Azərbaycan qadınların yürüşünə səssiz qaldı

Tiflisdə qadınlar qadın hüquqlarının bərabərliyini tələb edən yürüş keçirdilər, Azərbaycan qadınları isə diqqət çəkəcək şəkildə susqunluq nümayiş etdirdilər

Source:
Foto: Amerikanin sesi
Foto: Amerikanin sesi


Tiflisdə qadınlar qadın hüquqlarının bərabərliyini tələb edən yürüş keçirdilər, Azərbaycan qadınları isə diqqət çəkəcək şəkildə susqunluq nümayiş etdirdilər

Yanvarın 21-də bir neçə yüz kişi və qadın Tiflisin küçələrinə çıxıb “Qadın yürüşü” aksiyalarına dəstək verdi. Etirazçılar əllərində bərabərlik, tolerantlıq tələb edən plakatlar qaldırdılar. Aksiyada iştirak edənlərin sayı təkcə güclü təəssürat yaratmırdı, həm də insanı ruhlandırırdı.

Təəssüf ki, Tiflisdən 100 kilometr məsafədə yerləşən Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan aktivistlər bu imkanı əllərindən qaçırdılar.

2013-cü ildən bəri qısa müddət fəaliyyət göstərmiş Azərbaycan Gender İnformasiya Mərkəzinin saytında 69-u qadın problemləri istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı (QHT) olmaqla 124 qadın təşkilatının adı sıralanıb.

Amma bir çox azərbaycanlı aktivist deyir ki, məsələ qadın hüquqları, cəmiyyətin problemləri və hökumətin bu yöndə apardığı siyasətə gələndə bu təşkilatlar kifayət qədər tənqidçi mövqe sərgiləmir.

“Əlbəttə, qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən bir neçə təşkilat var”, – siyasi sığınacaq almaq üçün Almaniyaya müraciət edən LGBT hüquqlarının müdafiəçisi Cavid Nəbiyev Meydan TV-yə deyir.

“Amma məsələ burasındadır ki, bu təşkilatların maraqları Azərbaycanın diktatura rejiminin maraqlarına söykənir”- deyə o bildirib.

Daha çox narahatlıq yaradan nüans isə odur ki, əvvəllər gender məsələləri üzrə fəaliyyət göstərən təşkilatlar saytlarını bağlayıblar, onların “Facebook”da belə izləri qalmayıb və qadın hüquqlarını müdafiə edən vəkillər adları çəkilməsə də, mediaya müsahibə verməkdən çəkinirlər.

“Məsələnin həssaslığına və ailənin “daxili işi” olduğuna görə biz mediaya daha məlumat vermirik. Təəssüf edirəm, sizə kömək edə bilməyəcəm”, – qadın hüquq müdafiəçilərindən biri Meydan TV-yə deyib.

Regionlarda qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların birindən bildirilib ki, onlar Azərbaycanda fəaliyyət göstərən aktivistləri qorumaq üçün layihələrini geri çəkməli olublar.

“Yerli sivil toplum cəmiyyətləri ilə işləmək cəhdi onları riskə atmaq deməkdir. Bütün ictimai təşkilatlar bağlanıb, onlar gizli fəaliyyət göstərirlər”,- deyə təşkilatın nümayəndəsi Meydan TV-yə bildirib.

C.Nəbiyevin dediyinə görə, Azərbaycan hökuməti insan haqları üzrə fəaliyyət göstərən bütün təşkilatları hədəfə alıb. O bildirir ki, xüsusilə də qadın hüquq müdafiəçiləri çiyinlərində cəmiyyətin şiddətli təhdidləri ilə qarşılaşmaq yükünü daşıyırlar.

“Patriarxal dəyərlər səni linç etmək, günahlandırmaq və ayrıseçkiliyə məruz qoymaq üçün pusquda dayanıb”, Nəbiyev dediklərinə aydınlıq gətirərək əlavə edir ki, hakimiyyət cəmiyyətin bu mənfi rəyindən təşkilatlara və aktivistlərə qarşı alət kimi istifadə etməyi bacarır.

Buna baxmayaraq, Azərbaycan rəsmiləri bildirir ki, 2009-cu ildən 2015-ci ilədək ölkədə məişət zorakılığı hallarının sayı 4696-dan 2248-ə

enib,

amma qadın hüquq müdafiəçiləri bu rəqəmlərə şübhə ilə yanaşırlar.

BMT-nin hesabatlarına görə, 2013-cü ldə Azərbaycanda 83 qadın öz evində qətlə yetirilib, fiziki və cinsi təcavüzə məruz qalanların 18 faizi özünü qətlə yetirmək haqqında fikirləşib, onların 8 faizi isə həyatına qəsd edib.

Qurumun hesabatında deyilir ki, qətlə yetirilənlərdən biri 15 yaşlı Nərminə Vəliyeva olub. Başqasına qoşulub qaçandan sonra polis onu tapıb və azyaşlını sosial idarəyə aparmaq əvəzinə ailəsinə qaytarıb. O, evindəcə öldürülüb.

Hökumət isə məişət zorakılığının qarşısını almaq üçün son bir neçə ildə müxtəlif qanunlar qəbul edib. Amma “IWPR” (Müharibə və Sülh İcmalları Proyekti) yazır ki, mövcud stereotiplər və korrupsiya halları qatilləri müdafiə edir.

Azərbaycan hökuməti öz növbəsində qadın hüquqlarının müdafiəsi sahəsində xeyli uğura nail olduğuna inanır. 1995-ci ildə qəbul olunmuş konstitusiya demokratik dövlət quruculuğu prosesində qadınların və kişilərin bərabər olduğunu bəyan edir. Amma qadınlar dövlət idarəçiliyi postlarının 20 faizində təmsil olunurlar və ölkədə ancaq bir qadın komitə sədri var.

Əmək hüquqları ilə bağlı sahədə də vəziyyət eynidir.

Amsterdam Universitetində aparılan araşdırmalar göstərir ki, işləyən kişilərin sayı qadınlardan çoxdur və kişilərin 5, qadınların 0.9 faizi işəgötürən funksiyasını icra edir. Qadınların əksəriyyəti topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərir .

Vəziyyət ölkədə qadınların durumunun ağır olduğunu göstərir, amma qadın təşkilatları bunun mənfi nəticələrini gözə alaraq açıq şəkildə fəaliyyət fəaliyyət göstərməkdən qorxurlar.

Buna bariz nümunə kimi 2014-cü ildə Qadın Krizis Mərkəzinə qoyulan qadağanı göstərmək olar. Təşkilatın rəhbəri Mətanət Əzizovanın işi saxta casusluq ittihamı ilə həbs olunan Rauf Mirqədirovun işi ilə əlaqələndiriləndən sonra bu QHT- də istintaqa cəlb olundu.

Əzizova tez bir zamanda ölkədən qaçıb. Onun rəhbərlik etdiyi təşkilat ölkəsindən didərgin salınıb və o, xaricdən fəaliyyət göstərir.

“Əmək hüquqları, qadın hüquqları, yaxud da LGBT hüquqları sahəsində işləməyin fərqi yoxdur. Sən istənilən halda hakimiyyətin hədəfinə çevriləcəksən”, – Cavid Nəbiyev deyib.

Məsələ tək bununla bitmir.

“Heinrich Böll” Fondunun 2011-ci ildən bəri apardığı araşdırmalar göstərir ki, adı siyahıda olan bir neçə təşkilatın gender bərabərliyi prinsipi haqqında məlumatı belə yoxdur və onlar ənənəvi ailə dəyərlərinin gündəmin bir hissəsi olması ilə bağlı səslənən fikirlərə haqq qazandırırlar. Bu isə nə Azərbaycan qadınının mövqeyini irəliyə aparır, nə də onların hüquqlarını.

Qadınların özlərinin də qadın hüquqlarını müdafiə edən təşkilatlara inamı azdır.

“Heinrich Böll” Fondu hesabatında yazıb ki, Azərbaycan qadınları qadınların hüquqlarını müdafiə edən təşkilatları və qadın hüquq müdafiəçilərini onların maraqlarını qoruyan şəxslər kimi qəbul etmirlər.

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi 2010-cü ildə “Gender yanaşması: Vətəndaş Cəmiyyətinin yolu” adlı hesabat hazırlayıb. “Milli gender mexanizmi” təşkilatı bəyan edib ki, qadınların yalnız 10.4 faizi hüquqları pozulacağı halda QHT dəstəyinə üz tutacağını bildirib.

Qadınların QHT-lərə etimad göstərməməsinin səbəbi aktivistlərin və təşkilatların hakimiyyətin üzünmüddətli basqıları altında olması və ictimai fikir ayrılığı səbəbindən yardıma ehtiyacı olanlarla əlaqə saxlamaq bacarığının olmamasının nəticəsi də ola bilər.

İlk qadın pilotunun 1931-ci ildə Cənubi Avropadan Mərkəzi Asiyaya tək uçması, 1918-ci ildə qadınlara səsvermə hüququnun verildiyi ilk müsəlman cəmiyyəti olması ilə öyünən ölkə indi ən çox ehtiyac duyulan işi görməyi bacarmır. Nəbiyev vəziyyətin dəyişəcəyinə pessimist yanaşdığını bildirib: “Qadın hüquqları məsələsi Azərbaycanda ən həssas mövzulardan biridir, cəmiyyət sosial və dini dəyərlərə əsaslanan patriarxal tabulara bağlıdır”.

Və nəhayət, sosial, mədəni və dini dəyərləri dəyişmək isə çox çətindir.


Tərcümə etdi: Leyla Mustafayeva

Ana səhifəReportajAzərbaycan qadınların yürüşünə səssiz qaldı