Azərbaycanda ölkə əhalisinin təxminən 5 faizi sərhədlərin bağlı qaldığı dövrdə dünyaya gəlib

Foto: Azərtac

Ekspertlər hesab edir ki, sərhədlərin bağlı qalmasına səbəb pandemiya deyil

Pandemiya səbəbilə ölkə sərhədlərinin bağlı saxlanılmasına dair Nazirlər Kabinetinin qərarı artıq qanunla ona verilən səlahiyyətlərdən legitim səbəb olmadan sui-istifadədir.

Hüquqçu Ələsgər Məmmədlinin sözləridir.

“Seçkiyə kütləvi getmək virusun yayılmasına risk yaratmır?”

Hüquqçu deyir, əgər həqiqətən də Nazirlər Kabinetinin qərarına hüquqi səbəb olsaydı, gərək ölkədə ən kütləvi tədbir olan və 5 milyondan çox şəxsin eyni saatlarda səsverməyə getməsini tələb edən Prezident seçkisi də keçirilməzdi.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Qərarda deyilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti uzadılır. Belə səbəb həqiqətən mövcuddursa, seçki də keçirilə bilməz. Cəmiyyəti dolamağa ehtiyac yoxdur. Pandemiya varsa, hər iş və kəs üçün var, yoxdursa heç bir iş üçün və hər kəs üçün yoxdur. Seçkiyə kütləvi getmək virusun yayılmasına risk yaratmır, sərhədlərdən bir-bir, növbəli keçmək risk yaradır?”.

Karantin uzadıldı

Baş nazir Əli Əsədov dekabrın 11-də Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar imzalayıb.

Məqsəd kimi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması göstərilib. Öncəki qərarda Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək idi.

“Yarım milyon insan sərhədlərin bağlı olduğu zaman doğulub”

İqtisadçı Fərid Mehralızadə sərhədlərin bağlı qalmasının müddətinin nə qədər çox olduğunu göstərmək, müddətin uzun olmasının fərqinə varmaq üçün bəzi hesablamalar aparıb. Deyir, sərhədlərin bağlı qalmasının 46-cı ayıdır. Bu o deməkdir ki, 21-ci əsrin təxminən 15 faizində Azərbaycanın quru sərhədləri bağlı qalıb.

Fərid Mehralızadənin şəxsi arxivindən

Sərhədlərin bağlı qaldığı dövr ərzində Azərbaycanda təxminən 500 minə yaxın (yarım milyon) uşaq doğulub. Yəni, hazırki ölkə əhalisinin təxminən 5 faizi sərhədlərin bağlı qaldığı dövrdə dünyaya gəlib. Sərhədlərin bağlı qaldığı dövrdə Azərbaycanda təxminən 270 min insan vəfat edib. Bu dövr ərzində Azərbaycanda təxminən 400 min insan nikaha daxil olub”.

“Sərhədlərin bağlı qaldığı hər gün insanlara maddi və mənəvi zərər vurur”

İqtisadçı əlavə edir, deyir, həmin 46 ay ərzində Azərbaycanda təxminən 130 min insan boşanıb:

Siyahını uzatmaq olar, amma istənilən halda dörd il çox böyük zamandır. Bir ölkənin sərhədinin heç bir rasional səbəb olmadan dörd il bağlı qalması çox absurddur. Hələ bunun insanlara vurduğu maddi və mənəvi ziyan da var. Məcbur bahalı uçuş biletlərinin alınması, xaricdəki yaxınlarını görə bilməmək, sərhədyanı ərazilərdə kiçik bizneslə məşğul olanların itirdiyi qazancı və s. də üstünə gəlinsə, bu qərarın uzadılmasının insanlara vurduğu maddi və mənəvi zərəri anlamaq çətin olmaz”.

“2019-cu ilin 8 ayında 1 milyon insan təkcə Gürcüstana gedib”

Səyahət blogeri Azər İsmayıl deyir ki, artıq bütün ehtimallar özünü doğrultmayıb. Düşünür ki, sərhədlərin bağlı qalmasının hazırda yalnız iqtisadi səbəbi ola bilər. Ölkədən valyutanın çıxmasının qarşısını almaq məqsədilə belə addım ata bilərlər:

Qafqaz turizmi. Mənbə: Sotnikov Misha/shutterstock

“İstəyirlər ki, ölkədən çıxması ehtimal olunan vəsaitin çox hissəsi daxildə qalsın. 2019-cu ilin statistikasına baxsaq, həmin ilin yanvar-avqust ayında bir milyon insan Azərbaycandan Gürcüstana gedib. Bu, kifayət qədər ciddi rəqəmdir. Hələ bu, 8 ayın nəticəsidir, yerdə qalan 4 ayda da azı 300-350 min insan Gürcüstana səfər edib. Bu da böyük maliyyə axını deməkdir. Təbii müəyyən qədər nəzarətsiz maliyyə axınıdır. Ölkədən çoxlu pul çıxır. Ya o pul ölkəyə mal kimi qayıdır. Məsələn, sərhəd rayonlarında yaşayan insanların alıb gətirdiyi gündəlik mallar kimi, ya da ölkəyə ümumiyyətlə qayıtmır. Görünür, bunun olmasının qarşısını almağa çalışırlar”.

“İnsanlar ya istirahəti təxirə salır, ya da artıq pul ödəyir”

Azər İsmayıl bildirir ki, sərhədlərin bağlı qalması Gürcüstana səyahət edən insanların büdcəsinə zərbədir. İstirahət bir ehtiyacdır. İnsanlar ilboyu işləyir, bayramlarda, tətillərdə də istəyir ki, bir neçə günlük dincəlsin:

Azər İsmayıl
Foto: Azər İsmayılın şəxsi arxivindən

Sərhədlərin bağlı olması Gürcüstanda istirahət planlayan insanların xərclərini ya artırır, ya da istirahətlərinin qarşısını alır. Dörd nəfərlik ailənin Gürcüstana təyyarə ilə gedib-gəlməyi ilə maşınla gedib-gəlmək arasında ciddi fərq var. İnsanlar maşınla 150-200 manata gedib gələ bilirsə, təyyarəyə ən yaxşı halda 1000-1200 manat verəcəklər. Ona görə də bu insanlar ya istirahətə getmirlər, ya da ölkə daxilində istirahəti seçirlər. Ölkə
daxilində istirahət edəndə də xərclədikləri pul dövriyyəyə girir, ölkədən çıxmır, büdcəyə vergi şəklində qayıdır”.

Ölkədən çıxanların sayında azalma var

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin 10 ayında 1545,2 min nəfər xaricə səfər edib. Həmin insanların 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Sərhədlərin bağlı qalmasının dörd ili gəlir

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.

Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Dünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda belə pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejimi uzadılır.

Ana səhifəSosialAzərbaycanda ölkə əhalisinin təxminən 5 faizi sərhədlərin bağlı qaldığı dövrdə dünyaya gəlib