Azərbaycanda koronavirus pandemiyası ilə bağlı Tədbirlər Planı hazırlanıb

Sənədə əsasən, Maliyyə Nazirliyi aprel ayında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması üçün 90 milyon manat ayırlmasını təmin etməlidir.

Source: Мейдан ТВ


Muzdlu işçilərə, işsiz kimi qeydiyyatda olanlara, həmçinin güzəştli ipoteka kreditləri üçün kompensasiya ödəniləcək

Aprelin 4-də

Nazirlər Kabineti

koronavirus pandemiyası ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Bundan başqa, Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin edir və görülmüş işlər barədə Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Muzdlu işçilərə, həmçinin fərdi sahibkarlara kompensasiya veriləcək

Qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün kompensasiya qismində 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

Həmçinin 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi açıqlanıb.

2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara (iş yerlərinin azaldılmaması məqsədilə əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 80 milyon manat maliyyə dəstəyi veriləcək. Maliyyə dəstəyi, 300 min fərdi (mikro) sahibkarı əhatə edəcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirib.


Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək

Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına əsasən, Azərbaycanda bu sahədə icraçı qurumlar İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bank müəyyənləşdirib.

Bundan başqa, əhali üçün zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək.

6ee696c0f10a2c42ceaed0d74042e036.jpeg
Nazirlər Kabineti

Sənədə əsasən, 2020-ci il ərzində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması) və zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqini təmin etməlidir.


Güzəştli ipoteka kreditləri üçün vəsait ayrılacaq

Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi artırılacaq.

Sənədə əsasən, Maliyyə Nazirliyi aprel ayında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması üçün 90 milyon manat ayırlmasını təmin etməlidir.


200 min işsizə birdəfəlik ödəmə veriləcək

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək.

Bu məsələ Tədbirlər Planında yer alıb. Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq – aprel və may ayları) vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.


Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Sənədə əsasən, bu məqsədlə 10 milyon manat ayrılıb. İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidir.


Sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqı ödəniləcək

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.

Bu məqsədlə 40 milyon manat ayrılıb. Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

Ana səhifəİqtisadiyyatAzərbaycanda koronavirus pandemiyası ilə bağlı Tədbirlər Planı hazırlanıb