Azərbaycanda Azadlıq: “Azadlıq Dünyada 2014” necə oxunmalı?

Azərbaycan yenə də İran, Şimali Koreya və digər avtoritar ölkələrlə bərabər

Source:

Freedom House azadlıq haqqında ənənəvi “Azadlıq Dünyada 2014” hesabatını yayımladı və təəssüflər olsun ki, əvvəlki hesabatlarla müqayisədə Azərbaycanda azadlıq sərhədlərinin daha da daraldığı vurğulandı və Azərbaycan yenə də İran, Şimali Koreya və digər avtoritar ölkələrlə bərabər “Azad Olmayan” ölkə olaraq təsnif edildi. Bu məqalədə “Azadlıq Dünyada 2014” hesabatının necə hazırlandığını və ölkələrin hansı kriteriyalara görə təsnif edildiyini araşdıracayıq.


Azadlıq Nədir?

Azadlıq nədir? deyə sual verilsə bir-birindən fərqli, hətta bir birinə əks olan onlarla fikir sadalanar. Elə buna görədir ki, bu tipli hesabatlarda Azadlıq anlayışının konkret sərhədləri və xüsusiyyətləri konkret kriteriyalar və indiqatorlarla müəyyən edilir ki, anlaşılmazlıqlar yaranmasın. Belə ki, “Azadlıq Dünyada 2014” hesabatı öz azadlıq anlayışını iki ana kriteriya ilə məhdudlaşdırıb və bir ölkənin azad olub olmadığını həmin ölkədəki Siyasi Hüquqlar və Vətəndaş Azadlıqlarının dərəcəsinə görə hesablayır. Təbii ki də, hesabatda bu iki kreteriya bu qədər geniş mənası ilə deyil, daha da açıq və detallı izah edilir, alt kriteriyalar və indiqatorlarla hesablanır.

Hesabat azadlığın ilk kriteriyası olan

Siyasi Hüquqları

üç alt-kriteriya şəklində müəyyənləşdirir. Belə ki, ölkədəki

(1) Seçki Prosesinin xüsusiyyətləri, (2) siyasi plürazlizm, əhalinin siyasi proseslərdə iştirak dərəcəsi, və (3) hökumətin işləyiş şəkli, hesabatlılığı və şəffaflığı

həmin ölkənin siyasi hüquqlarının nə yerdə olduğunu müəyyən edən əsas göstəricilər kimi qəbul olunub.

Bundan başqa, azadlığın ikinci kriteriyası olan

Vətəndaş Azadlıqları

isə ölkədəki

(1) fərdlərin inanc və ifadə azadlığının dərəcəsi, (2) birləşmə və təşkilatlanma azadlığı (3) hüququn aliliyi prinsipinin işləklik dərəcəsi və (4) vətəndaşların öz şəxsi azadlıq və fərdi hüquqlarından

istifadə edə bilmə dərəcəsi ilə ölçülür.

Yuxarıda göstərildiyi kimi azadlıq anlayışı iki ana kriteriya və 7 alt kriteriya üzrə hesablansa da bu alt kriteriyalar özlüyündə müxtəlif indiqatorlara, və bu indiqatorlar da özlüyündə alt indiqatorlara bölünür. Daha sonra bu göstəricilər 1-7 (1- azad olandan 7 azad olmayana qədər) şkalası üzrə hesablanır, və dövlətlər bu şkala üzrə təsnif edilir. Qeyd edək ki, iki kriteriyada (siyasi hüquqlar & vətəndaş azadlıqları) bu şkala üzrə 1-2.5 ilə dəyərləndirilən ölkələr “Azad”, 3-5 aralığında olanlar “Qismən Azad”, 5.5-7 aralığında olanlar isə “Azad Olmayan” ölkə hesab edilirlər.


Azərbaycanda Azadlıq Dərəcəsi

“Azadlıq Dünyada 2014” hesabatı Azərbaycanı “Azad Olmayan” ölkə elan edib. Belə ki, hesabatda Azərbaycan həm Siyasi Hüquqlar, həm də Vətəndaş Azadlıqları kriteriyasına əsasən şkala üzrə 6 olaraq dəyərləndirilib. Qeyd edək ki, öncəki illər Azərbaycanda vətəndaş azadlıqları 5 olaraq dəyərləndirilirdi və 2014-ci il bu qiymətin 6-a enməsi vətəndaş azadlıqları sərhədlərinin daha da daraldığını göstərir. Hesabatda bu geriləməyə səbəb kimi aşağıdakılar qeyd edilir:


“Azərbaycanda Vətəndaş Azadlıqlarının dərəcəsi prezident seçkiləri öncəsi dövlət tərəfindən müxalifət və vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qaldığı il, hökumətin davamlı və açıq-aşkar şəkildə vətəndaşların mülkiyyət hüququnu pozmasına görə şkala üzrə 5-dən 6-a enib”. (1)


Azadlıq Göstəriciləri

Aşağıdakı cədvəl (2) hesabatın hansı kriteriya, alt kriteriya və indiqatorlar vasitəsilə hesablandığını göstərir, alt indiqatorlar çox olduğu üçün onlar cədvələ əlavə edilməyib.

Son olaraq, tədqiqatçı olmadan belə, aşağıdakı göstəricilərə baxaraq vətəndaşlar öz ölkələrinin azadlıq dərəcəsini gündəlik həyatda qarşılaşdıqları hadisələrlə təxmin edə bilərlər. Bunun üçün siyasilərin şərhlərinə və şübhəli yanaşmalarına ehtiyac yoxdur. Sadəcə, bir qələm götürüb, 1-7 şkala üzrə aşağıdakı göstəricilərə əsasən azadlığınızı kobud şəkildə belə olsa dəyərləndirin. Siz və ölkəniz nə qədər azadsınız?


SİYASİ HÜQUQLAR:


1.

Seçki Prosesi

a. Hökumət və hakimiyyətin digər üzvləri azad və ədalətli seçki ilə seçilirmi?

b. Qanunverici orqan təmsilçiləri azad və ədalətli seçki sistemi ilə seçilirmi?

c. Seçki hüququ və qruluşu ədalətlidirmi?

2.

Siyasi Plüralizm və İştirak

a. İnsanların müxtəlif siyasi partiyalar və yaxud öz seçimlərinə uyğun müxtlif siyasi qruplaşmalar yaratmaq hüququ varmı və siyasi sistem rəqabətdə olan bu siyasi partiya və qrupların tənəzzül və inkişaf edə bilmələri üçün sərbəstdirmi?

b. Ölkədə ciddi ölçüdə müxalif seçici qüvvəsi varmı və seçkilər zamanı müxalifətin öz dəstəyini və gücünü artırmaq üç real şansları varmı?

c. İnsanlar hərbi hakimiyyət, xarici güclər, totalitar partiyalar, dini iyerarxiyalar, iqtisadi oliqarxlar və digər güclü qrupların təsirində qalmayaraq, azad şəkildə öz siyasi seçimlərini edə bilirlərmi?

d. Mədəni, etnik, dini və digər azlıqların tam siyasi hüquqları və seçki imkanları varmı?

3.

Hökumətin İşləyiş Şəkli

a. Dövlət siyasətini azad şəkildə seçilmiş hökumət başçıcı və qanun verici orqanların təmsilçilərimi müəyyən edir?

b. Hökumət yayqın korrupsiyadan azaddırmı?

c. Hökumət öz seçicilərinə qarşı hesabatlıdırmı və bu proses açıqlıq və şəffaflıq şəraitində baş verirmi?


VƏTƏNDAŞ AZADLIQLARI:


1.

İnanc və ifadə azadlığı

a. Media və digər mədəni ifadə vasitələri azad və müstəqildirmi?

b. Dini institutlar və camahatlar öz inanclarını azad şəkildə yaşaya və özlərini özəl və ictimia həyatda azad şəkildə ifadə edə bilirlərmi?

c. Akademik azadlıq varmı və təhsil sistemi geniş siyasi doktrinaçılıqdan azaddırmı?

d. İnsanlar gündəlik həyatlarında (kafe, ev, restoran və s. kimi yerlərdə) sosial və siyasi məsələlər üzrə azad və sərbəst şəkildə müzakirələr edə bilirlərmi? Bu müzakirələrdən sonra dövlət təqibi ilə rastlaşmırlar ki?

2.

Birləşmə və təşkilatlanma hüquqları

a. İnsanların sərbəst toplaşma və nümayiş azadlığı varmı və ölkədə açıq ictimai müzakirələr gedirmi?

b. Vətəndaş təşkilatları, maraq qurupları və fondlar daxil olmaqlar Qeyri Hökumət Təşkilatlarının fəaliyyət azadlığı varmı?

c. Ölkədə azad fəaliyyət göstərən həmkarlar ittifaqı, kəndli təşkilatları və təsirli ictimai sövdələşmə mövcuddurmu? Peşəkar və digər özəl təşkilatlar azaddırmı?

3.

Hüququn Aliliy

i

a. Azad məhkəmə sistemi varmı?

b. Hüququn aliliyi prinsipinə mülki və cinayət işlərində əməl edilirmi? Polis bir başa vətəndaş nəzarəti altındadırmı? Ölkə Müharibə və qiyam hallarından qorunurmu?

c. Vətəndaşlar sistemə qarşı olan və ya ona dəstək verən qruplar tərəfindən siyasi terror, qeyri-qanunu həbs, sürgün və ya işgəncə hallarından müdafiə edilirlərmi? Ölkədə müharibə və qiyam təhlükəsi varmı?

d. Hüquq, polis və dövlətin digər qurumları əhalinin müxtəlif qisimlərinə bərabər şəkildə davranırmı?

4.

Şəxsi azadlıq və fərdi hüquqlar

a. Vətəndaşların səyahət azadlığı və ya yaşayış, iş və təhsil yerlərini – institut və yüksək təhsil – seçmə azadlığı varmı?

b. Vətəndaşların şəxsi mülk əldə etmə və şəxsi biznes qurma azadlığı varmı? Şəxsi biznez fəaliyyətlərinə dövlət məmurları, təhlükəsizlik orqanları, siyasi partiya və təşkilatlar və yaxud mütəşəkkil cinayətkarlar tərəfindən qeyri-qanuni olaraq müdaxilə edilirmi?

c. İnsanların gender bərabərliyi, həyat yoldaşını seçmə, ailə ölçüsünü müəyyən etmə kimi şəxsi sosial azadlıqları varmı?

d. Ölkədə fürsət bərabərliyi necədir və iqtisadi istismar varmı?

Mənbələr:

1. 2014, F. I. T. W., 2014. The Democratic Leadership Gap, Washington: Freedom House , p.7.

http://freedomhouse.org/sites/default/files/Freedom%20in%20the%20World%202014%20Booklet.pdf

2. 2014, F. i. t. W., 2014. Methodology, Washington: Freedom House .

http://www.freedomhouse.org/sites/default/files/Methodology%20FIW%202014.pdf


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəAzərbaycanda Azadlıq: “Azadlıq Dünyada 2014” necə oxunmalı?