İsa Sadıqov: ”Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və onun ətrafı konkret olaraq Rusiyaya xidmət edir”
Mühacirətdə yaşayan keçmiş polkovnik İsa Sadıqov Meydan TV-yə müsahibə verərək, təmas xəttindəki gərgin vəziyyəti şərh edib.
“Özünüz fikirləşin, sizcə, nəyə görə ən yuxarı zabitlər tərəfindən verilən bütün əmr və göstərişlər rus dilində verilir?
Çox bəsit cavabı var. Döyüş məlumatlarımızı Rusiyaya ötürməyi qarşısına məqsəd qoymuş adamlar tərcüməyə vaxt getməsin deyə, əmrləri birbaşa olaraq rus dilində verirlər”.
–
Qoşunların təmas xəttindəki əməliyyatları necə qiymətləndirirsiniz?
– Hərbi əməliyyatları qiymətləndirmək çətin deyil. Nəticələri nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, uğursuz əməliyyat idi.
İşğaldan azad edilmiş bir neçə yüksəklik müqabilində itkilərimizin 100 nəfərə yaxın olması onu göstərdi ki, ordumuzda problemlər çoxdur və torpaqlarımızı azad etmək üçün bu problemlər öz həllini tapmalıdır. İlk növbədə,peşəkar orduya keçid, hərbi hissələrin təmas xəttindən çıxarılması, onların polis və daxili qoşunlarla əvəzlənməsi işləri görülməlidir.
–
Sizcə, bu əməliyatlarda itkilərimzin çox olması nə ilə bağlı ola bilər?
– İtkilərimizin çox olmasının cəmiyyətə bilinən və bilinməyən səbəbləri var. Əsas səbəblərdən biri düşmənin faktiki gücünü real qiymətləndirə bilməməyimizdir. Digər əsas səbəb isə atəş sisteminin sistemsiz olması və peşəkar kadrların çatışmazlığıdır. Döyüş gedən ərazidağlıq olması da, xüsusi çətinliklər yaradır. Bu cür ərazilərə məxsus spesefik müharibə aparmaq qaydası var və bu incəlikləri nəzərə almaq olduqca vacibdir. Biz bu faktorları hələnəzərə almırıq və bütün yükü 18 yaşlı gənclərin üzərinə atırıq. Bu gənclər isə 1-1,5 ilxidmətdə olmuş əsgərlərdir. Bu səbəbdən bizim itkilərimiz çoxdur.
–
Ordumuza məxsus helikopterin vurulmasından sonra uçuş və digər koordinatların Ermənistana ötürülməsi ilə bağlı iddialar səsləndi. Bunlar nə qədər inandırıcıdır?
– Mənim şübhəm yoxdur ki, ordu haqqında bütün məlumatlar satılır. Ancaq bu məlumatlar birbaşa olaraq Ermənistana ötürülmür. Ordumuz daxilində yüksək vəzifə tutan satılmış şəxslər var. Ancaq bunlar Ermənistana yox,Rusiyaya satılıb. Ermənistan ordusu koordinatları Rusiyadan alır. Dolayısı ilə həmin şəxslər Ermənistan ordusuna məlumat ötürürlər. Ona görə də itkilərimiz daha çox olur.
–
Nə kimi məlumatlar ötürülür, necə ötürülür?Detallar barədə nə deyə bilərsiniz?
– Bütün önəmli koordinatlar, strategiyalar, yerdəyişmə haqqında məlumatlar və s. hamısı düşmənə ötürülür. Özünüz fikirləşin, sizcə, niyə ən yuxarı zabitlər tərəfindən verilən bütün əmr və göstərişlər rus dilində verilir?
Çox bəsit cavabı var. Döyüş məlumatlarımızı Rusiyaya ötürməyi qarşısına məqsəd qoymuş adamlar tərcüməyə vaxt getməsin deyə, əmrləri birbaşa olaraq rus dilində verirlər. Əslində hər şey açıq-aşkar ortadadır.
–
Sizcə, ölkə rəhbərliyinin bunlardan xəbəri var?
– İlham Əliyevin xəbəri var, sadəcə qətiyyəti yoxdur. Gəlin, unutmayaq ki, Azərbaycanda general heyətin rəhbəri Rusiyanın milli qəhramanıdır. Misal üçün deyim ki, qonşu Gürcüstanda da bu cür problemlər olub. Saakaşvili açıq-aşkar deyirdi ki, həmin şəxsləri vəzifəsindən azad edən zaman Rusiyanın təzyiqi ilə üzləşmişdi. İlham Əliyev isə bunu edə bilməz. Bunu etmək üçün gərək birinci növbədə, onun özü Rusiyadan asılı olmasın. Bu isə mümkün deyil.
–
Rusiya kimləri idarə edir, ad çəkə bilərsinizmi?
– O adamlar hamıya bəllidir. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və onun ətrafı konkret olaraq Rusiyaya xidmət edir. Yadınıza salın, hökümətdə təmsil olunan, ordunu idarə edən nə qədər adamlar Rusiyadan orden və adlar alıb? Bax, onların hamısı Rusiyaya xidmət edən adamlardır.
–
Nizamnaməyə görə, şəhid ailələrinə nə qədər ödəniş edilməlidir?
– Bildiyimə görə, 11 min manat birdəfəlik ödəniş olmalıdır. Ancaq indiyənə qədər əksər hallarda bu ödənişi etməyiblər, deməli, bu dəfə də etməyəcəklər.
–
Təmas xəttində vəziyyətin gərginləşməsinə səbəb olaraq prezidentin ABŞ-a səfəri də göstərilir. Siz necə düşünürsünüz?
– Hamının bildiyi kimi bütün olanları idarə edən Rusiyadır. İstədiyi zaman atəşkəsi təmin edir, tərəflərdən hər hansı birini cəzalandırmaq istəyəndə isə atəşkəsin pozulması göstərişini verir. Bu dəfə bu göstəriş İlham Əliyevin ABŞ-a səfəri zamanı baş verdi. Putin imtina etdiyi nüvə sammitinə İlham Əliyevlə Sarkisyanın getməsinə acıqlandı və hər ikisini cəzalandırdı. Rusiya hər dəfə maksimum göstərməyə çalışır ki, bu münaqişənin əsas həllinə nail ola biləcək yeganə ölkə özüdür. Bundan əlavə, münaqişəni başladaraq istədiyi zaman sülh danışıqlarını təmin edir və atəşkəsi əldə edir. Bu yolla“sülhməramlı” qüvvələr adı ilə rus ordularının Dağlıq Qarabağa girişini rəsmiləşdirmək istəyir.