Azərbaycan ordusu daha bir əsgərini itirdi

Hərbçi Beyləqan rayonunda torpağa tapşırılıb

Şəhid qəbri
Şəhid qəbri


Hərbçi Beyləqan rayonunda torpağa tapşırılıb

Beyləqan rayonunun, Aşıqalılar kəndinin sakini Azər Aftandil oğlu Babayev hərbi xidmət zamanı həlak olub.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onlar hadisənin hansı şəraitdə baş verməsini bilməsələr də, əsgərin kənddə dəfn edildiyini söyləyiblər.

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Beyləqan rayonu, Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədovla əlaqə saxlayıb. A. Məmmədov əsgərin həlak olması xəbərini təsdiqləyib, onu rayon ictimaiyyətinin birgə dəfn etdiyini söyləyib:

“Biz onu dəfn etmişik artıq. Bəli, dünyasını dəyişib, gətiriblər, dəfn etmişik. Amma dəqiqliyi ilə bilmirəm, bu, hansı şəraitdə olub, necə baş verib. Tək onu bilirəm ki, hərbçi olub və hərbi xidmətdə olduğu vaxt ölüb. Hərbçilər təcili tibbi yardım avtomobili ilə gətirdilər. Rayon ictimaiyyəti toplanıb, dəfn etdik”.

Müdafiə Nazirliyi faktla bağlı hər hansı məlumat yaymayıb.

2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu ölüb. Bunlardan 6 nəfəri döyüş, 31 nəfəri isə qeyri döyüş itkisidir.


Xəzər Hərbi Tədqiqatlar İnstitutu

nun məlumatına görə, Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 5 hərbçi xəstəlik nəticəsində, 4 nəfər isə bədbəxt hadisədən ölüb:

“8 nəfər naməlum hadisə səbəbindən, 4 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində, 6 nəfər avto-qəzadan, 2 nəfər mina partlayışından dünyasını dəyişib. Bundan başqa, 2 hərbçi intihar edib”.

İnstitutun bildirdiyinə görə, ölənlərdən 3 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 25 nəfəri əsgər, 4 nəfəri gizir, 5 nəfəri zabit olub.

Bunlardan 32 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfər Hərbi Prokurorluğun hərbi qulluqçuları olublar.

Ana səhifəXəbərlərAzərbaycan ordusu daha bir əsgərini itirdi