Azərbaycan Qafqazın korrupsiya birincisidir

Ermənistan 33 xalla 113, Gürcüstan 57 xalla 44-cü yerdədir

Source:
Bakı
Bakı


Ermənistan 33 xalla 113, Gürcüstan 57 xalla 44-cü yerdədir

Azərbaycan “Korrupsiyanı Qavrama İndeksi”ndə Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıradadır.

Bu barədə Beynəlxalq “Transparency International” təşkilatının illik açıqladığı “Korrupsiyanı Qavrama İndeksi”ndə (Corruption Perceptions İndex 2016) deyilir.

Hesabata görə, ötən il 119-cu yerdə olan Azərbaycan, bu il 30 xalla 123-cü yerdə qərarlaşıb. Ermənistan 33 xalla 113, Gürcüstan isə 57 xalla 44-cü yerdədir.

Rusiya və İran 29 xalla 131-ci, Türkiyə 41 xalla 75-ci yerdədir.

Türkiyə, eləcə də Macarıstanda geriləmə var. Mütəxəssislər bunu həmin ölkələrdə avtoritar rejimin güclənməsiylə əlaqələndirirlər.

Hesabat müəllifləri ölkələrin korrupsiyanı qavrama indeksinə görə geriləməsinin həyəcan siqnalı çaldığını, hərəkətə keçməyin vacib olduğunu söyləyirlər.

Sənəddə “Panama kağızları”ndan da söz açılır:

““Panama kağızları” da göstərdi ki, varlı və nüfuzlu şəxslərin qlobal maliyyə sisteminin qeyri-şəffaflığından yararlanması, ictimai sərvətlər hesabına varlanması hələ də çox asandır”.

“Panama kağızları”nda dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin də adı hallanır. 2016-cı ilin aprelində açıqlanan bu sənəddə prezidentin xanımı və qızlarına aid şirkətlər haqda bilgilər əks olunub.

“Korrupsiyanı Qavrama İndeksi 2016”da 176 ölkənin adı çəkilir və onların 69 faizinin 0-100 ballıq qiymətləndirmədə 50-dən aşağı xal topladığı görünür.

Birinci yerdə 90 xalla Danimarka və Yeni Zelandiyadır. Finlandiya 89 xalla 3-cü, İsveç 88 xalla 4-cü yerdədir.

Sonuncu yerdə isə 10 balla Somalidir.


Mənbə: AzadlıqRadiosu

Ana səhifəXəbərlərAzərbaycan Qafqazın korrupsiya birincisidir