Azərbaycan nümayəndələri sülhməramlıların komandanlığı ilə görüşüb

Foto: Sosial şəbəkə

Görüşdə qızıl yataqlarının təftişinin müzakirə edildiyi bildirilir

Dekabrın 16-da Xocalıda Azərbaycanın iqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin nümayəndələri ilə Rusiya sülhməramlılarının komandanlığı arasında görüşü olub.

Bu barədə Monitorinq Qrupunun rəhbəri Məsim Məmmədov “Turan”a açıqlama verib.

O deyib ki, Azərbaycan tərəfi növbəti dəfə “Qızılbulaq” və “Dəmirli” qızıl və mis-molibden yataqlarında təftişin aparılmasını gündəmə gətirib: “Əvvəllər təsdiq edilmiş “Yol xəritəsi”nə əsasən, sülhməramlılar bu işin təşkilini təmin etməlidirlər”.

“Yol xəritəsi” dekabrın 3-də Xocalıda sülhməramlıların qərargahında Azərbaycan rəsmiləri ilə komandanlığın ilk görüşündən sonra təsdiq edilib.

Lakin dekabrın 10-da erməni tərəfi Bakıdan gələn Monitorinq Qrupunu Dağlıq Qarabağın keçmiş Mardakert  (Ağdərə) rayonundakı adıçəkilən mədənlərə buraxmayıb.

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Həmin əraziyə yaxın yerlərdə, məsələn, Horadiz qəsəbəsində (Füzuli rayonu) isə yerli hökumət nümayəndələrinin aksiyalara daha çox insanın qoşulması üçün səfərbər olunduğu bildirilir.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Ana səhifəSiyasətAzərbaycan nümayəndələri sülhməramlıların komandanlığı ilə görüşüb