Azərbaycan MDB-dən çıxmalıdırmı?

Demokratik inkişaf yolu seçmiş ölkələr artıq Rusiya ilə bir ittifaqda deyillər və ondan uzaqlaşmaq yolunu tutublar

Source:

Türkiyədə baş verən terror aktları “Azərbaycanda da eyni proseslər yaşana bilərmi” sualını aktuallaşdırır. Təhlillər onu deməyə əsas verir ki, Azərbaycanın həm təhlükəsizliklə, həm də gələcək inkişaf istiqaməti ilə bağlı çox ciddi problemləri var. Hədəf Gürcüstan və Azərbaycan seçilə bilər. Məsələ ondadır ki, Gürcüstan öz problemlərini görür və Rusiyadan uzaqlaşmaq xəttini tutur. Azərbaycan isə hələ də şimal qonşusuna etibar edir və onunla yaxşı münasibətlər saxlamağa cəhd göstərir. Ukrayna və Gürcüstanla ən çox ittifaqda olan digər Cənubi Qafqaz ölkəsi Azərbaycandır. Rusiyanın hikkəsinə cavab olaraq, Azərbaycanın MDB-dən çıxmaq fikri yoxdur. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan MDB-yə 1993-cü ildə, Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra üzv olub. Elə bu səbəbdən, hakim partiyanın MDB-yə münasibətinin kəskin şəkildə dəyişəcəyini gözləmək az ehtimal olunan hadisədir. Amma reallıqda bu münasibətləri yaxşı hesab etmək olarmı?

Belə bir vəziyyətdə ortaya sual çıxır: Azərbaycan üçün Qərblə münasibətlər daha önəmlidir, yoxsa Rusiya ilə? Bəlkə enerji dəhlizi üçün daha etibarlı təminatlar axtarmaq vaxtıdır? Azərbaycan da Gürcüstanla birlikdə NATO-ya üzv qəbul olunmağa cəhd etsə, bu təminatlar daha da arta bilər. Çünki yalnız NATO bölgədə həqiqi təhlükəsizliyi və sabitliyi təmin etmək iqtidarındadır. Rusiya ilə ittifaq faydalıdırsa, nəyə görə Baltikyanı ölkələr buna can atmırlar? Nəyə görə Polşa öz ərazisində Rusiyanın deyil, ABŞ-ın raket hücumundan müdafiə sistemlərini yerləşdirir? Məgər onlar dünyadakı güc balansını və ən effektiv təhlükəsizlik sistemini real qiymətləndirə bilmirlər? MDB çoxdan özünü tükəndirib.Yarandığı vaxtdan səmərəsiz sistem kimi formalaşan bu birlik indi daha çox avtoritar rejimlərin ittifaqına çevrilib. Azərbaycan birliyi tərk edərsə, bu çalar özünü daha çox təzahür etdirə bilər.

Demokratik inkişaf yolu seçmiş ölkələr artıq Rusiya ilə bir ittifaqda deyillər və ondan uzaqlaşmaq yolunu tutublar.

Ən böyük miflərdən biri də budur ki, Rusiya ilə münasibətlər Azərbaycana Qarabağ problemində yardımçı olur. Həqiqətdə belədirmi? BMT-də səsvermə zamanı Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməmişdi, baxmayaraq ki, başqa vaxt sözdə həmişə bunun əksini iddia edir. Üstəlik, Ukraynadakı hadisələr bir daha göstərdi ki, Rusiya MDB ərazisindəki separatçı rejimləri müdafiə edir. Və nə qədər ki, Rusiyanın bölgədəki təsiri dominant olacaq, ərazisində münaqişə zonaları olan ölkələrin öz ərazi bütövlüyünü təmin etmək, lazım gələrsə, bunun üçün hərbi gücdən istifadə etmək niyyətləri bir arzu olaraq qalacaq. Hətta Rusiya Ukraynanı öz ərazisində belə təcavüzkar elan etdi. Ən azı, bu detal düşünmək və nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, Gürcüstan NATO-ya daxil olandan sonra Azərbaycan istəsə də, istəməsə də Şimal Alyansı ilə həmsərhəd olacaq. Görəsən indi seçim etmək iqtidarında olmayan ölkə seçimin labüd olacağı zaman hansı qərarı verəcək? Hazırkı şəraitdə Qərb müttəfiqlərinin, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, görə biləcəkləri çox iş var. Digər tərəfdən isə bu, Rusiyanı birbaşa hərbi güclə hədələməyin bir addımıdır. Yəni NATO münaqişələrin həllinə döyüş baxımından yox, diplomatik baxımdan qoşulub. Rusiyanın Ukraynanı işğalı keşmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda güc balansını dəyişir. Rusiya qoşunları Krımı işğal etməklə, yalnız Ukraynanı deyil, həm də Azərbaycanı və Ermənistanı hədələyir.

Bu, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında müharibə başa çatdıqdan sonra hadisələrin ən pis hərbi inkişafıdır. Dünya bu məsələyə çox ciddi yanaşır. Dirçələn Rusiya yalnız Ukrayna üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün, habelә Avropa üçün təhlükədir…

Ana səhifəAnalitikaAzərbaycan MDB-dən çıxmalıdırmı?