“Texnika tezliklə bölmələrin silahlanmasına daxil ediləcək”
Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnika gətirilib. Bu, Azərbaycan və Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən edilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq aidiyyəti hərbi hissələrə veriləcək.
“Silah-sursat və hərbi texnika ən qısa zamanda Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin silahlanmasına daxil ediləcək. Döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək”.
Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.
İstifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.