“Göstərişlərin qanundan yüksək olduğu ölkənin hüquq sistemi çökmüş deməkdir”
Sərhədsiz Reportyorlar Təşkilatı dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Siyahıda Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Ermənistan 74, Gürcüstan isə 64-cü yerdədir. Diqqət çəkən məqam Türkiyənin 151-ci yerdə qərarlaşaraq Tacikistan və Konqoyla yanaşı olmasıdır. Rusiya isə 148-ci yerdə qərarlaşmaqla Türkiyə və Azərbaycanı qabaqlayıb.
Azərbaycanın sonuncu sıralarda olmasına səbəb nədir?
Media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Azərbaycanın nə səbəbə axırıncı sıralarda olmasına aydınlıq gətirdi. Bildirdi ki, 163-cü yer vəziyyətin həqiqətən də ağır olmasından xəbər verir:
“Sonuncu əfv fərmanına qədər 15 jurnalist və blogger həbsdə idi. Onlardan 4 nəfər azad edildi. 11 nəfər hələ də həbsdədir. Müstəqil jurnalistlərə ölkədən çıxma qadağası qoyulub, media qurumlar qapadılıb. Mətbuat azadlığı reytinqinə görə Azərbaycan Belorusdan da aşağı yerdədir. Belarusu ona görə misal çəkirəm ki, həmin ölkə media baxımından çox aşağı səviyyədədir”.
Qapadılan media qurumları, həbs edilən, qadağa qoyulan jurnalistlər
Media Hüququ İnstitutu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qapadılıb, Azadlıq Radiosunun Bakı bürosunun ofisi möhürlənib, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Meydan TV-nin “vəzifəli şəxsləri”nə qarşı CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkalkıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılır. Müstəqil jurnalistlərdən Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Tire, Elnur Muxtar, Aytən Fərhadova, Gülər Mehdizadə, İzolda Ağayeva və başqalarının ölkədən çıxışına məhdudiyyət qoyulub.
“Başlanan cinayət işləri, həbslər, qadağalar – bunlar hamısı mahiyyət etibarilə hüquqdankənar yanaşmalardır”
Ələsgər Məmmədli deyir ki, 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı başladılan cinayət işi həm beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, həm QHT-lərə, həm də mediaya aid idi: “Bundan sonra maraqlı bir tendensiya yarandı. Hüquqi əsas, məhkəmə qərarı olmadan insanların ölkədən çıxışına qadağalar qoyuldu, jurnalistləri gömrükdə saxlayıb xüsusi yoxlamağa başladılar. Bunlar xüsusən 2014-cü ilin aprel ayında açılan cinayət işindən sonra baş verdi. 2014-cü ilə qədər belə olaylar olmamışdı. Təəssüf ki, bu proses hələ də davam edir. Yenə də bu cür diskriminasiyaya məruz qalan jurnalistlərimiz var. Bütün bunlar qanun çərçivəsində baş vermir. Başlanan cinayət işləri, həbslər, qadağalar – bunlar hamısı mahiyyət etibarilə hüquqdan kənar yanaşmalardır. Artıq bu kimi şeylər adiləşib. Bizdə göstərişlər qanundan yüksəkdədir. Belə bir ölkənin hüquq sistemi artıq çökmüş deməkdir”.
“Jurnalistlərdə Miqrasiya Məcəlləsində göstərilən məhdudiyyət hallarının heç biri yoxdur”
Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını boyunlarına almırdılar. Göndərilən sorğulara cavab gəlmirdi. Son bir ayda qoyulan qadağalar dövlət tərəfindən inkar edilmir. Məsələn, jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun yazdığı cavabda deyilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.
Hüquqşünas Müzəffər Baxışov deyir ki, bu məsələlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Yalnız Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin tələblərinə görə, bəzi istisna hallarda vətəndaşın ölkəni tərk etmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər:
“Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinə görə vətəndaşın ölkədən getmək hüququ yalnız barəsində hər hansı qətimkan tədbiri olarsa, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, şərti məhkum edildikdə, hərbi xidmətə çağırıldıqda, məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra etmədiyi halda, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyula bilər”.
“Azərbaycan hüquqa söykənən dövlət deyil”
Hüquqşünas son zamanlar jurnalistlərə qoyulan qadağa ilə bağlı oxuyub. Deyir, həmin qadağaların əksəriyyəti qanunsuzdur. İstintaqa şahid qismində cəlb edilən birinə qadağa qoyula bilməz: “Həmin jurnalistlərin içində, ümumiyyətlə, istintaqa cəlb edilməyənlər də var. Onlarla bağlı Miqrasiya Məcəlləsində göstərilən məhdudiyyət hallarının heç biri yoxdur. Ona görə də məlumat-axtarış sistemlərinə daxil edilən bu qadağalar qanunsuzdur. Bütün bunlar Azərbaycanın hüquqa söykənən dövlət olmadığını bir daha təsdiqləyir. Nəticədə, hüquq-mühafizə orqanları istədikləri kimi qanunsuz hərəkətlərə yol verirlər”.
Meydan TV İnternet-resursa qarşı cinayət işi başlanıb və bu iş üzrə 15 jurnalistin adı keçir.