Azərbaycan hökumətinə yanvarın 19-na kimi vaxt verilib

Avropa Məhkəməsi 2013-cü il mitinqlərində saxlanılanların işi üzrə kommunikasiyaya başlayıb

Source:


Avropa Məhkəməsi 2013-cü il mitinqlərində saxlanılanların işi üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ilin yanvar-mart aylarında Bakıda keçirilən dinc toplantılarda iştirakına görə tutulan və məhkəmə qərarları ilə cərimələnən 10 nəfərin şikayəti üzrə kommunikasiyalara start verib.

Bu barədə məlumat “Turan İA”-a Hüquq Maarifçiliyi Cəmiyyətindən daxil olub. HMC rəhbəri İntiqam Əliyev ictimai fəallar Aqil Əliyevin, Nərgiz Yaqublunun və Ramin Hacılının hüquqlarını müdafiə edir.

Bundan başqa, Avropa Məhkəməsində Xədicə İsmayılova, Səxavət Mehdiyev, Azər Sadıqov, Osman Əhmədov, Cəmil Hacıyev, Gözəl Bayramlı və Cavid Qarayevin də şikayətləri üzrə kommunikasiyalara da start verilib.

Şikayətçilər bu il yanvarın 12-si və 26-sı və martın 10-da rəsmi icazə verilməyən dinc xarakterli toplantılarda iştiraklarına görə polis tərəfindən saxlanıblar. Onların barəsində inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə veriliblər.

İddiaçılar öz ərizələrində bildiriblər ki, saxlanma səbəbləri barədə dərhal məlumatlandırılmayıblar. Bundan başqa, onlara imkan yaradılmayıb ki, yaxınlarına tutulmaları barədə məlumat versinlər. Şikayətçilər ərizələrində göstəriblər ki, onlara vəkil xidmətindən istifadə imkanı yaradılmayıb, öz müdafiəsini hazırlamaq üçün məhkəmə qarşısında yetərincə vaxt verilməyib.

İddiaçılar məhkəmədə şahid qismində yalnız polis əməkdaşlarının dəvət edilib dindirilməsini də hüquqlarının pozulması kimi qiymətləndiriblər.

Vəkillərin Avropa Məhkəməsinə ünvanladıqları ərizələrdə şikayətçilərin Konvensiyanın 11-ci maddəsi (toplaşmaq azadlığı) ilə yanaşı, 5-ci (qanunsuz həbs olunmamaq) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozuntusu da qaldırılıb. Şikayətlərdə toplantılarda tutulan şəxslərin tutulmalarının səbəbləri barədə dərhal məlumatlandırılmamaları, qohumların və yaxınlarına tutulmaları barədə məlumat vermə, vəkilin xidmətlərindən istifadə imkanının yaradılmaması, öz müdafiəsini hazırlamaq üçün məhkəmə qarşısında yetərincə zamana malik olmamaları, məhkəmədə şahid qismində yalnız polis əməkdaşlarının dəvət edilib dindirilmələri, məhkəmənin açıqlığı hüququnun dövlətin toplaşmaq azadlığına müdaxiləsinin legitim məqsədlər güdməsi və demokratik cəmiyyətdə zəruri olması tələbinə cavab verməsi barədə tələbin pozuntusunu qaldırıblar.

Avropa Məhkəməsi Azərbaycan hökumətinə sualları cavablandırmaq üçün yanvarın 19-na kimi vaxt verib.

Ana səhifəXəbərlərAzərbaycan hökumətinə yanvarın 19-na kimi vaxt verilib