Deputat Fazil Mustafa AZAL-ın inhisarına son qoyulmasını təklif edib
“Azərbaycanda orta aylıq əməkhaqqı 348 dollardır. Son ilin məlumatlarına görə, bu rəqəm Gürcüstandan 60 dollar, Belarusdan 133 dollar, hətta Ermənistandan 26 dollar azdır. Halbuki bizim iqtisadi imkanlarımız ona imkan verir ki, orta aylıq əməhkaqqını daha yüksək səviyyəyə qaldıra bilək”.
Deputat Fazil Mustafa parlamentdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.
“Belarus əhalinin 26 faizinə, eyni sayda əhalisi olan Azərbaycanda isə 13 faizinə pensiya verilir”
Deputat bildirib ki, Azərbaycanda pensiyaların məbləği ilə bağlı da təqribən eyni vəziyyətdir:
“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır. Müqayisə üçün MDB Statistika Komitəsinin məlumatına istinad etdikdə görürük ki, Azərbaycanda hər min nəfərə 130 pensaiyaçı düşür. Ermənistanda isə bu rəqəm 154, Qazaxıstanda 157, Ukraynada 264, Belarusda 274-dür. Azərbaycanla eyni sayda əhalisi olan Belarus 2.564.000 təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycanda isə 1.299.000 pensiyaçıya (əhalinin 13 faizinə) pensiya verir. Görün, nə qədər böyük fərq var və bu da Azərbaycanda yaşayış səviyyəsinin aşağı olmasına gətirib çıxaran amillərdən biridir. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği Rusiyadan 2 dəfə, Qazaxıstan və Belarusiyadan 1.5 dəfə aşağıdır”.
“Elektrikə görə limit aradan qaldırılmalıdır”
Fazil Mustafa qeyd edir ki, qaz limitinin yarıbayarı artırılması ilə bağlı təklif versələr də, limitin 50 manat məbləğində artırılması da müsbət haldır:
“Hesab edirəm ki, elektrik enerjisi istehlak edən əhali qrupunun da vəziyyəti yaxşı deyil. Xüsusilə də isti aylarda kondisonerdən, soyuq aylarda qaz olmayan yerlərdə elektrik qızdırıcılarından çox istifadə edilir. Elektrikə görə də limit aradan qaldırılmalıdır . Kommunal sektorda da vəziyyət düzəlməlidir. Gürcüstanda bu sektor tamamilə dövlətsizləşdirilib. Bizdə isə hələki bu sahədə irəliləyiş yoxdur”.
“AZAL-ın inhisarının zərəri başqa sahələrlə müqayisəolunmaz səviyyədə böyükdür”
Deputat əlavə edib ki, turizm sektorunda da geriləmələr var və gəlirlər 13 faizədək azalıb:
“Gürcüstanla müqayisə etdikdə görürük ki, təxminən onlar bizdən 600 milyon dollar daha çox gəlir götürüb. Eyni mühitdə yaşadığımızı nəzərə alsaq, azalmalar onu göstərir ki, Azərbaycanda bəzi inhisarlara son qoymaq lazımdır. Məsələn, AZAL-ın inhisarı nəticəsində Azərbaycana dəyən zərər başqa sahələrlə müqayisə olunmaz səviyyədə böyükdür. Bu gün hamı uçuşlarını, Tbilisidən, Kutaisidən edir. Qiymətlər və xidmətlər baha olduğuna görə, biz bilə-bilə özümüzü bu zərərə salmağa razılıq veririk”.
F.Mustafa kitab və çap məhsulları üzərindən 18 faizlik ƏDV-nin ləğv edlməsini də təklif edib.
O, həmçinin Azərbaycanda rus dili təhsili ilə bağlı məsələyə də toxunub. “Dövlət büdcəsindən ildə 100 milyon rus dili təhisilnə vəsait ayrılır. Halbuki, ingilisdilli, türkdilli məktəblər kimi, biz bunu özəl sektora buraxmalıyıq”.