Ərəstun Oruclu: ”ABŞ bir neçə addım atmaqla münaqişəni qismən də olsa, Rusiyanın nəzarətindən çıxartdı”
“Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminin şərtlərinə əməl etməyə, etimadın möhkəmləndirilməsinə dair vacib tədbirlər görməyə və gələn ay hərtərəfli nizamlanma ilə nəticələnə biləcək danışıqların bərpa olunmasına ilə bağlı üzərilərinə öhdəliklər götürüblər”.
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ənənəvi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyana keçirilən görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bölgədə yaşayan əhaliyə faydalı ola biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdiriblər.
Kirbi qeyd edib ki, ABŞ, öz növbəsində, bununla bağlı onlara dəstək verməyə hazırdır.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi görüşün çox müsbət və düzgün istiqamətdə atılmış bir addım olduğunu qeyd edib: “İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir”.
Dövlət Departamentinin açıqlamasını Meydan Tv-yə şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Con Kibri tərəflərə atəşkəsə riayət etməyi xatırladıb. Departament rəsmisi onu demək istəyir ki, Vyana görüşündə münaqişə tərəflərinin başlıca öhdəliyi atəşkəsə riayət etmək olub. Bir çox yanaşmalardan sızan məlumatlardan da belə görünür ki, ABŞ bir neçə addım atmaqla münaqişəni qismən də olsa, Rusiyanın nəzarətindən çıxartdı. Birinci, ATƏT müşahidəçilərinin sayının artırılması, hətta min nəfərə qədər müşahidəçidən söhbət gedir. İkinci, cəbhə xəttində atəşkəsin kim tərəfindən pozulmasına nəzarət etmək üçün kameraların quraşdırılmasıdır: “Əgər müşahidə kameralarından söhbət gedirsə, deməli, münaqişə tərəfləri atəşkəsi pozmayacaqları barədə öhdəlik götürüb. Ancaq kameralar suverenlik baxımından Azərbaycanın xeyrinə deyil, torpaqlarımızı işğaldan azad etmək imkanlarımızı məhdudlaşdırır. Geniş rakursdan yanaşdıqda, Rusiyanın müdaxilə imkanlarını nəzərə aldıqda, bir az uzaq perspektivdə maraqlarımıza cavab verir”.
Ərəstun Oruclu Con Kibrinin “İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir” fikrini belə şərh etdi: “Mürəkkəb öhdəliklər ilk növbədə atəşkəs öhdəliyini xatırlatmaqdır. Bu, faktiki olaraq torpaqların silah gücünə azad olunmasını istisna etdiyindən Azərbaycan üçün ağır öhdəlikdir. Ancaq aprel döyüşlərində Rusiya atəşkəsin pozulması, qarşıdurmanın gücləndirilməsi vasitəsilə Azərbaycana təzyiq edirdi, məsələn, Moskva bir tərəfdən atəşkəsə nail oldu, başqa tərəfdən öz emissarları vasitəsilə Bakıya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına üzv olmağı və münaqişə zonasında sülhməramlılarını yeritmək təklifini qəbul etdirməyə çalışırdı. Bu baxımdan münaqişənin iki qarşıduran tərəflərin nəzarətinə keçməsi Azərbaycanın maraqlarına daha çox cavab verir”.