Çexiya XİN məlumatı təsdiqləyib, Bakıdakı səfirlik isə şərh etmək istəmir
Çexiyanın Azərbaycandakı səfirliyi Ermənistandan sərhədi qanunsuz keçməkdə ittiham olunan vətəndaşı barədə açıqlama vermək istəmir.
Fevralın 3-də Çexiya vətəndaşının Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olduğu və hərbçilər tərəfindən saxlanıldığı bildirilir.
Onun saxlanılması ilə bağlı Çexiyanın Azərbaycandakı konsulluğuna məlumatın göndərildiyi də vurğulanır.
Hökumətyönlü mediada yayılan xəbərlərdə bildirilir ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq-əməliyyat araşdırmaları aparılır. Amma DTX məlumatı nə təsdiq, nə də təkzib edir.
Çexiya səfirliyindən də vətəndaşın Azərbaycanda saxlanılmasını Meydan TV-yə təsdiqləyiblər. Lakin səfirlik ümumilikdə məsələni şərh etmək istəmədiyini qeyd edib.
Çexiyanın Xarici İşlər Nazirliyi isə ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçərkən saxlandığını təsdiqləyib.
Bu barədə nazirliyin kommunikasiyalar departamentindən Mariana Vernerova CTK-ya danışıb.
“Biz Çexiya vətəndaşının Azərbaycan tərəfindən saxlanılmasını təsdiqləyə bilərik. Saxlanmaya səbəb guya sərhədi qanunsuz keçməsidir”, – Vernerova belə söyləyib.
Mariana Vernerovanın sözlərinə görə, həmkarları onun ailəsi ilə əlaqə saxlayırlar.
Son iki gündə Azərbaycanda KİV Çexiya vətəndaşının Ermənistanla sərhədə yaxın zonadakı keçid məntəqələrindən birində saxlanıldığı haqda məlumat yayır.
Onun sərhədin Azərbaycan tərəfində, əvvəllər Ermənistan ordusu tərəfindən minalanmış ərazini keçdiyi qeyd olunur. Amma Azərbaycan hüquq-mühafizə orqanları bu barədə hələ ki məlumat yaymayıblar.