Azərbaycan Masis Mayilyanın səfərinə görə Amerikaya nota verəcək

Rauf Mirqədirov bildirib ki, Azərbaycan daha çox Dağlıq Qarabağ separatçılarının Senatda, Konqresdə, Departamentdə kimlər tərəfindən qəbul edildiyini araşdırmalıdır

Foto: XİN


Rauf Mirqədirov: “Əgər səfərlər rəsmi olsaydı, ermənilər Ağ Evdə qəbul olunsaydı, narahat olmaq olardı”

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində yaradılmış tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsi Masis Mayilyanın Amerikaya səfəri rəsmi Bakının qəzəbinə səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın ABŞ-dakı Səfirliyi vasitəsilə etirazını Dövlət Departamentinə çatdırıb.

XİN-in mətbuat katibi Leyla Abdullayeva yaydığı məlumatda bildirir ki, həmçinin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazları çatdırılıb:

"Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinə etirazını bildirəcək".

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Dağlıq Qarabağ erməniləri ABŞ-a Ermənistan pasportu ilə gedirlər. Bu halda onlara viza verilməsindən söhbət gedə bilməz:

“İkinci, bu cür səfərlər vaxtaşırı olur və onları əksər hallarda Amerikaya bu ölkədəki erməni lobbisi dəvət edir. Yəni rəsmi xarakter daşımır”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov bildirib ki, Azərbaycan daha çox Dağlıq Qarabağ separatçılarının Senatda, Konqresdə, Departamentdə kimlər tərəfindən qəbul edildiyini araşdırmalıdır:

“Ümumiyyətlə, onların ermənipərəst senatorlar və konqresmenlərilə görüşmək çox asandır. Amerika qanunvericiliyi buna qadağa qoymayıb və konqresmən, senatorlar cəmiyyət üçün çox açıqdır. Nəhayət, bu cür səfərləri çox şişirtmək lazım deyil. Əgər səfərlər rəsmi olsaydı, onlar Ağ Evdə qəbul olunsaydı, narahat olmaq olardı. Ən əsası uydurma soyqırım barədə qətnamə ilə Dağlıq Qarabağ erməniləri arasında əlaqə yaratmaq düzgün deyil”.

Ana səhifəSiyasətAzərbaycan Masis Mayilyanın səfərinə görə Amerikaya nota verəcək