Azərbaycana turist axınının azalma səbəbi məlum oldu

“Dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir. Bəlkə də bizdə də bunu tətbiq etmək vaxtı çatıb”

Source:


“Dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir. Bəlkə də bizdə də bunu tətbiq etmək vaxtı çatıb”

Qonşu ölkələrdə baş verən böhranla əlaqədar bu ilin ilk 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayı azalıb. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə deyib.

N.Səmədov bildirib ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyona yaxın turist gəlib: “Bu da ötən illə müqayisədə 10 faizə yaxın azalma deməkdir”.

Onun sözlərinə görə, azalma daha çox iki ölkə – Rusiya və Gürcüstandan gələn turistlərin sayının azalması ilə bağlıdır: “Digər istiqamətlər, yəni Fars körfəzi ölkələri, Avropa ölkələri, hətta Afrika, Avstraliya istiqamətlərindən artım var”.

N.Səmədov qeyd edib ki, bu il 4 ölkə Azərbaycana daha çox turist göndərib: “Bunlar Rusiya, Türkiyə, Gürcüstan və İrandır. Azərbaycana gələn turistlərin sayı daha çox bu ölkələrdən asılıdır. Bu ölkələrdən gələnlər Azərbaycana gələn turistlərin sayının 95 faizini təşkil edir. Təbii ki, bu ölkələrdə olan proseslər Azərbaycana turist axınına təsir edir. Rusiyada hazırda iqtisadı böhrandır ki, bu da alıcılıq qabiliyyətinə və turist axınına böyük təsir edir. Buna görə də biz bu azalmaya hazır idik”.

Nazir müavini deyib ki, bu böhranın nəticəsi olaraq, bu il Azərbaycana Rusiyadan təxminən 87 min turist az gəlib.

Nazirlik rəsmisi onu da bildirib ki, prezidentin turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə verdiyi tapşırıqdan sonra 2-3 ulduzlu hotellərin tikilməsi, vizaların verilməsi və aviabiletlərin qiymətinə təsir edən konkret təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

N.Səmədov deyib ki, təkliflərdə bu sahədə çalışan sahibkarlar üçün vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarlar tərəfindən çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi, 2-3 ulduzlu hotellərin tikilməsi ilə bağlı Sahibkarllığa Kömək Milli Fondunun mehmanxana seqmentinə daha çox diqqət ayırması öz əksini tapıb.

Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir: “Bəlkə də bizdə də bunu tətbiq etmək vaxtı çatıb”.

N.Səmədov bildirib ki, artıq aviabiletlərin qiyməti ucuzlaşıb, biletlərin qiymətlərinin endirilməsi artıq Azərbaycana gəlmək üçün turizm paketinin qiymətlərinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabineti “Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları”nı təsdiqləyib: “Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək”.

O, əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib.

Hotellərdə qiymətlərin bazar tərəfindən tənzimləndiyini deyən N.Səmədov bildirib ki, bəzi sahibkarlar Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: “Dövlət olaraq bu sahədə hansısa islahatlar da aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb”.

Ana səhifəXəbərlərAzərbaycana turist axınının azalma səbəbi məlum oldu