Azərbaycanda COVID-19 pasportu ilə bağlı tələblər ləğv edildi

PCR testi. Foto: Viacheslav Lopatin/shutterstock

Müəyyən olunmuş yerlərdə COVID-19 pasportu tələb edilməyəcək

Azərbaycanda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilib.

Bu barədə martın 27-də Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xarici vətəndaşların və həmin ölkələrdə daimi yaşayan digərlərinin, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana girişi zamanı onlardan COVID-19 pasportu tələbi istənilməyəcək:

Müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün də COVID-19 pasportu tələb edilməyəcək”.

Eyni zamanda, Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Qərara görə, martın 28-dən saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digərlərinin, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

2020-ci il martın 13-də Azərbaycanda xüsusi karantin rejimi elan edilib.

İlk zamanlar tətbiq edilən məhdudiyyətlərin çoxu aradan qaldırılsa da, xüsusi karantin rejimi 2023-cü ilin mayın 1-dən uzadılıb.

Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox insanın öldüyü açıqlanıb.

Azərbaycanda son məlumata görə, ümumilikdə 829 min 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 10 min 166 nəfərin vəfat etdiyi bildirilib.

Ana səhifəSosialAzərbaycanda COVID-19 pasportu ilə bağlı tələblər ləğv edildi