Kamran Əsədov: “12 illik təhsilə keçid uşaqların tədris yükünü azalda bilər”

Foto: Trend.az

Nazir: „ Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın”

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı danışıb.

Nazir Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı bu sistemin üstünlüyünün daha çox olduğunu qeyd edib:

“İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Bunları bir gün ərzində həll etmək olmur, bunlar uzunmüddətli dəyişimdir. Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik”.

Emin Əmrullayev, Foto: edu.gov.az

12 illik təhsil sisteminə keçidlə bağlı 2013-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, bir çox qabaqcıl ölkədə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. 12 illik ümumi təhsil sistemi Azərbaycanda da tətbiq olunmalıdır.

Hazırda dünyada 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir.

Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 ildir.

Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3–6 faiz yüksəlməsinə səbəb olur.

Təhsil eksperti Kamran Əsədov 12 illik təhsil sisteminə keçidin üstünlüklərindən danışıb.

O Meydan TV-yə bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Amma pandemiya bu prosesi başa çatdırmağa mane oldu:

“12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi Azərbaycan üçün zəruri edir. 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Orta məktəbə baxsaq görərik ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurrikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra – 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından biz nəzərdə tutulan nəticəni görə bilmədik”.

Kamran Əsədov
Foto: Kamran Əsədovun şəxi arxivindən

Ekspert bildirir ki, 12 illik ümumi təhsilə keçid zaman alacaq. Eyni zamanda, strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən, təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.

“Yeni sistemə uyğun dərsliklərin hazırlanması, tədris planları, proqramlar, müəllim hazırlığı kimi məsələlərin həlli tələb olunur”, – ekspert əlavə edib.

12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki konkret qənaətə gəlinməyib.

Lakin keçmiş təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsilə keçid ali məktəblərin I və II kurslarında ixtisarlara səbəb ola biləcəyini demişdi:

“Əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da tələbələrə ali təhsil müddətində məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək imkanı verəcək”.

Ana səhifəSosialKamran Əsədov: “12 illik təhsilə keçid uşaqların tədris yükünü azalda bilər”