Azərbaycan hökuməti pozulmuş hüquqlara görə 80 min avrodan çox təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 5 qərardad çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 30-da Azərbaycandan göndərilmiş 28 ərizə üzrə 5 qərardad qəbul edib.

Qərardadların 4-ü dostca anlaşmalar, 2-si isə hökumətin təktərəfli bəyannaməsi əsasında çıxarılıb.

Rövşən Məmmədli və Azər Kazımzadə Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilər barəsindəki inzibati icraatın ədalətli olmaması iddiaları ilə bağlı olub.

Ərizəçilər məhkəmə qarşısında ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu qaldırıb.

Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün AİHM ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görə ümumilikdə 1200 avro ödəməlidir.

Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı” – məhkəmə işi 18 ərizəçinin sərbəst toplaşmaq hüquqularından yararlanmalarına qeyri-mütənasib müdaxilələrin edilməsi, müvafiq icraatların ədalətsizliyi iddiaları ilə bağlı idi.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11-ci və 6-cı maddələrinin pozuntusunu qaldırıb.

Bu işdə də tərəflər dostca anlaşıblar.

Anlaşmaya əsasən, hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.

(Bu iş üzrə ərizəçilər: Cabbar Savalanlı, Rəcəb Hüseynli, Əziz Qəhrəmanov, Faiq Naqiyev, Bəşir Tarverdiyev, Hikmət Əliyev, Tahir Ağayev, Abdulla Mahmudov, Vidadi Quliyev, Orxan Baxışlı, Ayaz Qasımov, Əliağa Məmmədov, Baba Süleymanov, Aqil Məhərrəmov, İsmayıl Həsənov, Ruslan Nəsirov, Yalçın Abdullayev və Saqif Qurbanov olub)

“Hikmət Səmədov və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.

Tərəflər kommunikasiya mərhələsində dostca anlaşıb.

Anlaşmaya görə, hökumət 4 ərizəçinin (Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov) hər birinə 3600, 1 ərizəçiyə (Ramiz Rzayev) 1500, 1 ərizəçiyə (Rahib Məmmədov) 3000 avro ödəyəcək.

Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.

“Rahim Şaliyev Azərbaycana qarşı” – məhkəmə işi də inzibati məhkəmə icraatının qanunsuzluğu iddiaları ilə bağlı olub.

Tərəflərin dostca analaşma müzakirələri uğurlu olmayıb.

Hökumət ərizəçiyə qarşı pozuntuya yol verildiyi etiraf edərək məhkəməyə təktərəfli bəyannamə təqdim edib.

AİHM həmin bəyannaməni nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

Qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1250 avro ödəməlidir.

“Ərəstun Baxşəliyev Azərbaycana qarşı” – ərizədə də toplaşmaq hüququna müdaxilənin qanunsuzluğu, məhkəmə icraatının ədalətsizliyi məsələsi qaldırılıb.

Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları tanıdığını ifadə edən təktərəfli bəyannamə təqdim edib.

Məhkəmə həmin bəyannaməni diqqətə alıb.

Qərardada əsasən, hökumət ərizəçiyə 2850 avro ödəyəcək.

Ana səhifəSiyasətAzərbaycan hökuməti pozulmuş hüquqlara görə 80 min avrodan çox təzminat ödəyəcək