Azərbaycanda referendum keçirilir

Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var

Source:
Məzahir Pənahov APA
Məzahir Pənahov APA


Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib. M. Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək”.

Referendum dövlət himninin səsləndirilməsi ilə start götürüb.

Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər.

Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.

26 sentyabr referendumunda Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.

Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb.

İyulun 18-də prezident tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərAzərbaycanda referendum keçirilir