Azərbaycanda Müstəqillik günüdür

26 il əvvəl Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib

Source:


26 il əvvəl Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib

18 oktyabr Azərbaycanda Müstəqillik Günü qeyd edilir.

1991-ci ildə oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Sənədin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, 92 deputat  sessiyaya qatılmayıb.

Konstitusiya Aktında bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci ilin 29 dekabrında ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbini təsdiq edib.

1992-ci ildən 2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabrı bayram kimi saxlayaraq,  qeyri-iş günü sırasından çıxarıb.

Ana səhifəXəbərlərAzərbaycanda Müstəqillik günüdür