Ekspertlər münasibətin daha da pisləşəcəyi qənaətindədir
Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərməyib.
Bu barədə “Turan”a Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə məlumat verib.
Ayxan Hacızadə qərarın səbəblərini şərh etməyib. A.Hacızadə bildirib ki, seçkilərin monitorinqi üçün ATƏT DTİHB, MDB, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatına dəvət göndərilib.
Azərbaycan AŞPA nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün də dəvət etməmişdi.
Demokratik Qüvvələrin Milli Şurasının beynəlxalq məsələlər üzrə müavini Gültəkin Hacıbəyli Meydan TV-yə bildirib ki, dəvət olunanlar arasında ATƏT-dən başqa Avropa təşkilatı yoxdur, siyahıya MDB, İslam Əməkdaşlıq, Şanxay Əməkdaşlıq, Türk Dövlətləri təşkilatları və digərləri daxildir:
“Həmin təşkilatlar demokratik standartlara əməl etmirlər. Məsələn, Müstəqil Dövlətlər Birliyinin nümayəndə heyəti 30 ildir Azərbaycanda seçkiləri müşahidə edir və bir qayda olaraq mükəmməl keçməsi barədə bəyanat yayırlar. Həmin açıqlamaların tezisləri dəyişməz qalır. Ona görə də bu təşkilatların mövqeyini ciddiyə almırlar”.
Gültəkin Hacıbəyli deyib ki, Avropa təşkilatlarından yalnız ATƏT-ə dəvət göndərilməsinin səbəbi məlumdur:
“Çünki ATƏT-nin müşahidə etmədiyi seçki dünyada seçki kimi qəbul edilmir. Görünür, hökumətin illüziyası var ki, rəqabət şəraitində keçməyən seçkidə seçkiyə bənzər görüntü yaratsın. Əks təqdirdə, ATƏT-ə də dəvət göndərilməzdi”.
“Əslində, hakimiyyətin siyasətində önəmli bir paradoks yoxdur. Son illərin siyasəti anti-Qərb və Avropa dəyərlərindən imtina üzərində qurulub. İlham Əliyevin fevral seçkisindən sonra andiçmə mərasimindəki bəyanatını xatırlamaq yetər. Halbuki, Avroatlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasət doktrinasında da yerini tapmışdı”, – Gültəkin Hacıbəyli deyib.
Onun sözlərinə görə, indiki siyasət insan haqlarının qayğılandırmadığı mühitə sürükləmək cəhdləridir və bu, ümumi konteskt olsa da, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dan çıxarılmasının da rolu var:
“Nümayəndə heyətimiz təşkilatdan xoşagəlməz tərzdə qovulub, amma bunun günahkarı AŞPA yox, Rəsmi Bakının anti-demokratik siyasəti və avtoritar rejimidir. Ölkədə 300-dən çox siyasi məhbus varsa, seçki institutu məhv edilibsə, bələdiyyə ilə bağlı götürülən öhdəliklər yerinə yetirilmirsə, hansı münasibət olmalıydı? Üstəlik, Frank Şvabenin açıqlaması AŞPA-nın ümumi mövqeyidir və bu gedişlə Azərbaycanın Şuraya qayıtmaq şansının olmadığını bildirib”,-deyə Hacıbəyli əlavə edib.
Gültəkin Hacıbəyli ritorik sual da səsləndirib:
“Normal seçkiyə hazırlaşmayan, əslində, təyinatlı seçkiyə çalışan iqtidar Azərbaycan nümayəndə heyətini çıxaran Şuranı niyə dəvət etməlidir? Çünki bu, hakimiyyətin Qərbdən uzaqlaşma siyasətinə tam uyğundur. Ona görə də aparılan siyasətin tərkib hissəsi olduğundan XİN-nin dəvət məktubu göndərməməsinə təəccüblənmədim”.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı fevralda keçirilən növbədənkənar Prezident seçkisində də AŞPA-ya dəvət göndərilmədiyini yada salaraq əlavə edib ki, problem Rəsmi Bakı ilə Avropa Şurası arasında “soyuqluq”dan yaranıb:
“Azərbaycan hökuməti Xankəndidə ərazi bütövlüyünü bərpa etdiyini bildirəndən sonra AŞPA qətnamələr yaydı, bu isə hökumət tərəfindən qərəzli adlandırıldı. Ardınca prezident seçkisində Avropa Şurasına dəvət göndərilmədi. Belə olduqda, yanvarda nümayəndə heyətinin yenilənməsi prosesi baş tutmadı. İndi də münasibətlər pisdir”.
Bəşir Süleymanlı Azərbaycanın hələ də şuranın üzvü olduğunu qeyd edərək vurğulayıb ki, Avropa strukturları ilə əməkdaşlıq davam etməlidir:
“Çünki müəyyən öhdəliklər var ki, parlament onları ratifikasiya edib. Ona görə də dəvət göndərilməliydi. Təbii ki, seçkilərin qiymətləndirilməsi üçün ciddi qurum ATƏT və sonra AŞPA-dır. Əlbəttə, bu mənzərə münasibətlərin pisləşməsindən xəbər verir. Seçkilərdən sonra yenidən AŞPA-ya nümayəndə heyəti göndərilməlidir, mən indiki münasibətlər baxımından Azərbaycanın mandatının təsdiqlənəcəyini deməkdə çətinlik çəkirəm”.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.