Sərhədsiz Reportyorlar: “Əli Həsənovdan sonra yaranan ümid puça çıxıb”
Beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı dünyada söz və KİV azadlığının vəziyyətini qiymətləndirən “Dünyada mətbuat azadlığı indeksi”ni dərc edib.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan vəziyyəti təhlil edilmiş 180 ölkə arasında 168-ci yerdədir. Azərbaycan ötən ilki mövqeyini daha pisləşdirib. 2019-cu ilin hesabatında ölkə 166-cl yerdə idi.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, 2019-cu ilin sonlarında KİV-in “baş senzoru” hesab olunan prezidentin müşaviri Əli Həsənovun vəzifədən azad edilməsindən və böyük islahatlar haqqında bəyanatlardan sonra yaranmış ümidlər 2020-ci ilin əvvəllərindəcə puça çıxıb.
“Həmin vaxt seçkilərdə saxtakarlıqları və müxalifətin mitinqlərini işıqlandıran jurnalistlərin təqibi dalğası başlayıb. Əsas müstəqil xəbər saytları bloklanıb. Mühacirətdəki jurnalistləri susdurmaq üçün hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir. Bundan başqa, hakimiyyət Gürcüstanda və Ukraynada Azərbaycanlı jurnalistləri həbs edir və Fransada jurnalistlərə qarşı iddia qaldırır. Ölkə prezidenti 2014-cü ildən etibarən qalan tənqidçilərə qarşı amansız mübarizə aparır. Müstəqil jurnalistlər və blogerlər şantaja və ya rüşvətə boyun əymədikdə əsassız ittihamlarla həbs edilir”, deyə hesabatın Azərbaycan haqqında hissəsində bildirilir”, – hesabatda deyilir.