Azərbaycan təhsili 30 ildə: rəqəmlər geriləyir, ekspert hakimiyyəti günahlandırır

Azərbaycan təhsili. Foto: lunopark/shutterstock

Nabatəli Qulamoğlu: “Hakimiyyət ölkədə təhsil alanların sayının az olmasında maraqlıdır”

1991-1992-ci illərdə Azərbaycanda təhsil alanların 6.3%-i ali məktəbdə oxuyurdusa, 2022-ci ildə bu rəqəm 5.9%-ə düşüb.

Bu barədə statistikanı iqtisadçı Samir Əliyev paylaşıb.

Rəqəmlərdən məlum olur ki, 30  illik müstəqillik dövrünü əhatə edən təhsil geriləyib.

Bəs bu geriləmənin səbəbi nədir?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bunu siyasi idarəetmənin məqsədi sayır.

O hesab edir ki, hakimiyyət ölkədə təhsil alanların sayının az olmasında maraqlıdır.

Ekspert Meydan TV-yə deyir ki, hər il büdcədən təhsilə 4 milyarda yaxın pul ayrılır, lakin təhsilin səviyyəsi getdikcə aşağı düşür:

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Dörd milyardı 1 milyon şagirdin sayına böləndə hər birinə il ərzində təxminən 2800-3000 manat pul düşür. Bu 3000 min manatı hər kəsin özünə qeyri-nağd şəkildə versələr, valideynlər həmin pulla öz uşağını repetitor yanına göndərib, oxuda bilər. Dövlət bu 3000 manatı təhsil alanın valideyninə qeyri-nağd şəkildə vermir. Həmin pulları məktəb direktorları, icra başçıları və onların ətrafındakılar yeyirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, hakimiyyət bilərəkdən təhsili bu günə qoyur:

Hakimiyyət istəmir ki, kimsə savadlı olub, professor Qubad İbadoğlu kimi həqiqəti desin, korrupsiyanı araşdırsın. Hüquq müdafiəçisi olsun, insanların hüquqlarını müdafiə etsin. Hakimiyyət bunu istəmir, səbəb budur”.

“Ölkədə normal təhsil almaq da bahalaşıb”

İqtisadçı Akif Nəsrili də hesab edir ki, ölkədə təhsil əsas meyar kimi götürülmür:

“Təhsil alanların sayının azalmasının səbəbləri müxtəlifdir. Adamları rüşvət, tanışlıq vasitəsilə işə götürürlər. İndiyə kimi ölkədə əsas meyar bunlar olub. Ona görə də təhsilə maraq azalıb. Maraq azaldığına görə də oxuyanların sayı da aşağı düşüb. Ölkədə normal təhsil almaq da bahalaşıb. Bu gün ali məktəbə daxil olan tələbələrin 99 faizi məktəblərdə təhsil almır, repetitorların sayəsində universitetlərə daxil olurlar”.

Akif Nəsirli. Foto: “Teleqraf.com”

“Repetitorların da haqqını sözsüz ki, valideynlər ödəyir. Hər adamın da buna gücü çatmır. Bir tərəfdən təhsil almaq bahalaşıb. Digər tərəfdən də təhsil almağın mənası itib. Fəhlələr üçün iş yerləri daha çoxdur. Bu, həm də hazırkı rejimin mahiyyətindən qaynaqlanan məsələdir. Təhsilli, savadlı insanlardan həm də ehtiyat edirlər”, – iqtisadçı qeyd edib.

Ana səhifəSosialAzərbaycan təhsili 30 ildə: rəqəmlər geriləyir, ekspert hakimiyyəti günahlandırır