Azərbaycan XİN Paşinyanın itkin düşmüş 108 nəfərlə bağlı iddiasına cavab verdi

Leyla Abdullayeva, Source: XİN

Tərəflər bir-birini spekulyasiyada günahlandırır

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 fevral açıqlamasına reaksiya verib.

Paşinyan  I Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 108 nəfərin qalıqlarını Azərbaycana təhvil verdiyini söyləyib.

Paşinyan həmçinin fevralın 4-də Ermənistan, Fransa, Azərbaycan liderlərinin və Avropa Şurası rəhbərinin iştirakı ilə keçirilən onlayn görüşdən sonra rəsmi Bakını spekulyasiya ilə məşğul olmaqda günahlandırıb.

Azərbaycan XİN-nin Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistanın Baş nazirinin söylədiklərinə cavab verib.

“Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub? Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır”, – deyə o qeyd edib.

L.Abdullayeva bildirib ki, I Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, 1700-dən çox erməni hərbçisinin cəsədi humanizm prinsiplərindən çıxış edilərək qarşı tərəfə təhvil verilib.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb.

44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

1991-1994-cü illəri əhatə edən I Qarabağ müharibəsində 11557 Azərbaycan hərbçisi həlak olub.

II Qarabağ savaşında həlak olanları sayı ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə oktyabrın 21-də məlumat yayıb.

Bildirilib ki, 2908 hərbçi həlak olub, 6 nəfər isə itkin düşüb.

Ana səhifəSiyasətAzərbaycan XİN Paşinyanın itkin düşmüş 108 nəfərlə bağlı iddiasına cavab verdi