”Analoq yayım tamamilə dayandırıldıqda bir çox vətəndaşların, özəlliklə də regionlarda yaşayanların teleyayıma çatım imkanlarında ciddi problem yaranacaq”
Noyabrın 1-dən Bakıda və Abşeronda analoq yayımı dayandırılacaq. Bu barədə Milli Teleradio Şurasının (MTRŞ) məlumatında deyilir. Bu tədbir rəqəmsal yayıma keçidlə əlaqədardır.
Növbəti mərhələdə, 2016-cı il dekabrın 1-dən etibarən ölkə regionlarında da analoq yayımı dayandırılacaq.
Bununla əlaqədar olaraq, MTRŞ televiziya tamaşaçılarından xüsusi dekoderlər (“Set-Top-Box”) almağı xahiş edir.
Eskpertlər analoq yayımın qəfil dayandırılmasını birmənalı qarşılamır.
Mövcud addımı Meydan TV-yə şərh edən media eksperti Xalid Ağaliyev ölkənin rəqəmsal yayıma keçidə tam hazır olmadığı qənaətindədir.
“Bizim qənaətlərimiz hökumət rəsmilərinin açıqlamalarından, öz müşhidələrimizdən formalaşır. Milli Teleradio Şuranın rəhbəri ötən ay açıqlamışdı ki, analoq yayımı dayandırmağa tam hazır deyilik. Çünki, vətəndaşların hamısı, xüsusən də regionlarda olan insanlar rəqəmsal yayımı dəstəkləyən avadanlıqlara sahib deyil. Bir ayda bu problem çözüldümü?”, deyə sual edən X.Ağaliyev son aylarda vətəndaşların, özəlliklə də aztəminatlı insanların zəruri avadanlıqlarla təmin olunması istiqamətində hansısa addımın atılmadığını bildirib.
“Əlbəttə daha keyfiyyətli rəqəmsal yayıma keçmək çox faydalıdır. Ancaq bundan öncə atılması vacib olan xeyli addımlar var idi ki, atılmayıb. Ölkə əhalisinin böyük bir hissəsinin sahib olduqları televizorlar analoq yayıma uyğundur. Rəqəmsal yayım televizorlarının qiyməti isə hər vətəndaşın dərhal ala biləcəyi qədər ucuz deyil. Rəqəmsal yayımı dəstəkləyən cihazların qiyməti 50 manat civarındadır. Dövlət proqramlarının, qərarların məqsədi odur ki, belə durumlarda vətəndaşa yardım edilsin. Hökumət, Rabitə Nazirliyi, MTRŞ ehtiyacı olan vətəndaşlara həmin cihazların əldə edilməsində yardımçı olacaq addımlar atmalı idilər”, X.Ağaliyev bildirib.
X.Ağaliyevin qənaətincə, analoq yayım tamamilə dayandırıldıqda bir çox vətəndaşların, özəlliklə də regionlarda yaşayanların teleyayıma çatım imkanlarında ciddi problem yaranacaq.