”Azərbaycanda halal turizm modeli yaradılıb”

Azərbaycanda ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.

Source:


Azərbaycanda ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.

Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev aprelin 25-də “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinə həsr olunan tədbirdə deyib.

Yeni turizm modelində mehmanxanalarda alkoqol və donuz ətindən istifadə olunmayacağını söyləyib:

“Mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir”.

Müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyini və may ayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları əvvəli halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən Namiq Tağıyev “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini söyləyib.

Deyib ki, bu, halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edir:

“Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir”,- deyə Namiq Tağıyev fikrini yekunlaşıdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov isə deyib ki, 4 və 5 ulduzlu hotellər könüllü olaraq öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər:

“Bu standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınaraq hətta təklif edildi ki, qadınlar üçün ayrı, kişilər üşün ayrı, eyni zamanda ailələri şəxslər üçün ayrı mərtəbələr olsun. Biz reallıqları nəzərə alaraq, bunun tam bu formada olmasının tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud – 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsə, bu, onun üçün iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Bunları nəzərə alaraq, biz bunu standarta bu formada daxil etməyə tərəddüd etdik. Amma belə bir formada daxil etdik ki, 4, 5 ulduzlu hotellər bunu könüllü olaraq, edə bilərlər. Bu standartı yaratmaqla istəmirik ki, turizm sənayesində yeni yüklənmə yaradaq. Bizim hədəfimiz odur ki, sənaye inkişaf etsin”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan məmurları dünya bir qırağa, ölkəni, öz sahələrində baş verən prosesləri belə anlaya bilmirlər, analiz qabiliyyətləri yoxdur.

Natiq Cəfərli

İqtisadçı sual edir: “Halallıq axtaran turist Azərbaycana niyə gəlir?!”

“Gedib elə İŞİD-in nəzarəti olan yerlərdə dincələrdi də! O bura vurmağa, kef eləməyə, öz ölkəsində gizli etdiklərini, burada açıq etməyə gəlir. Heç olmasa Gürcüstana baxın, son 2 ildə müsəlman ölkələrindən gələn turist sayı 10-12 dəfə artıb. Sizcə, onlar Tiflisə halallıq axtarmağa gəlirlər?! Onlar Gürcüstana litri cəmi 4 lari olan şərab içməyə, otellərdə sərbəst yaşamağa gəlirlər. Demirəm ki, bu yaxşıdır, amma reallıqdır. Reallığı görün, anlayın, buna görə addımlar atın” – deyə, iqtisadçı bildirib.

Ana səhifəXəbərlər”Azərbaycanda halal turizm modeli yaradılıb”