Azərbaycan nümayəndə heyəti səs hüququnu itirdi

“Azərbaycan nümayəndə heyətinin üzvləri bu hadisə ilə əlaqədar izahat verməlidir və yalnız bundan sonra onlar səs hüquqlarını əldə saxlaya bilərlər”

Source:


“Azərbaycan nümayəndə heyətinin üzvləri bu hadisə ilə əlaqədar izahat verməlidir və yalnız bundan sonra onlar səs hüquqlarını əldə saxlaya bilərlər”

“Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Koordinasiya Komitəsi qurumun Batumidə keçirilən toplantısında Azərbaycan nümayəndə heyətinin törətdiyi əməllərlə əlaqədar etiraz bəyanatı yayıb.

“Azadlıq” qəzetinin yaydığı bəyanatda bildirilir ki, Forumun İdarə Komitəsi Azərbaycan Milli Platformasına daxil olan bir sıra şəxslərin Batumidəki toplantıda yol verdikləri hərəkəti kəskin şəkildə pisləyir. Söhbət Forumun toplantısında tədbirin digər iştirakçıları, o cümlədən Çexiyanın “People in Need” təşkilatı tərəfindən hazırlanmış sərginin dağıdılması, Azərbaycandakı repressiyalara etiraz olaraq qaldırılan plakatların, vicdan məhbuslarının şəkillərinin cırılması və təşkilatçılara qarşı aqressiv davranışdan gedir.

Bəyanatda qeyd olunur ki, baş verənlərlə əlaqədar Forumun İdarə Komitəsi Azərbaycan nümayəndə heyətinə daxil olan Səlim Babayevin üzvlükdən çıxarılmasına qərar verib. Komitə Forumun Nizamnaməsinin 6-cı maddəsinə əsaslanaraq, təşkilatın nüfuzuna təhlükə törədən və ya ciddi ziyan vuran hərəkətlərə görə belə bir addım atıb.

Bəyanatda bildirilib ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Forumun fəaliyyətini işıqlandırmaq üçün Azərbaycan Milli Platforması tərəfindən tədbirə dəvət olunmuşdu. Rauf Arifoğlu məlumat yayıb ki, sözügedən sərgi ilə əlaqədar Azərbaycan nümayəndə heyətindən beş nəfər istisna olmaqla, qalanları tədbiri boykot edib. Həmçinin bildirib ki, Gürcüstan prezidenti “lobbi skandalına” görə tədbirdə iştirakdan imtina edib. Arifoğlunun məlumatına görə, toplantıdakı sərgi ilə bağlı insident Forumun İdarə Komitəsinin üzvü olan Boris Havasardyan tərəfindən təşkil olunub.

Bəyanat müəllifləri vurğulayır ki, bütün bunlar yalan məlumatlardır. Bu materialda eyni zamanda, “People in Need” təşkilatının nümayəndəsi, Forumun İdarə Komitəsinin üzvü İvana Skalovanı ləkələyən məlumatlar yer alıb.

“Biz bu hadisəni təkcə Forumun İdarə Komitəsinə qarşı deyil, bütövlükdə Vətəndaş Cəmiyyəti Forumuna qarşı əsassız hücum hesab edirik.

İdarə Komitəsi bəyan edir ki, Azərbaycandan olan nümayəndə heyətinin tədbiri boykot edən üzvləri faktiki Assambleya üzvü kimi öz mandatlarından imtina etmiş olur. Bu isə o deməkdir ki, onlar Azərbaycan Milli Platformasından Forum rəhbərliyinə nümayəndə seçmək üçün səs hüququnu itirirlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri bu hadisə ilə əlaqədar izahat verməlidir və yalnız bundan sonra onlar səs hüquqlarını əldə saxlaya bilərlər”, – deyə bəyanatda vurğulanır.

Ana səhifəXəbərlərAzərbaycan nümayəndə heyəti səs hüququnu itirdi