Toya gedən hər kəsdən COVİD pasportu tələb olunacaq
Sentyabrın 1-dən Azərbaycanda koronavirusla bağlı yeni qadağaların tətbiqinə başlanıb.
Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan vətəndaşlardan restoran, mehmanxana, iri ticarət müəssisələri, idman zallarına giriş zamanı COVİD pasportu tələb olunacaq. Ali və orta ixtisas təhsili müəssisələrində oxuyan və yaşı 18-dən yuxarı olan tələbələrdən də COVİD pasportu istəniləcək.
Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin işçilərinin də azı 80 faizinin sentyabrın 1-dən COVİD-19-a qarşı birinci, oktyabrın 1-dən isə 2-ci doza peyvənd olunması və ya COVİD 19-a qarşı immunitet sertfikatının olması vacibdir.
Toya gedən hər kəsdən COVİD pasportunun tələb olunmasına dair qərar da qüvvəyə minib. Sentyabrın 1-nə qədər yalnız 50 nəfərdən çox iştirakçısı olan toy şənliklərində bu tələb qüvvədə idi.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martın 24-dən xüsusi karantin rejimi hökm sürür. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və ya yumşaldılıb.
Nazirlər Kabinetinin iyulun 26-da verdiyi verilən bu qərarından sonra Azərbaycanda klinika və xəstəxanalar qarşısında peyvənd olunmaq üçün uzun növbələr yaranıb. Hətta peyvənd növbələrində narazılıqlar da olur.
Məsələn, sosial mediada peyvənd olunmaq istəyən vətəndaşın poliklinikanın qapısını sındırması ilə bağlı video yayılıb. Səhiyyə Nazirliyinin məlum video ilə bağlı açıqlamasında bildirilir ki, hadisə avqustun 31-də axşam saat 18:40-da baş verib:
“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetiriblər. Faktla bağlı hüquq- mühafizə orqanlarına rəsmi müraciət olunub”.
Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda vaksinasiya prosesini sürətləndirməkdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var:
“Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılmasına ehtiyac var. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda, növbələrin sayını və kənar müdaxilələri azaldar”.
Digər tərəfdən, deputat bildirir ki, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var:
“Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.
Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min Azərbaycan vətəndaşı peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunanlardırı.
Vüqar Bayramov bildirir ki, bu, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizni də təşkil etmir:
“Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb”.
“Bloomberg” agentliyinin məlumatına görə, dünyada 183 ölkədə 5 milyard 310 milyon doza vaksin istifadə olunub. Azərbaycanda isə əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib.
Deputat deyir ki, vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də Qazaxıstandan (28.7%) sonra ikinci olsa da, hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil: “Bu baxımdan, vaksinasiya prosesinin daha sürətləndirilməsi vacibdir”.
Koronavirus 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılıb. Dünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyədək 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 1-nə kimi ümumilikdə 424 min 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 636-sının vəfat etdiyi bildirilib.