Azərbaycanda daha bir partiya özünü buraxdı

Foto: AKP-nin “Facebook” səhifəsi

Kommunist Partiyasının sədri Hacı Hacıyev bəyanat yayıb

Azərbaycan Kommunist Partiyası özünü buraxıb.

Bu barədə partiyanın sədri Hacı Hacıyevin mayın 5-də yaydığı bəyanatda bildirilir.

Azərbaycan Kommunist Partiyası (AKP) 1993-cü ildə keçmiş deputat və “Kommunist” qəzetinin baş redaktoru Ramiz Əhmədov tərəfindən təsis edilmişdi.

1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan AKP fəaliyyəti boyu bir neçə dəfə parçalanıb. Belə ki, AKP sədri Ramiz Əhmədov 2007-ci ilin sentyabrın 10-da vəfat edəndən sonra partiya sədrinin müavinləri arasında fikir ayrılığı yaranıb.

Nəticədə partiya sədrin birinci müavinləri Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb.

Digər tərəf isə Hacı Hacıyev olub.

2016-cı ildə Hacı Hacıyevin rəhbərlik etdiyi qrup Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq tanınıb.

Son 10 gündə dördüncü partiyadır ki, özünü buraxır.

Aprelin 17-də Aydınlar, 27-də Vahid Azərbaycan Milli Birlik, ondan iki gün sonra isə Tərəqqi partiyaları fəaliyyətlərinə xitam veriblər.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Son iki həftədə Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb.

Fəaliyyətinə son verən partiyaların sayı 18-ə çatıb.

Ana səhifəXəbərlərAzərbaycanda daha bir partiya özünü buraxdı