16.48.
"Anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb. Bunu deyirəm ki, həqiqəti biləsiniz"
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 14-də erməni xalqına müraciət edib.
"Azərbaycan addım-addım o səviyyəyə, o həddə çatıb ki, Qarabağ erməniləri qarşısında şərtlər qoyub: 7 rayondan 5-ni dərhal, ikisini sonra verməliyik. Sonra da Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını rəsmən qeyd etməli. Yəni rayonları statusun yox, sülhün əvəzində verməliyik. Əks-təqdirdə savaş olacaq. Hökumətimiz bundan imtina etdi. Bu, bizim üçün qəbuledilməzdir”, – Paşinyan bildirib.
Nikol Paşinyanın sözlərinə görə, onlar Azərbaycanın hansı istiqamətdən hücum edəcəyini biliblər: “Düşmən çox ağır, böyük itkilər verdi, sonra Mokvada Xarici işlər nazirlərinin görüşü oldu. Məqsəd qurbanların artmasını dayandırmaq idi. Amma Bakı Qarabağı ələ keçirmək istəyir. Türkiyənin və Azərbaycanın “blitskriq”i alınmadı. Bununla belə, itkilərimiz çoxdur, həddən çoxdur”.
Nikol Paşinyan Ermənistan ordusunun geri çəkildiyini etiraf edib: “Son günlər ordumuz bir qədər geri çəkilib, Qarabağın içlərinə doğru geriləyib. Anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb. Bunu deyirəm ki, həqiqəti biləsiniz. Deyirəm ki, birləşək”.
Baş nazir Rusiya prezidenti Putinə xüsusi təşəkkür edib: “Rusiyaya, Fransaya, ABŞ-a vasitəçilik missiyası üçün təşəkkür edirəm. Rusiya prezidenti Putinə xüsusi təşəkkür edirəm. Münaqişənin sülh yolu ilə həllinə sadiqik”.
Baş nazir müraciətini: “Erməni xalqını qorxutmaq, sındırmaq, məğlub etmək mümkün deyil. Mübarizəmizin məqsədi Qarabağın dövlət müstəqilliyidir”, – deyə bitirib.
***
15.56.
Azərbaycan Prezidenti İlham Əliyev daha 8 kəndin Ermənistan silahlı qüvvələrindən azad edildiyi haqda “Tvitter” səhifəsində məlumat paylaşıb.
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
***
14.38.
Azərbaycanın Prezidenti İlham Əliyev “Haber Türk” televiziyasına müsahibəsində hər iki ölkənin xaricdən silah alması məsələsinə də toxunub.
İlham Əliyev deyib ki, Azərbaycan hərbi sursatları pulla alır:
“Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək”.
Ölkə başçısının sözlərinə görə, iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edilib, 33 tankı qənimət götürülüb:
“Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir”.
İlham Əliyev xatırladıb ki, Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı:
“Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”.
***
13.51.
"Hər kəs anlamalıdır ki, bu gün sülhməramlılarının göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir və bizim icazəmiz olmadan hər hansısa ölkə sülhməramlıları torpaqlarımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və bu, qəbuledilməzdir”.
Bu açıqlamanı
Prezident İlham Əliyev bunu oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziyasına müsahibəsində səsləndirib.
***
12.44.
"Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır".
Prezident İlham Əliyev bunu oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziyasına müsahibəsində deyib.
"Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb", – Əliyev bildirib.
Prezident bildirib ki, bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib:
"İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.
***
12.27.
Hikmət Hacıyev: Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin
“Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir. Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir”.
“Azrtac”ın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.
***
Gecəboyu atışma davam edib
Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı
məlumat
a görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.
Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
Ermənistan mətbuatı da cəbhədə vəziyyətin gərgin olduğunu yazır.