Azərbaycan millisinin böyük hesabla məğlub olmasına bir daha şahid olduq. Millinin Xorvatiya ilə oyunda 6:0 hesabı ilə məğlub olması baş məşqçi Berti Foqsun istefası ilə nəticələndi. Ümumiyyətlə Azərbaycanda niyə futbol inkişaf etmir? Ayrılan milyonlarla vəsait hara xərclənir?
Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov hesab edir ki, problem bir neçə istiqamətdə var. Birincisi uşaq futboluna çox az diqqət edilir. Futbolçuların məşq etdiyi sahənin təbii və ya süni ot örtüyü olması da məsələnin ayrıca bir tərəfidir.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün isə hesab edir ki, uşaq futbolunda problem olsa da əsas problem rəhbərlikdədir. “Biz 20 il əvvəl də bu hesablarla uduzurduq” deyən baş redaktor bu gün də Xorvatiyaya 6:0 uduzmağımızı biyabırçılıq hesab edərək, AFFAnı günahkar hesab edir.
Rəşad Ergün onu da qeyd edir ki, millimizin Almaniyada təlim məşq toplantısı keçirməsi mənasızdır. Axı milyonlar xərc çəkilərək tikilmiş və demək olar ki, hər rayonda Olimpiya kompleksləri varsa niyə Almaniyaya gedilməlidir?
Keçmiş baş məşqçi klubların azlığının da problemlərdən başlıcası olduğunu deyir. Belə ki, milli komandada 5 azərbaycanlı 6 xarici vətəndaşın oyuna qatılması mümkündürsə, 10 klub arasından 20 nəfəri seçmək çox çətindir. Rəşad Ergün isə deyir ki, bir-iki il əvvəl Foksun ideal məşqçi olduğunu deyənlər bu gün onu tənqid edir.” Halbu ki, biz bir neçə oyundan sonra onun heç də uğurlu olmadığını bildirmişdik” deyə əlavə edir baş redaktor.
Müxtəlif mənbələrə görə millimizin Almaniyadakı son təlim məşq toplanışına 500 min manat vəsait xərclənib. Mətbuatda isə Almaniyada Berti Foksun qardaşının otelinin olduğu və millimizin həmin otellərdə yerləşdirildiyi qeyd olunur. 2008-ci ildən Foksa 20 milyon manat xərclənib.