”Azərbaycan öz ərazisində müharibə aparacaq”

Zərdüşt Əlizadə: ”Azərbaycan Gürcüstanın qarşılaşdığı situasiyayla üzləşmək istəmir”

Source:


Zərdüşt Əlizadə: ”Azərbaycan Gürcüstanın qarşılaşdığı situasiyayla üzləşmək istəmir”

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ANS telekanalının “Hesabat” proqramına müsahibəsində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ probleminin həlliylə bağlı maraqlı məqamlara toxunub.

Nazir müavininin Rusiyanın problemə yanaşması haqda fikirləri daha çox diqqət çəkib. A. Əzimov bildirib ki, Rusiya Ermənistanı həm öz ərazisində, həm də Ermənistan ərazisində dəstəkləyir: “Lakin, müharibə başlasa, Azərbaycan öz ərazisində müharibə aparacaq. Azərbaycan öz ərazisində özünü haqlı olaraq müdafiə edəcək və öz ərazi bütövlüyünü müdafiə etmək üçün addımlar atacaq. Belə olan halda hüquqi baxımdan Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir”.

A. Əzimovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə düşünür ki, əgər Azərbaycan öz ərazilərini hərbi yolla azad etsə, Rusiya müdaxilə edəcək. Bunu hakimiyyət də bilir. Rusiyanın müdaxiləsinin səbəbi münaqişənin həll olunması yox, status-kvonun qalmasıdır”.

Z. Əlizadə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycana təsirli vasitə olduğunu hesab edir.

Məsələnin hüquqi tərəfinə gəldikdə, siyasi şərhçi bildirdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür: “Müqavilədə yazılıb ki, hər hansı dövlətə qarşı hərbi müdaxilə olsa, üzv ölkələr dəstək olacaq. Amma bizim sadəlöhv siyasətşünaslar Azərbaycanın öz ərazisində əməliyyat aparacağını vurğulayırlar. Məsələ ondadır ki, Ermənistanın İcevan tərəfdən Qazağa zərbə vuracağına heç bir dövlət mane olmayacaq. Azərbaycan da cavab verəndə, İrəvan hay-küy qoparacaq ki, Azərbaycan hərbi müdaxilə edib, o zaman Rusiya məsələyə qarışacaq. Bax, Azərbaycan və Ermənistan buna görə müharibəyə başlamır. Ermənistan istədiyindən də artıq ərazilərimizi işğal etdiyi üçün müharibəyə başlamır. Azərbaycan da 2008-ci ilin avqustunda Gürcüstanın qarşılaşdığı situasiyayla üzləşmək istəmir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Ancaq Z.Əlizadə sülh potensialından istifadə olunmadığını düşünür: “Bu gün Dağlıq Qarabağda 100 min əhalidən 50 min nəfər qalıb, Azərbaycan da kimlərin qaldığını yaxşı bilir. Çünki, sovet dövründən DİN-də vətəndaşlar haqqında məlumatların hamısı saxlanılır. Yeni adamlar da 3-5 min nəfər gələ bilər. Belə olduğu halda, Azərbaycan təklif verə bilər ki, 25 ildə həmin 50 min nəfərə çatası müavinətləri verə bilər və Beynəlxalq Bankda hesab da açılıb. Ölənlərin isə ailələrinə müavinət veriləcək. Fərz edək ki, Stepanakert sakini Aşot Melkumyanın adına Beynəlxalq Bankda 25 min avro var, hansı vəziyyət yaranar?! Ardınca da bəyanat verirsən ki, Beynəlxalq Bankın Stepanakertdə filialı açılanda Aşot bu məbləği götürə bilər. Ermənistan bu məsələyə müdaxilə etməyəcək, çünki orda sosial-iqtisadi durum ağırdır, ölkə borc içində boğulur. İkinci addım kimi vətəndaş cəmiyyətini prosesə cəlb edirsən, qoy, ermənilər gəlib Bakının necə dəyişdiyini görsünlər. Onsuz da Heydər Əliyevin hakimiyyəti zamanı Beynəlxalq Helsinki Assambleyası vasitəsilə erməni QHT nümayəndələri Azərbaycana gəlmişdi və ASDP üzvləri onları Nizami küçəsində gəzdirəndə, heç kim güldən ağır söz də demədi. Yəni, bununla əhval-ruhiyyəni dəyişirsən. Üçüncüsü, Bakıda erməni kilsəsi var. Allahşükür Paşazadə Ermənistanın katolikosu ilə danışıb öz himayəsilə erməni keşişini dəvət edib, ona mühafizə, mənzil versin, kilsə də zəng çalsın. Onsuz da Bakıda 30 min erməninin olduğunu hökumət rəsmiləri deyirdi. Əgər erməni keşişi hərəkətə keçsə, dünya Azərbaycanın sülh məramlı olduğunu görəcək”.

Siyasi şərhçi Rusiyanın bu prosesə mane olacağını düşünmür: “Məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın “marionetka”sı deyil, Bakı müəyyən qədər müstəqil siyasət yürüdür. Biz bu siyasətlə Qarabağa hücum etmirik. Həmin təklifləri işə salanda, paralel olaraq Rusiya QHT-lərini, hüquqşünaslarını, siyasi xadimlərini də dəvət edirik. Qoy, görsünlər ki, Azərbaycan hansı münasibət sərgiləyir. Hesab edirəm ki, hüquqi və iqtisadi potensialımızla vəziyyəti dəyişdirmək olar”.

Ana səhifəXəbərlər”Azərbaycan öz ərazisində müharibə aparacaq”