Azərbaycan XİN Fransaya nota verdi

Foto: XİN

“Bu addım Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurur”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransaya nota verib.

Səbəb kimi dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti Valeri Pekrezin Xankəndi şəhərinə səfəri göstərilib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər qanunsuzdur.

Valeri Pekrez prezident seçkilərində Respublikaçılar Partiyasının namizədidir.

Nazirlik bildirib ki, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır: “Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Diplomata Azərbaycanın müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığı xatırladılıb”.

“Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb”, – Xarici İşlər Nazirliyinin məlumatında belə deyilir.

Valeri Pekrez, Foto: https://www.estrepublicain.fr/

Həmçinin Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adlarının arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilib.

Dekabrın 22-də Valeri Pekrezin Qarabağa səfər etdiyi xəbəri yayılıb.

Bu barədə ilk dəfə “France Télévisions” kanalının jurnalisti və siyasi şərhçisi Julien Neni özünün “Twitter” səhifəsində məlumat yayıb.

Jurnalist Valeri Pekrezin Xankəndi şəhərində tanınmamış qurumun nümayəndələri ilə görüşdüyünü qeyd edib.

Ana səhifəSiyasətAzərbaycan XİN Fransaya nota verdi