənimsəyib. Rejim var olduqca adam oğurluğu davam edəcək”.
Hakimiyyət varlığını korrupsiya, yalan, qanunsuzluq üzərində qurub
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oktay Gülalıyev də Azərbaycanda siyasi oğurluq hallarının artdığını söyləyir. O,ildirir ki, insanlar ictimai-siyasi, jurnalist fəaliyyətlərinə, eləcə də maddi vəziyyətlərinə və vəzifələrinə görə oğurlanır, təhdid olunur, işgəncələrə məruz qalırlar:
“Əksər hallarda oğurluq hadisələrinin arxasında mütəşəkkil dəstələr və hakimiyyətin güc strukturları dayanır. Məsələn, 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayev müəmmalı şəkildə oğurlanıb və ya itkin düşüb. Sonradan Elşad Abdullayevin yaydığı çoxsaylı videogörüntülərdən aydın oldu ki, oğurluq hadisəsi ilə bağlı onunla söhbətə gələn və böyük həcmdə pul qarşılığında qardaşı Mahir Abduallyevin qaytarılmasını vəd edən şəxslər hakimiyyətdə məsul vəzifə tuturlar”.
Oktay Gülalıyev deyir ki, eləcə də Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov məhkəmədə bir çox vəzifəli şəxslərin ailə üzvlərinin oğurlanması ilə bağlı etiraflar edib. Məlum olub ki, Hacı Məmmədov bu cinayətlərin həyata keçirilməsində tək olmayıb və ona sifarişlər yuxarıdan, vəzifəli şəxslərdən gəlib:
“Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barədə gedən məhkəmə prosesinə nəzər saldıqda aydın olur ki, bu qurumun yüksək rütbəli zabitləri insan oğurluğu ilə məşğul olub. İllər ərzində jurnalistlərdən Fikrət Hüseynli, Bahəddin Həziyev və digərləri oğurlanaraq, vəhşicəsinə döyülüb. Hər iki jurnalist bu münasibətə tənqidi yazılarına görə məruz qalıb. Tanınmış bloqqer Mehman Hüseynovun oğurlanaraq işgəncələrə məruz qalması Azərbaycanda son illərdəki adam oğurluğunun silsilə davamıdır. Zənnimizcə, bu hadisələrin baş verməsi hakimiyyətin xarakterindən və cəzasızlıq sindromundan doğur. Mövcud hakimiyyət öz varlığını korrupsiya, yalan, qanunsuzluq, dərəbəylik, məmur özbaşınalığı və avtoritar repressiya üzərində qurub. Dövlətin gücündən istifadə edib insanları oğurlayıb, onlara işgəncə verən, mülkünü, pulunu əlindən alan, reketçiliklə məşğul olan şəxsləri cəzalandırmadıqca belə hadisələrin davamı olacaq”.
Azərbaycan BMT-nin konvensiyasına qoşulmur
Avropa Birliyi “Şərq Tərəfdaşlığı Vətəndaş Forumunun” milli ələqələndiricisi, hüquqşünas Ziya Quliyev bildirir ki, Azərbaycan BMT-nin Bütün Şəxslərin Məcburi Yoxaçıxmalardan müdafiəsinə dair 2006-ci il Konvensiyasına qoşulmayıb:
“Məcburi yoxaçıxma şəxsin küçədən, evdən və başqa yerdən dövlət orqanlarının əməkdaşları (və ya agentləri) tərəfindən oğurlanması və barəsində heç bir məlumat verilməməsidir və bu beynəlxalq hüquqla cinayət hesab olunur”, – deyir hüquqşünas.
Ziya Quliyev qeyd edir ki, Azərbaycan konvensiyaya qoşulmadığından vətəndaşları birbaşa BMT-nin Məcburi Yoxaçıxmalarla bağlı Komitəsinə müraciət edə bilmir.
Azərbaycanın Konvensiyaya qoşulmamasının səbəblərinə aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinə göndərdiyimiz sorğuya və telefon zənglərinə cavab verilməyib.
Azərbaycan hökumətinin konvensiyaya qoşulmamasının səbəbi müəmmalıdır
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, ərazisində hərbi münaqişələr, siyasi repressiyalar olan ölkələrin hökümətləri bu konvensiyanı ratifikasiya etmirlər: “Belə ölkələrdə ya hökumət strukturları, ya da onların razılığı ilə cinayətkar qruplar adamların oğurlanması, onlara işgəncə verilməsi və sair kimi işlərlə məşğul olurlar. Azərbaycan hökumətinin Konvensiyaya qoşulmamasının səbəbi müəmmalıdır. Yəqin bu daha çox insan haqları ilə bağlı beynəlxalq öhdəliklərə şübhə ilə baxılmasından irəli gəlir”.
Azərbaycanın Konvensiyaya qoşulmaması səbəbinə aydınlıq gətirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Məcburi Yoxaçıxmalarla bağlı Komitəsinə sorğu ilə müraciət etdik. Komitə sorğuya “suallara aydınlıq gətirmək səlahiyyətində olmadıqları”, – cavabını verdi.
BMT-nin İnsan Haqları Komitəsi də sorğumuza eyni məzmunlu cavab verib.
Azərbaycanda insan haqları qorunur?
Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövr ərzində dəfələrlə bəyan edib ki, Azərbaycan insan haqları qorunur.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə İlham Əliyevdən fərqli olaraq, Azərbaycanda sistematik şəkildə insan haqlarının pozulduğunu bəyan edib.
Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan prezidentini 2003, 2008 və 2013-cü illərdə “Mətbuat yırtıcıları” siyahısına daxil edib.
“The Economist Intelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya indeksində isə Azərbaycan 165 ölkə arasında 148-ci, Qafqaz ölkələri arasında sonucudur.
Məqalə “People in Need” təşkilatının dəstəyi ilə dərc olunub.