Azərbaycan Miqrasiya Mərkəzi çağırış etdi

İlham Əliyev yeni qanunu imzalayarsa, Konstitusiyanı, içdiyi andı pozacaq

Source:


İlham Əliyev yeni qanunu imzalayarsa, Konstitusiyanı, içdiyi andı pozacaq

“Azərbaycan  Miqrasiya  Mərkəzi” İctimai Birliyinin xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:  “30 may 2014-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna edilən dəyişiklik birinci oxunuşda qəbul edilib. Qanunun 6-cı maddəsinin birinci bəndinin  yəni dogum haqqında şəhadətnamə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərin siyahısından çıxarılıb.

Bu, o deməkdir ki, siz xaricdə  doğulan və doğum haqqında şəhadətnamə ilə təmin olunan uşaqlarınıza Azərbaycan Respublikası vətəndaşının  şəxsiyyət vəsiqəsini alan zaman  indiki vəziyyətlə müqayisədə daha ciddi problemlərlə rastlaşacaqsınız.

Qanunun 10-cu maddəsinə edilən dəyişikliyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu məlumatı verməyən şəxslər üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət müəyyən olunacaq.

12-ci maddədə nəzərdə tutulan dəyişikliyə görə isə, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilməyəcək. Qanundakı dəyişikliyə qədər valideynlərinin vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində doğulmuş hər bir uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilirdi.

Qanunun 18-ci maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası vətəndaşının xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında, yaxud, silahlı qüvvələrində, digər silahlı birləşmələrində könüllü xidmət etməsi halları vətəndaşlığın itirilməsinə səbəb olacaq.

Bu, müstəqil Azərbaycan Respublikasında vətəndaşlıq sahəsində edilən ikinci ciddi dəyişiklikdir. 1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qəbul edilərkən Ermənistandan gəlmiş bütün qaçqınlar Azərbaycan Respublikasının vətəndaşı kimi tanındı. Azərbaycandan Ermənistana gedən ermənilər isə hələ də vətəndaşlıq əldə etməyiblər və qaçqın kimi yaşamaqda davam edirlər. Gürcüstandan həmin zaman Azərbaycana qovulanlar  isə Azərbaycan vətəndaşı kimi tanınmadılar.

Hakimiyyət təmsilçiləri və özünü vətəndaşlıq hüququ sahəsində ekspert hesab edənlər bu qanunu Rusiyadan Azərbaycana gözlənilən təhlükənin qarşısını almaq imkanı kimi dəyərləndirməklə əsaslı yanlışlığa yol verirlər”.

 “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi belə hesab edir ki,  bu layihənin qəbul edilməsi Azərbaycanı təhlükəyə aparır: “Ona görə də səlahiyyət sahiblərini bu yoldan cəkindirməyə calışmalıyıq. Azərbaycan daxilində hakimiyyətə iddialılar demək olar ki, “zərərsizləşdirildikləri” üçün indi növbə ölkədən kənarda yaşayanlara çatmışdır. Çünki xaricdə yaşayanlar arasında təbii ki, gələcəkdə siyasi hakimiyyətə meyillilərin olması istisna olunmur.

 Hakimiyyət növbəti dəfə Rüstəm İbrahimbəyov həyəcanını yaşamaq istəmir. Hətta layihə müəllifləri onu da nəzərə alıblar ki, xaricdə bələdiyyənin hər hansı tədbirində iştirakinizı təsdiq edən adi fotoşəkil belə sizin bələdiyyədə könullu xidmət etdiyinizin subutu olaraq vətəndaşlığınıza  birtərəfli  qaydada  xitam verilməsinə yetərli olacaq.


Əziz həmvətənlər, dəyərli Azərbaycan vətəndaşları!

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü  qoruyacağıma,  xalqa ləyaqətlə xidmət edəcəyimə  and içirəm».

Ölkə Prezidenti Konstitusiyasının 52 və 53 –cü maddələrinə tamamilə zidd olan bu qanunu imzalayacağı təqdirdə içdiyi andı pozmuş olacaq.

Bu qanun qüvvəyə minməsi, Sizin əsasız olaraq vətəndaşlıqdan məhrum edilmənizə yol açacaq. Bununla da Siz cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququndan (maddı 54), dövlətin idarə olunmasında iştirak etmək hüququndan (maddə 55), özünüz və övladlarınızın dövlət orqanlarında qulluq etmək imkanından məhrum olunacaq, dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnuzu (maddə 56) itirəcəksiniz. Umumilikdə, bu qanun 1,5 milyondan çox Azərbaycan Respublikası vətəndaşının vəziyyətini ağırlaşdıracaq.

 “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi inanır ki, mövcud hakimiyyətdə təmsil olunanlar arasında da qanunun bu müddəaları ilə razı olmayanlar var, lakin onlar vəzifələrini qorumaq xatirinə susurlar.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq hər birinizi ölkə Prezidentinə qanunu imza etməmək, deputatlara isə bu qanuna səs verməməklə bağlı cağırış etməyə səsləyirik.

Milli Məclisin saytına


http://www.meclis.gov.az/?/az/law/700#comment


girməklə layihəyəyə münasibət  bildirməniz də əhəmiyyətli hesab edirik!

Ana səhifəXəbərlərAzərbaycan Miqrasiya Mərkəzi çağırış etdi