Azərbaycan İpoteka Fondu” ASC yaradılır

Qubad İbadoğlu: “Bu il ərzində ipoteka bazarında ciddi dəyişikliklər gözlənilmir. Çünki bu başlangıcdır , məsələlərin aydın olması üşün 3 aya qədər gözləməliyik”

Source:


Qubad İbadoğlu: “Bu il ərzində ipoteka bazarında ciddi dəyişikliklər gözlənilmir. Çünki bu başlangıcdır , məsələlərin aydın  olması üşün 3 aya qədər gözləməliyik”

Dövlət başçısı İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb

Fərmanda qeyd olunur ki, son illər mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

Cəmiyyət Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Fərmanla müəyyən edilir ki, Cəmiyyət Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir; Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır; Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir; 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.

Nazirlər Kabinetinə Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Azərbaycan Mərkəzi Bankı Cəmiyyətin yaradılması ilə əlaqədar müvafiq təhvil-təslim işlərini bir ay müddətində həyata keçirməli; Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Prezidentin fərmanını Meydan TV-yə şərh edən iqtisadçı Qubad İbadoğlu hesab edir ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman bu Fondun müstəqilliyini  artırdı: “Bundan sonra Fond  Mərkəzi Bankın nəzdində fəaliyyət göstərməyəcək.  Fondun səhmdarlarının  növbəti yığıncağında onun  fəaliyyət istiqamətləri daha da dəqiqləşəcək.   Səhmdar Cəmiyyətinə çevrilmə ipoteka Fondunun  tikinti biznesi və digər vacib institutlarla əlaqələrinin genişlənməsi imkanlarını artıracaq.  Fondun sərbəst fəaliyyəti həmçinin bu bazara yeni institutsional investorların cəlbi sahəsində də dəyişikliklərə gətirib çıxaracaq. Düşünürəm ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti  bu il ərzində  formalaşma dövrünü yaşayacaq və gələn ildən  fəaliyyətə başlayaca biləcək”.

Amma İbadoğlu onu da bildirdi ki, bu il ərzində ipoteka bazarında ciddi dəyişikliklər gözlənilmir. Çünki bu başlangıcdır , məsələlərin aydın  olması üşün 3 aya qədər gözləməliyik.

Ana səhifəXəbərlərAzərbaycan İpoteka Fondu” ASC yaradılır